İmtahan qiyməti 10 manatdan baha ola bilməz – Ekspertdən ETİRAZ

0
370

Ali məktəb və kolleclərə qəbul imtahanlarının yeni tarifləri müəyyənləşib. Tarif Şurasının bir neçə gün öncə qəbul etdiyi qərara əsasən, imtahanlarda iştirak etmək üçün tələb olunan məbləğ artırılıb. Qiymət artımı gözlənildiyi kimi birmənalı qarşılanmayıb.

Bəzi valideynlər imtahan qiymətlərinin artırılmasına lüzum olmadığını deyərək, Tarif Şurasının qərarına etiraz ediblər. Bir çox vətəndaşlar hesab edirlər ki, Dövlət İmtahan Mərkəzinin dövlət tərəfindən maliyyələşdiyi halda qiymətlərin qalxması əsassızdır.

Yeni tariflər imtahanların təşkilinə necə təsir edəcək?

Bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, DİM yarananadək qəbul imtahanlarına giriş qiyməti çox ucuz olub:

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) ləğv olunduqdan sonra publik hüquqi şəxs olan DİM yarandı. Buna qədər imtahanlar dövlət tərəfindən maliyyələşirdi. Ancaq maraqlı tərəf ondan ibarətdir ki, imtahanlar dövlət tərəfindən maliyyələşsə belə, vətəndaşlar 3 manat pul ödəyirdilər. Dövlət İmtahan Mərkəzi yaranandan sonra isə bu məbləğ ciddi şəkildə artırıldı. Nəzərə alaq ki, bakalavr səviyyəsində qəbul imtahanlarına giriş 40 manatdır. Magistratura səviyyəsində qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 40 manatdır. Sualı yazan müəllifə bir suala görə 1 manat pul verilir. Bir sual kitabçasına ümumilikdə suallar üçün 125 manat xərc çəkilir. Kitabçanı yoxlayan ekspertə 1 sual üçün 50 qəpik ödənilir. Ortaya çıxan bu xərci hər sual kitabçası üçün xərcləmirlər. 18 səhifəlik sual kitabçasına vərəqin birinə 0.2 qəpik xərclənir. Ümumilikdə sual kitabçasının hazırlanması üçün 220 manat pul lazımdır. 1 sual kitabçası düzəldirlər, imtahanda da 40 min nəfər iştirak edir. Təsəvvür edin ki, bu məbləğ onun arasında bölünür”.

K.Əsədov bildirib ki, sınaq imtahanlarında 30 min nəfərdən çox şəxs iştirak edərsə, imtahanın qiyməti 7 manatdan artıq ola bilməz:

“Burada kifayət qədər ciddi rəqəm var. Əgər imtahanda 40 min nəfər iştirak edirsə, onu 40 manata vurun və görün hansı məbləğ ortaya çıxır. Axı DİM imtahanlara bu qədər vəsait sərf edə bilməz. Üstəlik, sınaq imtahanında istifadə olunan test tapşırıqları da təzə deyil. TQDK fəaliyyətdə olan vaxtı həmin testlər dövlət büdcəsi hesabına alınıb. Deməli, indi həmin testlər DİM-ə pulsuz olaraq başa gəlib. Nəticə olaraq bu qurum pul xərcləmədən böyük vəsait qazanır. Hesab edirəm ki, əgər qazanc əldə etmək, eyni zamanda həqiqətən də şagirdlərin bilik və bacarığını yoxlamaq istəyirlərsə, o zaman imtahanın qiyməti 10 manatdan artıq olmamalıdır. Təhsilə xidmətdən söhbət gedirsə, məbləğ 10 manatı keçə bilməz. Qəbul imtahanlarının qiyməti düzgün deyil. İmtahanda bir otaqda iştirak edən nəzarətçiyə 30 manat verirlər. Yəni xərclərə baxanda görürük ki, əldə edilmiş gəlirlər kifayət qədər çoxdur”.

Ekspert, həmçinin deyib ki, qəbul imtahanlarının qiyməti 6 il ərzində 20 dəfəyə yaxın bahalaşıb:

“Belə ki, 2016-cı ilə qədər imtahan 2 manat, 2018-ci ildə 20 manat, 2020-ci ildə 40, 2023-cü ildə 45 və 50 manat olacaq. Səbəb? Heç bir halda, nə qədər resurs cəlb etməyindən asılı olmayaraq sınaq imtahanının qiyməti 10-15 manatdan, qəbul imtahanın qiyməti 20 manatdan çox ola bilməz. Düzdür, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir, amma bu qurumun adının əvvəlində “dövlət” sözü var”.

Qeyd edək ki, ali məktəb və kolleclərə imtahanlarda yeni tariflər müəyyənləşdirilib. Bu barədə qərar Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixində keçirilən növbəti iclasında qərar qəbul edilib.

Qərara əsasən, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilib və yeni tarifləri müəyyənləşdirilib.

Humay İsgəndərova

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin