İran Azərbaycanda gərginlik yaratmağa çalışır – NƏ ETMƏLİ?

0
338

İran Azərbaycana qarşı destruktiv siyasətini məshəbçi cihad sferasına keçirib. Bir müddət öncə bir qrup şəxsin Azərbaycanın Tehrandakı səfirliyi qarşısında keçirdiyi etiraz aksiyası da, son günlər paytaxtın fərqli məkanlarında aksiya təşkil etmək cəhdləri də bunu təsdiqləyir.

Təəssüf ki, Tehran rejiminin “Cənubi Qafqaz masası”nın siyasi avantüra proyektlərinə cəlb olunan dini inanclı Azərbaycan vətəndaşları hansı prosesin içərisində olduqlarının fərqində deyillər. Səsləndirdikləri şüar və tələblər isə eynidir: “Allahı niyə təhqir edirlər?”, “Taleh Bağırzadəyə azadlıq!”.

Tehran rejiminin sərgilədiyi ideoloji konsepsiyalara inanaraq, dövlətə qarşı çıxan bu şəxslər təəssüf ki, Taleh Bağırzadə kimi İran agentlərini qəhrəman sayırlar. Reallıq isə ondan ibarətdir ki, həm “Müsəlman Birliyi Hərəkatı”, həm də rəhbəri Taleh Bağırzadə birbaşa İrana bağlıdır.

İran nə istəyir?

İranın Azərbaycana qarşı sərgilədiyi destruktiv siyasət və məzhəbçi cihad əslində heç də yenilik deyil. Azərbaycan müstəqilliyini qazandığı gündən etibarən faktiki olaraq İranın hədəfindədir.

İran molla rejimi Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları bu gün Azərbaycanda da tətbiq etmək istəyir və bu istiqamətdə ölkə daxilində sosial, ictimai və siyasi sferada genişmiqyaslı təbliğat sistemlərini gücləndirməyə çalışır.

2013-cü ildə həbsdən çıxan kimi İran ayətullahlarının “xeyir-duası” ilə “Müsəlman Birliyi Hərəkatı”nı yaradan Taleh Bağırzadə daha sonra məscidlərdə görüşlər keçirərək mövhumatçı dindarları öz tərəfinə çəkməyə cəhd etdi. O, bu yolla hakimiyyətə gəlməyi və konstitusion quruluşu dəyişməyi hədəfləyirdi. Təsadüfi deyil ki, 2016-cı ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun araşdırmaları nəticəsində bəlli oldu ki, T. Bağırzadə 68 nəfər tərəfdarı ilə demokratik dövlət modelini dəyişmək və şəriət qanunları ilə idarə olunan rejim qurmağı hədəf seçib. Bu məqsədlə o, hətta gizli silahlı qruplar da yaradıb. Bu mənzərə eynilə Tehran rejimi tərəfindən idarə olunan Yaxın Şərq ölkələrindəki radikal cərəyanların taktikasının təkrarı idi.

Prinsip etibarilə, İran bu gün də həbsdə olan T. Bağırzadə üzərindən öz çirkin siyasətini davam etdirir. İranın Azərbaycana qarşı ənənəvi siyasətinin daha da aqressivləşdirməsinin əsas səbəbi isə heç şübhəsiz, 44 günlük müharibənin qələbəmizlə nəticələnməsi və Azəbaycanın bölgədə güclənərək nüfuz sahibinə çevrilməsi, üstəlik, Türkiyə və Pakistanın Azərbaycanın yanında olması, İsrailin dost münasibətləridir. Təbii ki, bütün bunlar İranı qıcıqlandırmaya bilməzdi.

Artıq Cənubi Qafqazda söz sahibi olmadığını görən molla rejimi Azərbaycanı özü üçün potensial təhlükə hesab edir. Məhz buna görə də bizim maraqlarımızın əleyhinə getməklə mövcud situasiyanı öz xeyrinə dəyişmək istəyir. “Allahın təhqir edilməsi” məsələsi isə Tehranın əlini gücləndirmək üçün formalaşdırdığı uydurma bir informasiyadan başqa heç nə deyil.

Mollaların “feminist bacıları”

İran son günlər Azərbaycana qarşı xüsusilə dini inanclı, başıbağlı, çadralı qadınların iştirakı ilə aksiyalar təşkil etməyə çalışır. Belə aksiyalardan birinə isə ötən gün cəhd edildi. Yenə eyni irad: Allahı niyə təhqir edirlər?

Aydın məsələdir ki, İran Azərbaycanı daim qorxu altında saxlamağı, onun maraqlarına uyğun siyasət aparmağımızı istəyir. Bunun üçün isə qadın, uşaq, qoca fərq etmədən bütün resurslarından istifadə etməyə hazırdır. İnsanların imanı ilə manipulya edən, bu istiqamətdə qadınları belə önə atan molla rejimi bir daha göstərir ki, onun “ali” maraqları naminə edə bilməyəcəyi şey yoxdur.

Bakı Cənubi Azərbaycan kartından istifadə edəcəkmi?

İranın məzhəb siyasətinə qarşı rəsmi Bakının Cənubi Azərbaycan məsələsini qaldırmalı olduğunu təklif edənlər var. Hesab edirəm, bu doğru yanaşma deyil.

Birincisi, Azərbaycan heç bir ölkənin ərazisinə iddia etmir və bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır. Yəni belə bir şey bizim özümüz üçün əks-təsir doğura bilər.

İkincisi, Azərbaycan təkcə 10 milyon azərbaycanlının deyil, həm də 40 milyondan çox cənublu soydaşımızın vətənidir. Bu gün Cənubi Azərbaycanın şimalın dəstəyini istəməsi hər kəsə bəllidir. Ancaq güneydə soydaşlarımızın ayağa qalxmamasının səbəbi də Azərbaycan dövlətidir. Rəsmi Bakı heç vaxt Tehranın təxribatçı siyasətinə cavab olaraq cənublu soydaşlarının qanının axmasına yol verə bilməz. İranın bu siyasətinə qarşı bu gün Cənubi Azərbaycan kartından istifadə etsək, bu, İranın dini inanclı şəxslər üzərindən apardığı siyasətdən fərqlənməz.

Bununla belə, Cənubi Azərbaycan gec-tez öz müqəddəratını özü təyin edəcək. İran rəsmi Bakıya qarşı məzhəbçi destruktiv siyasətini davam etdirsə, bu proses gözləniləndən də tez olacaq. Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsinə isə şübhəsiz Azərbaycan səssiz qalmayacaq.

Turan RZAYEV

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin