İran Azərbaycan qarşısında geri çəkildi? – “SEPAH-a bağlı olan media quruluşları…”

0
59
İranın ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında mətbuatda bəyanatla çıxış edib.

O, çıxışında Azərbaycan və İranın ortaq tarixi irsə və adət-ənənələrə malik olduğunu qeyd edib, Azərbaycan Respublikasının xalqını “gözümüzün işığı” adlandırıb.

Vilayəti eyni zamanda son günlərdə bəzilərinin qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayilər yaydığını deyib.

Qeyd edək ki, bir neçə gün əvvələ qədər İran rəsmiləri Azərbaycana qarşı qərəzli fikirlər səsləndirir, ittihamlarla çıxış edirdi. Bu da iki ölkə arasında ciddi narazılıqlara səbəb yaradırdı. İranın Azərbaycana qarşı bu gedişi, eyni zamanda işğalçı Ermənistana verdiyi dəstək rəsmi Bakının haqlı etirazları ilə müşahidə olunurdu.

Bu fonda İranın ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin son bəyanatını geriyə atılan addım kimi dəyərləndirmək olarmı? DİA.AZ-ın məlumatına görə, politoloq Tural İsmayılov mövzu ilə bağlı Cebhe.info-ya danışarkən deyib ki, münasibətlərin gərginləşməsində səbəbkar İrandır:

“Azərbaycan hər zaman İranla münasibətlərin müsbət dinamikada olmasında maraqlıdır. Buna baxmayaraq, Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə, 44 günlük müharibə zamanı və postmüharibə dövründə İran ictimai fikrində, siyasi mövqeyində və mediasında daim Azərbaycanın və Türkiyənin gözdən salınması ilə bağlı təbliğat aparılır.

İranda Azərbaycana qarşı informasiya müharibəsi bir gün olsa belə, dayanmayıb. Eyni zamanda Zəngəzur dəhlizinin açılması perspektivinə qarşı İranın Ermənistandan daha çox canfəşanlıq etməsi, İranın islam mədəniyyətinə qarşı vandalizm törədən Ermənistanla əlaqələrini möhkəmləndirməsi, özünə qardaş hesab etməsi, Qafanda konsulluq açması İranın nə qədər qeyri-səmimi siyasi xətt tutduğunu ortaya qoyur. Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi isə heç də mehriban qonşuluq siyasətinə xidmət etmir.

Bu baxımdan İranın Azərbaycana qarşı atdığı addımlardan sonra sonuncu mesajlarını təqdirəlayiq hesab etsəm də, Vilayətinin bütövlükdə İran siyasətini təmsil etdiyini düşünmürəm. Bu gün də SEPAH-a bağlı olan media quruluşlarında Azərbaycan əleyhinə kampaniya aparılır. Hesab edirəm ki, Azərbaycan bu gün İrana layiq olduğu cavabı verir və bunun qarşısında İran geri çəkilir. Bunun nemunəsini də Vilayətinin açıqlamasında görə bilirik. Bütün bunlara baxmayaraq, İranın Azərbaycana qarşı informasiya savaşına hər zaman hazır olmalıyıq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin