Bu günlərdə “Dövlət Statistika Komitəsi İqtisadiyyat Nazirliyini ifşa etdi” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, tanınmış iqtisadçı Rövşən Ağayev öz “Facebook” səhifəsində Dövlət Statistika Komitəsinin dərman qiymətlərinin 34 faiz bahalaşması ilə bağlı yaydığı məlumatı bölüşüb.
“2016-cı ilin yanvar-iyul aylarında dərmanların qiyməti 34 faiz, tibbi təyinatlı digər məhsulların qiyməti isə 24 faiz bahalaşıb. Rəsmilərin apardığı təbliğat budur ki, dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində qiymətlərdə kəskin ucuzlaşma var. Ayrı-ayrı dərmanların qiymətində ucuzlaşma ola bilər. Amma rəsmi statistikanın məlumatına görə, ərzaq və qeyri-ərzaq malları içərisində bahalanmanın lideri məhz dərman vasitələridir”, – deyə R.Ağayev qeyd edib. Rövşən Ağayev Kavkaznews.az saytına bildirib ki, bu məlumatı DSK-nın bülletenindən götürüb.
“Dövlət dərman qiymətlərinin tənzimlənməsinə başlayandan sonra, İqtisadiyyat Nazirliyinin məmurları dərman qiymətlərinin ümumi ucuzlaşmasını elan etdilər. Lakin Dövlət Statistika Komitəsi öz bülletenində qiymətlərin bahalaşdığını bəyan edir. Komitənin başqa məlumatına görə, dərman qiymətləri 34 faiz bahalaşdığı zaman ərzaq qiymətləri cəmi 15 faiz bahalaşıb”, – deyə R.Ağayev əlavə edib.
Biz İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən də şərh almağa çalışmışdıq. Mətbuat xidmətinin Vüsalə adlı əməkdaşı (təəssüf ki, bizə soyadını bildirmədi – red.) məsələni araşdıracağını bildirdi. “Nəyi araşdıracaqsız?” – deyə soruşduq. “Əməkdaşlarımızdan soruşaram”, – deyən Vüsalə xanım bizdən 10 dəqiqə sonra zəng etməyimizi xahiş etdi. Lakin 10 dəqiqə sonra Leyla adlı başqa bir əməkdaş dəstəyi götürərək, “Vüsalə xanım çıxdı, 15 dəqiqə sonra zəng edin” deyə cavab verdi. Biz daha 15 dəqiqə sonra İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə zəng etdik, dəstəyi heç kim qaldırmadı.
Avqustun 17-də Tarif Şurası Azərbaycanda dərmanların qiymətlərinin bahalaşması haqda məlumatlara aydınlıq gətirib. Şuradan verilən məlumata görə, dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlar həqiqəti əks etdirmir. Qurumdan bildirilib ki, dövlət qeydiyyatına alınan 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiq edilən qiymətlərlə satışdadır: “Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilən qiymətləri isə bu ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək. Sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir”.
Məlumata görə, Tarif Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minən dərman vasitələrinin qiymətlərində şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyil: “Qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (ww.tariff.gov.az) yerləşdirilib” (APA).
“Biz aptekləri davamlı nəzarətdə saxlayırıq”, – deyə Kavkaznews.az saytına nazirliyin mətbuat xidmətinin əməkdaşı Vüsalə Məmmədova bildirdi. “Son monitorinq nə vaxt aparılıb?” – deyə maraqlandıq. “Biz periodik olaraq apteklərdə monitorinq aparırıq. Əgər vətəndaşlar bu və ya digər aptekdə qanunsuzluqla qarşılaşırsa, o zaman onların “Qaynar xətt”ə müraciət etmək imkanı var”, – deyə mətbuat xidmətinin əməkdaşı cavab verdi.
“Keçən dəfə dərman qiymətlərinin bahalaşması barədə Dövlət Statistika Komitəsinin məlumatı ilə bağlı verdiyim sualım cavabsız qaldı”, – deyə xatırlatdıq. “Bu sualınızla bağlı, eləcə də KİV-də yayılan məlumatlarla əlaqədar Tarif Şurası artıq bəyanatla çıxış edib”, – deyə Vüsalə Məmmədova cavab verdi.
Avqustun 18-də biz aydınlaşdırmaq istədik, həqiqətənmi İqtisadiyyat Nazirliyi dərmanların qiymətləri ilə bağlı monitorinqlər aparıbmı? Biz bu suala cavab tapmaq üçün, biz Azərbaycanda əsas vaksin və dərman preparatlarının idxalçısı olan “Epid Biomed” şirkətiylə əlaqə saxladıq. Şirkətin Elcan adlı meneceri (təəssüf ki, bizə soyadını bildirmədi – red.) Kavkaznews.az saytına bildirdi ki, “Epid Biomed” aktiv olaraq İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edir. “Biz Tarif Şurası tərəfindən təqdim olunan dərmanlar siyahısı ilə tanışıq”, – deyə menecer qeyd etdi. Onun sözlərinə görə, şirkət satdığı dərmanların siyahısını İqtisadiyyat Nazirliyinə özü təqdim edir.
“İqtisadiyyat Nazirliyi “Epid Biomed”də monitorinq aparırmı?” – deyə soruşduq.“Buna ehtiyac yoxdur”, – deyə Elcan müəllim cavab verdi. Biz başqa bir iri dərman şirkəti olan “Azerfarm” ilə də əlaqə saxladıq.
“Biz Tarif Şurasının siyahısı ilə tanışıq və bu tələblərə riayət edirik”, – deyə şirkətin adını çəkmək istəməyən əməkdaşı bildirdi. “İqtisadiyyat Nazirliyi “Azerfarm”da monitorinq aparırmı?” – deyə Kavkaznews.az-ın jurnalisti soruşdu. “Buna ehtiyac yoxdur. Bizim bütün preparatlarımızda onların qiymətini bildirən birkalar yapışdırılıb” , – deyə “Azerfarm” əməkdaşı cavab verdi.