İran-Azərbaycan gərginliyi Moskvaya “keçdi”

0
62

Aydındır ki, Rusiya bu konfliktin böyüməsindən heç nə qazana bilməz, artan gərginliyə səbəb kimi İsrailin adının hallanması isə…

Rusiya və İranın xarici işlər nazirlərinin Moskvadakı görüşlərində səslənən fikirlər gündəmin əsas mövzularından birinə çevrilib.

“Biz burada (regionda) hərbi aktivliyin artırılmasına, təxribatçı təlimlərə qarşıyıq. İranlı dostlarımızın bugünlərdə sərhəd yaxınlığında keçirdiyi təlimlərlə bağlı Azərbaycanın da ifadə etdiyi narahatlıqlar mövcuddur”, – Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

İranlı nazir Əmir Abdullahiyan yenə də “biz regionda geosiyasi vəziyyətin dəyişməsini və sionistlərin mövcudluğunu qəbul etməyəcəyik”, – deyə bildirib. “Azərbaycanın xarici qüvvələrlə daimi hərbi təlimləri təxribatdır”, – Abdullahiyan deyib. Bu qarışıq ifadədən belə nəticə çıxarmaq olar ki, İran Azərbaycana münasibətdə öz mövqeyində qalır və onu dəyişmək niyyətində deyil. İranlı jurnalistlərdən biri Lavrovdan Rusiyanın Azərbaycanın “təxribatları”na, Bakının “Türkiyə və Pakistanın timsalında xarici qüvvələri regiona gətirmək və Xəzərdə xarici qüvvələrin iştirakını hazırlamaq” cəhdlərinə münasibəti barədə soruşub. Lavrov birbaşa cavabdan yayınıb, amma qeyd edib ki, Rusiya kommunikasiyaların açılmasına tərəfdardır, İran da daxil olmaqla, hamı bundan faydalanacaq.

O, həmçinin deyib ki, Rusiya regiona xarici müdaxilənin, gərginliyin artmasının və hərbi təlimlərin əleyhinədir.

“Azərbaycan da bu yaxınlarda İranın sərhəddə keçirdiyi hərbi təlimlərlə bağlı narahatlığını bildirib”, – Lavrov qeyd edib. Xəzərə gəlincə, onun hüquqi statusu xarici hərbi iştirakı qadağan edir. Lakin bu status son Xəzəryanı ölkə, yəni İran konvensiyanı ratifikasiya etdiyi zaman qüvvəyə minə bilər. Öz növbəsində, Abdullahiyan deyib ki, İran ancaq bir dəfə təlim keçirib, Azərbaycan isə xarici qüvvələrlə altı təlim keçirib. O, bunu “təxribat” kimi qiymətləndirib.

Regionda gərginliyin artması fonunda İranın xarici işlər nazirinin Moskvaya səfəri diqqət çəkir. Aydındır ki, Rusiya bu konfliktin böyüməsindən heç nə qazana bilməz. Artan gərginliyə səbəb kimi İsrailin adının hallanması da Moskva üçün arzuedilən deyil. Çünki Moskvanın İsraillə yaxşı əlaqələri var. Üstəlik, bu susqunluğu Rusiyanın bəzi siyasi dairələrində də etirazla qarşılanmışdı.

Moskva niyə indi hərəkətə keçdi? Nazirin Rusiyaya səfərindən sonra İran-Azərbaycan gərginliyi azalacaq, yoxsa artacaq?

Ceyhun Məmmədov medalla təltif edilib

Ceyhun Məmmədov

YAP-çı deputat Ceyhun Məmmədov Rusiyanın gərginliyin azalmasında maraqlı olduğunu söylədi: “Düşünürəm ki, bölgədə gərginliyin yaranması heç bir dövlətin marağında deyil. Bu gün bölgədə yaşanan gərginlik İranın həyata keçirdiyi siyasətdən qaynaqlanır. Biz dəfələrlə bəyan etmişik ki, keçirdiyimiz təlimlər heç bir dövlətə qarşı yönəlməyib. İran tərəfindən ard-arda ziddiyyətli bəyanatları görürük. Düşünürəm ki, Rusiya da bölgədə öz maraqlarının təmin olunması şərti ilə sülhün yaranmasını istəyir. Kommunikasiyaların açılmasını Kreml də çox istəyir. Şimal qonşumuz artıq anlayır ki, Azərbaycanın həyata keçirdiyi fəaliyyətin qarşısını almaq mümkün deyil. İran tərəfi anlamalıdır ki, bu cür bəyanatlarla, davranışlarla heç nəyə nail ola bilməyəcək. Əksinə, bölgədə sülhə, əməkdaşlığa xələl gətirir”.

Əhəd Məmmədli – AĞ PARTİYA

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli isə Kremlin İranı dayandırmaq istəyində olduğunu qeyd etdi: “Rusiya çox zaman regionda baş verən münaqişələrdə bəzən gözləyici mövqedə durur. Əvvəldən ya planı olur, ya da siyasi reallığa uyğun hərəkət edir. Hərdən  insanlara elə gəlir ki, böyük dövlət kimi istənilən an müdaxilə edə bilər. Amma bəzən böyük dövlətlər siyasi reallıqlara uyğun hərəkət etməyə məcbur olur. Rusiya da əvvəlki kimi güc sahibi olmadığı üçün indi belə davranmağa məcbur qalıb. Siyasi reallıq isə budur ki, artıq regionda güclər var. Bu güclərin hamısı ilə Kreml münasibətdədir. İranla müttəfiq sayılır. Türkiyə ilə bəzi məsələlərdə tərəfdaş sayılır. İsraillə münasibətləri korlamaq istəmir. Azərbaycan və Ermənistanla bir münaqişənin həlli üçün birlikdə addımlayır. Lavrovun bu açıqlamaları isə onu göstərir ki, Rusiya bu məsələdə dolayısı ilə İrana dayan deyir. Cənub qonşumuzun xarici işlər nazirinin Moskva səfərində İran istədiyi dəstəyi ala bilmədi.  Çünki İrana görə Rusiya belə bir tərəfdaşlarla münasibətləri korlayan deyil. Fikrimcə, yaxın zamanlarda Azərbaycan-İran münasibətləri stabilləşməyə doğru gedəcək”.

Akif Nağı — Vikipediya

Akif Nağı 

QAT sədri Akif Nağı İranın təkləndiyini söylədi: “Regionda yaranmış yeni vəziyyət bəzi dövlətləri narahat edir. Rusiya Türkiyənin regionda güclənməsindən, Azərbaycan və Türkiyə arasında ittifaqın əsas amilə çevrilməsindən razı deyil, amma proseslərin içərisində olduğuna görə manevr etməyə çalışır. İran isə proseslərdən tam kənarda qalıb. Ona görə də hansısa formada təsir imkanları əldə etməyə çalışır. İranın xarici işlər nazirinin Moskva səfəri bu axtarışlara xidmət edirdi. Amma bir nəticəyə nail ola bilmədi. Lavrov aydın şəkildə Tehranı müdafiə etməyəcəklərini ifadə etdi. Zəngəzur dəhlizi, hərbi təlimlər, Xəzərin statusu ilə bağlı çox ehtiyatlı, əslində isə Azərbaycanı qane edən mövqe sərgilədi.  Fikir verdinizsə, Rusiya Soçidə Suriya ilə bağlı məsələni də İranın iştirakı olmadan Türkiyə ilə müzakirə etdi. Bütün bunlar İranın özünü bu cür qeyri-adekvat aparmasını izah edir. İran siyasətini dəyişməli, bu cür yanlış addımlardan çəkinməli və Azərbaycanla Türkiyənin yaratdığı güc mərkəzində yer almalıdır”.

Cavanşir ABBASLI

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin