İqbal Ağazadə “start” işarəsi verdi- FOTOLAR

0
100

Bu gün növbədənkənar Parlament seçkilərində yarışacaq namizədlər təbliğat-təşviqat işlərinə başlayır. RealMedia.az xəbər verir ki, bununla bağlı Ümid Partiyasının Seçki Qərargahında sonuncu hazırlıq tədbiri keçirilib. Tədbirdə Qərargah üzvləri iştirak ediblər.

Namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş partiya sədri, Qarabağ qazisi İqbal Ağazadə çıxış edərək bildirib ki, bizim təbliğata ehtiyacımız yoxdur, sadəcə seçicinin yaddaşını təzələmək üçün bəzi işlər görüləcək: “Bizim təbliğatımız çox sadədir. Seçicilərimizə deyirik ki, budur, sizin namizədiniz gəldi. O adamların hər biri Azərbaycan sevdalısı, demokratiya sevdalısıdır. Buna görə də hər biri bizimlə birlikdədir. Onlar bilir ki, biz Milli Məclisə gedib susmuruq, onları unutmuruq, seçkidən-seçkiyə qapılarını döymürük”.

Alqışlarla davam edən tədbirdə İ. Ağazadə qeyd edib ki, bizim seçici kimə səs verəcəyini yaxşı bilir: “bizə ona görə səs verirlər ki, biz təkcə Xətainin yox, bütün Azərbaycanın millət vəkili oluruq. Məni böyük siyasətə Xətai seçiciləri gətirib. Mən seçicilərimə inanmasaydım, bu yola çıxmazdım. Hərdən mənə deyirlər ki, sən niyə dairəni dəyişmirsən? Bilirsiniz nə cavab verirəm? Deyirəm, onlar məni hansısa namizədə dəyişmirsə, mən niyə dəyişim?”

Çıxışının sonunda İ. Ağazadə seçicilərinə müraciətlə onu da qeyd edib ki, 4 il sizinlə bərabər olmamağım nə sizi mənə unutdurdu, nə də məni sizə: “təbliğatımız da bundan ibarətdir: gəldim deyəm ki, namizədiniz gəldi”.

Tədbirdə Seçki Qərargahının rəhbəri Səməd Hətəmov və Qərargah üzvləri çıxış edərək öz fikirlərini bildiriblər.

Sonda Seçki Qərargahı təbliğat və təşviqat kampaniyasına start verib. Bu günü gözləyən yüzlərlə insan hərəkətə keçib.





BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin