“İlk dəfə qələbə ilə, üzüağ gəldik”: 31-ci ildönümündə Şəhidlər Xiyabanı… FOTO VİDEO REPORTAJ

0
61

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş qətliamdan 31 il keçir. Hər il yanvarın 20-i Azərbaycanda Ümumxalq hüzn günü kimi anılır. Məlum olduğu kimi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Bu gün də 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilir, ayın 19-u olmasına baxmayaraq ziyarətçilərin ardı-arası kəsilmirdi. Musavat.com olaraq biz də Şəhidlər Xiyabanına baş çəkib, anım tədbirlərini işıqlandırdıq, vətəndaşların fikirlərini öyrənməyə çalışdıq. Qeyd edək ki, Azərbaycan insanı ilk dəfə qalib ölkənin vətəndaşı olaraq bu xiyabana baş çəkir və əminik ki, şəhidlərimizin də ruhu şaddır.

Hər il olduğu kimi, yanvarın 20-də Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si səhər saat 8.00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

Alim Liftiyev
Elçin Əkbərov

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin