İqbal Ağazadə: “İqtidar-müxalifət dialoqu olmasa, terror hadisələri Azərbaycana keçə bilər”

0
1353

“İnsanlar bizim hakimiyyətə gələcəyimizə inanır” – Ümid sədri iddialı danışdı

“Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında bu dəfə Ümid Partiyasının sədri İqbal Ağazadə qonaqdır. İqbal bəylə ölkə iqtisadiyyatından tutmuş, turizmə, eləcə də zamanında Milli Məclisdə etdiyi kəskin çıxışlara qədər bir çox mövzulara toxunduq. Sərt tənqidi ilə diqqət çəkən İ.Ağazadə idarəetmə məsələsində də hakimiyyətə xeyli tövsiyələr verdi.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, onun birinci müavini Azər Ayxan və “Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanovun iştirakı ilə baş tutan söhbətdə sadaladığımız bütün mövzular incəliyinə qədər və bizim kontr – suallarımızın müşayiəti ilə təhlil olundu.

(əvvəli ötən saylarımızda)

R.Arifoğlu:
– Gedin də, niyə gedə bilmirsiz? Maşına oturun və xalqa gedin.
– Hökumət qoymur.
R.Arifoğlu:
– Neynir axı hökumət sizə? Gedin rayonlara, xalqla təmasa çıxın.
– Əzizim, mən Ağdaşda seçki kampaniyası aparırdım. Qanuni şəkildə, Azərbaycan Seçki Məcəlləsinin və konstitusiyanın tələblərinə uyğun olaraq. Adamlara pul vermişdilər, onlar da yolun qırağında dayanıb, başımıza daş atırdılar. Siz nədən danışırsız? Siz harda yaşayırsız? Bilmirsiz ki, bu ölkədə vəziyyət necədir?
R.Arifoğlu:
– Son bir ildə bunu nə zaman yoxlamısınız?
– Dedim də, Ağdaşda. Seçki kampaniyası dövründə.
R.Arifoğlu:
– İki il edir. Həm də Ağdaşı çıxaq. O zaman seçki kampaniyası dövrü idi, sizin yerdəki rəqibiniz də rayon icra başçısının müavini idi, rıçaqları güclü idi, o təşkil edirdi. Söhbət ümummilli siyasətdən gedir. Əgər bir siyasi lider 6 ay ərzində bir dəfə də olsun xalqın yanına gedib, hansısa (lap olsun özünü tutdurmağa) təşəbbüs göstərməyibsə, onun dedikləri inandırıcı görünmür. Nə zaman getmisiz və hansı nəticə ilə qarşılaşmısız?

Foto TБrkm_n (1 of 11).jpg (1.09 MB)
– Biz öyrənmişik ki, liderimizi ya dar ağacında, ya meydanlarda görək. Yox, siz əgər dar ağacında görmək istəyirsizsə, o başqa məsələ.

“Biz öyrənmişik ki, liderimizi ya dar ağacında, ya meydanlarda görək. Yox, siz əgər bizi dar ağacında görmək istəyirsizsə, o başqa məsələ”

 

R.Arifoğlu:
– Son 23 ildə Azərbaycanda kim dar ağacına çıxarılıb?
– Siz rəmzi mənada deyirsiz, amma mən sözün böyük mənasından danışıram. Dar ağacına çıxanın biri Rauf Arifoğlu. Çıxmamısızmı dar ağacına?
R.Arifoğlu:
– Xeyr. Məhkəmə qarşısına çıxmışam.
– Mən də dedim, dar ağacı ifadəsi rəmzi mənadadır, siyasi darlıqdan, əsassız həbs və məhkəmələrdən danışıram. Bu anlamda, biz o dar ağaclarına hər siyasi mövsümdə salam veririk…
R.Arifoğlu:
– Bu şikayət ritorikası da doğru deyil, məncə. Müxalifət nə qədər şikayət edəcək?
– Bizim də vəzifəmiz şikayət edərək hakimiyyətin doğru olmayan siyasətini seçiciyə çatdırmaqdır.
R.Arifoğlu:
– İqbal bəy, hazırda paytaxtımızda ard-arda beynəlxalq tədbirlər keçirilir. İzləyirsizmi? Hansı hissləri keçirirsiz?
– Mən İslam Oyunlarının da, Formulanın da əleyhinə deyiləm. Lakin İslam Oyunlarında 25 milyona yaxın mükafat fondu var idi. Bu fondun böyük əksəriyyətini azərbaycanlı olmayan, amma Azərbaycan adından çıxış edən adamlar götürüb getdi. Həmin müddətdə 700 bal toplayan 4 tələbə oldu. Niyə o tələbələr üçün heç olmasa 200 min manatlıq mükafat fondu ayrılmadı? Ki, Azərbaycan üçün nümunə olsun?
R.Arifoğlu:
– Bu nümunə dediyinizə dünyada bir dənə belə olsa analogiya varmı?

Foto TБrkm_n (2 of 2).jpg (977 KB)
– Var. Mənim Türkiyədə bir kardioloq dostum var. O, nüfuzlu dünya ölkələrindən birində tibb universitetinə qəbul olunmuşdu. Dövlət onun bütün xərclərini öz üzərinə götürməklə yanaşı, əvvəlcədən İstanbulda iş yeri və ev müəyyən etdi. Ən yüksək balla qəbul olduğu üçün. Siz deyirsiz ki, analogiya. Amerika kimi bir ölkənin olimpiya çempionuna 25 min dollar verirlər, Azərbaycanda da olimpiya çempionu 500 min dollar qazanır. Hansı ölkədə bunun analogiyası var? 20 milyona ən azı 60 tələbəni xarici universitetlərdə oxudub, sonra Azərbaycana faydalı kadr kimi qaytarmaq mümkün idi.
R.Arifoğlu:
– Bu yarışmaların gələcəkdə ölkənin imicinə, turizminə bir qatqısı yoxdumu?
– Gəlin turizmə baxaq. Əgər bizim təhsilə qoyduğumuz xərc bundan çox olsaydı və bizim üçün təhsil prioritet olsaydı, bu idmana ayırmaq üçün əlavə vəsaitimiz də olsaydı, “eyvallah, nə gözəl, bu sahədə də inkişaf edək” deyərdim. Amma o yox ikən, təhsil batarkən, sən bu qədər pulu idmana qoy, onun da yarıdan çoxunu xaricilər götürüb getsin… Baxın, hər federasiyanın başına bir məmur qoyublar. Əslində bu, idmançıların yox, məmurların yarışı idi. Kimin federasiyasının idmançıları Azərbaycana daha çox medal qazandıracaq? Və o birincinin gözündə yaxşı olacaq? Prezidentin gözündə yaxşı olmaq üçün hərəsi gedir bir xarici ölkədən idmançı tapır, ona da deyirlər ki, gəl sən milli ol, qalib gəl və sair. O da gəlir, qazanır, sonra da pulları götürüb gedir. Əslində bu, birincini aldatmaqdır, idmanı inkişaf etdirmək deyil. Birinci də hər federasiyanı kontrolda saxlamayacaq ki…

“Azərbaycanı nə lokal, nə də iri savaş gözləyir”

S.Telmanqızı:
– Hər halda, son iki ildə ölkəyə gələn turist sayının artımında beynəlxalq yarışların rolunu qabardanlar çoxluq təşkil edir…
– Xeyr, bu, beynəlxalq yarışların yox, ərəb ölkələrində baş verən hadisələrin roludur. Eynən Ərdoğanın ritorikası kimidir.
S.Telmanqızı:
– Təkcə ərəb ölkələrindən gəlmirlər axı. Rusiyadan, İrandan, qeyri ölkələrdən gələnlər də az deyil.
R.Arifoğlu:
– Ralli üçün bir nəfər gəlib, Hilton hotelində 10 min dollar təkcə otağa verib.
– İndi siz deyirsiz, qosqoca Ralli yarışmasına bir nəfər belə gəlməsinmi?
R.Arifoğlu:
– Bir adamdırmı? Siz ümumi statistikaya baxmısızmı?
– Baxmışam. Məsələn, inişil Avropa Oyunlarına 25-30 min nəfər turist gəlmişdi. Bu turist deyil ki… Bu axın deyil ki…
R.Arifoğlu:
– Açılışdır da…
S.Telmanqızı:

Foto TБrkm_n (3 of 11).jpg (900 KB)
– Ən azı ilkin addımdır. Son iki ildə şəhərdə görmədiyimiz qədər turist görürük. Ərəb ölkələri deyirsiz. Amma gələnlərin içərisində Rusiya, Ukrayna, İran vətəndaşları da var.
– Bunun İslam Oyunları ilə də heç bir əlaqəsi yoxdur. Rus, ukraynalı İslam Oyunlarına gəlməyib (gülür). Təbii ki, bu, ölkənin tanıdılması üçün müsbət addımdır. Lakin başqa sahələrdəki problemləri qoyub da, bunun üzərinə getmək doğru deyil. Yəni bunun üzərində fokuslanmaq düz deyil. Heç kim demir ki, bu, pisdir. Hətta daha böyük idman yarışlarını da ölkədə keçirmək olar. Amma bizim daha böyük, qlobal problemlərimiz var.

“Hələlik müxalifət tam küncə sıxışdırılmayıb, gücsüz qalmayıb ki, bir araya gəlməyə ehtiyac duysun”

R.Arifoğlu:
– Sizcə, bu, klassik demaqoqiya deyilmi? Hansısa bir sahədə uğur qazanılanda başlayırlar ki, bizim başqa dərdlərimiz var, o pulu bura yönəltmək olardı, silah almaq olardı və sair və ilaxır.
– Xeyr, mən silahdan danışmıram. Mən düşünürəm ki, bu vəsait təhsilə qoyulmalıdır. Azərbaycandan bu gün xaricə oxumağa gedənlərin belə maliyyəsi yoxdur. Bu faktdır.
S.Telmanqızı:
– Dövlət hesabına xaricdə təhsil almaq məsələsi də yoxdur artıq…
– Bəli, yoxdur. Bundan söhbət gedir. Sən 20 milyonu idmançıya ayırınca, o vəsaiti 60 tələbənin xaricdə bakalavr təhsili üçün ayır. Qoy onlar xaricdə təhsil alandan sonra ölkəyə gəlsinlər.
S.Telmanqızı:
– Amma onlar da oxuyandan sonra ölkəyə qayıtmırlar. Bu da faktdır.
– Gəlmirsə, şəraiti yaradacaqsan ki, gəlsin. O da hakimiyyətin problemidir. Bunu sistemə salmaq lazımdır ki, əgər sənin təhsil haqqını mən ödəmişəmsə, səni də savadlı kadr kimi bu ölkədə istəyirəm. Bununla bağlı hətta məhkəmə presedenti yaradılmalıdır. Yəni ölkənə qayıtmayacağın təqdirdə istənilən dünya məhkəməsində sənin Azərbaycana vurduğun zərər 5 misli qədər səndən geri alınacaq. Yəni mən sənə təhsil vermişəm ki, sonra da qayıt burda Azərbaycan balalarına biliklərini öyrət. Söhbət bundan gedir.
R.Arifoğlu:
– Bayaq sözarası dediz ki, Avropa Oyunlarına izləyici kimi qatılmışdız. Həmin vaxt bu proses iqtidar-müxalifət dialoqunun bir parçası sayılırdı. İndi necə, varmı belə proses? Hakimiyyət-müxalifət münasibətlərində bir qopuqluqmu yaranıb?
– Qopuqluq yaranıb. Bir az iqtisadi vəziyyətdən dolayı baş verib bu.
R.Arifoğlu:
– Bu dialoqu vacib sayırsızmı? Sayırsızsa, niyə?
– Çox vacib sayıram. Bizim dialoqdan, bir masa arxasında əyləşməkdən başqa variantımız yoxdur.

Foto TБrkm_n (4 of 11).jpg (879 KB)
R.Arifoğlu:
– Mövzu nə ola bilər, məsələn?
– Gündəmin birinci mövzusu iqtidar-müxalifət münasibətlərinin fərqli müstəviyə köçürülməsi. Biz, ümumiyyətlə, bir-birimizlə normal danışmağı öyrənməliyik.
R.Arifoğlu:
– Formatı necə görürsüz?
– Ədliyyə Nazirliyi də, Prezident Aparatı İctimai-siyasi şöbəsi də, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi də siyasi partiyaların ümumi mənzərəsini çox aydın bilir. Bilir ki, hansı siyasi partiya var, hansı yoxdur. Çox aydın bilir. Nəyi necə deməyimizdən asılı olmayaraq. O formatı da yaxşı təşkil edərlər. Amma mən keçən dəfə də demişdim ki, partiyasının bir “peçat”ı həyat yoldaşında, biri özündə olan, “peçat” davası edən adamları bura gətirib, onlarla nə danışacaqsız? Amma hakimiyyət də, müxalifət də bilməlidir ki, bizim bir masa ətrafında oturmaqdan başqa yolumuz yoxdur. Bundan qeyri yol millətimiz, dövlətimiz üçün, iqtidarımız-müxalifətimiz üçün çox böyük təhlükə ola bilər.
R.Arifoğlu:
– Nədir o təhlükə? Açıqlaya bilərsizmi?
– Təbii. Qonşularda baş verən proseslərin Azərbaycana keçməsi. Məsələn, terror hadisələrinin Azərbaycana keçməsi.
R.Arifoğlu:
– Bağışlayın, əlaqəni tuta bilmədim: iqtidar-müxalifət dialoqu və terror təhlükəsi. Məsələn, İngiltərədə, Fransada iqtidar-müxalifət arasında dialoq var, amma terror ora da keçib.
– Axı mən dedim ki, ideoloji zəmində. Əsas anlayış budur ki, ideoloji zəmində cəmiyyətdə parçalanmaların fonunda Azərbaycana çox kəskin ziyan vura bilər. Məsələn, o dini qruplar Londonda yoxdur, amma Azərbaycanda var.

“Hər federasiyanın başına bir məmur qoyublar. Əslində bu, idmançıların yox, məmurların yarışı idi”

Foto TБrkm_n (10 of 11).jpg (1.13 MB)
R.Arifoğlu:
– Sələfiləri nəzərdə tutursuz?
– İstəyirsiz adını sələfilər qoyun, ad çəkmək istəmirəm. Müxtəlif təriqətlərin nümayəndələri var ki, ayrı-ayrı dövlətlər tərəfindən nəzarətdədir. İqtidar-müxalifət arasındakı antaqonist münasibətlər bu ziddiyyətlərin içərisində onların xeyrinə olar.
S.Telmanqızı:
– Niyə?
– Dialoq olmayanda bunların siyasi institutlarla yaxınlaşması, siyasi institutların bunlardan istifadə cəhdləri özünü göstərir.
R.Arifoğlu:
– Yəni siyasi müxalifətə yer verməyəndə meydana başqa müxalifət girir?
– Bəli. Və yaxud da etnik-milli separatizm məsələsi. Burda iqtidar-siyasi institutlar masa arxasında bir yerdə əyləşəndə, sizcə, hər hansı etnik-milli separatizm meyllərinə hər iki tərəfin münasibəti eyni cür olmazsa, nə baş verə bilər? Birinin arxasından bir siyasi institut çıxanda nələr ola bilər? Biz buna oxşar situasiyanı 1993-cü ildə yaşadıq. Çox çətin situasiyadır.
R.Arifoğlu:
– Yəni sizin dediyinizin özəti belədir ki, hakimiyyət müxalifəti sıxışdırdıqca, onu tanımadıqca, dialoqa getmədikcə başqa cür müxalifət yaranır, separatizm meylləri artır?
– Bəli, həm də üçüncü tərəf. Sosial-iqtisadi vəziyyət ağırlaşdıqca insanların o qrupların arxasınca getmək, radikal təbəqəyə çevrilmək imkanları artır. Biz də etiraf etməliyik ki, ölkədə sosial-iqtisadi vəziyyət ildən-ilə ağırlaşır. Hakimiyyətdə kimdir, kim gələ bilər – bu, onuncu dərəcəli məsələdir. Əsas məsələ iqtidarla müxalifətin bir masa ətrafında əyləşə bilmə imkanlarıdır. Bu, nəinki iqtidarla müxalifət arasında yoxdur, eyni zamanda iqtidarla iqtidaryönlülər arasında da yoxdur. Əvvəl bir məşvərət məclisi olardı, oturub danışardılar.
R.Arifoğlu:
– Heç müxalifətin özünün də içərisində belə danışıqlar yoxdur. Onu niyə təşkil etmirsiz?
– Bəli, yoxdur. Görünür, hələlik müxalifət tam küncə sıxışdırılmayıb, gücsüz qalmayıb ki, buna ehtiyac duysun. Əvvəl birini ofisdən çıxarardılar, birinə bir basqı olardı, hamı bir araya yığışardı. Bəzən hüquqların müdafiəsi üçün bir araya gəlirik. Amma bu, hüquqların müdafiəsidir. Bütövlükdə cameəni bir araya gətirmək üçün görünür, daha böyük proseslər olmalıdır.
R.Arifoğlu:
– İqbal bəy, müharibə mövzusundan danışaq. Siz müharibə veteranısız. Son günlər müharibə ritorikası artıb. Erməni saytları və qəzetləri, o cümlədən Azərbaycan saytları da bu mövzuda manşetlər yazırlar, prioritet mövzudur. Siz necə düşünürsüz, Azərbaycanı qarşıda böyük savaş gözləyir, ya lokal savaş?
– Azərbaycanı nə lokal, nə də iri savaş gözləyir. Bu, mümkün olan şey deyil. Hələlik region siyasəti bunu diqtə edir. O cümlədən ATƏT-in Minsk Qrupunun rəhbərləri olan dövlətlərin siyasəti də bunu diqtə edir ki, güc nümayişi olmayacaq.
R.Arifoğlu:
– Amma 2016-cı ilin aprelində oldu bu.
– Çox kiçicik, iki-üç günlük savaş oldu. Amma orda da heç bir işğal və ya işğaldan azad edilmə faktoru olmadı. Mən 2016-cı ilin aprelində baş verən hadisələri hər zaman fərqli aspektdən təhlil etmişəm. Bu, həm də tərəflərə mesaj idi. Azərbaycanın ritorikasını – “biz güclü orduyuq, istədiyimiz zaman torpaqlarımızı azad edərik”ə cavab olaraq sübut etdilər ki, biz istəmədən bunlar baş verə bilməz. Bunlar Rusiyanın diqtəsi idi. O cümlədən anti-Rusiya ritorikasının artdığı Ermənistana da “biz istəməsək, Azərbaycan sizi fərqli müstəviyə aparar” kimi mesaj verildi. Bunu hər iki dövlətə – Azərbaycana da, Ermənistana da sübut etdilər. Əgər qalibiyyət və məğlubiyyət Ermənistandan, ya da Azərbaycandan asılı deyilsə, Rusiyadan asılıdırsa, bu proses baş verməyəcək.
R.Arifoğlu:
– Ötən ilin aprel savaşı ilə bağlı dediklərinizi bölüşmürəm. Lakin ümumilikdə, sanki regionda Rusiyadan asılılıq bir az da artıb. Çoxları da bunu belə şərh edirlər ki, Amerika bölgəni Rusiyaya təslim edib. Bununla razılaşırsızmı?
– Xeyr. Heç kim bölgəni Rusiyaya təslim etmək kimi geri çəkilmə mövqeyində deyil. Sadəcə, Rusiyanın hansı formada dayandırılması prosesi Ukraynada bir qədər xəyal qırıqlığına uğradıldı. Ona görə də bu tipli ölkələrdə bəzən dozanı qəsdən aşağı salırlar ki, Rusiyanın daha aqressiv hərəkətlərini dayandırsınlar və böyük hərəkətlərə ehtiyac qalmasın. O mənada bölgəni Rusiyaya təslim etmiş kimi görünürlər.

R.Arifoğlu:

– İqbal bəy, Ümid Partiyasının üzvlərini hansı ümidlə ətrafınızda saxlayırsız? Deputat deyilsiz, hakimiyyətə gələ bilmirsiz, heç sizin partiyadan mühacirətə gedənlər də yoxdur. O halda insanlar necə olur ki, ətrafınızda qalır?

– İnsanlar bizim hakimiyyətə gələcəyimizə inanır.

Söhbəti qələmə aldı:
Sevinc TELMANQIZI

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin