İlham Əliyev Şamaxıda səfərdədir — YENİLƏNİB

0
991

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla, yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilib. Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihənin icrasına 2010-cu ildə başlanılıb. Birinci mərhələdə Şamaxı şəhərini keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında məhsuldarlığı saniyədə 120 litr olan drenaj tipli suqəbuledici qurğu, xlorlaşdırma binası, həcmi min kubmetr olan iki su anbarı, bir su nasos stansiyası tikilib. Su mənbəyindən anbarlara qədər 3,4 kilometr magistral kəmər çəkilib. Bu mərhələ üzrə işlər 2011-ci ildə yekunlaşıb.

Layihənin 2012-ci ildə başlanan ikinci mərhələsində ümumi tutumu 7 min kubmetr olan 4 anbar inşa edilib. Şəhərdə 8,9 kilometr uzunluğunda magistral su kəməri, 134 kilometrlik içməli su şəbəkəsi yaradılıb. Layihədə nəzərdə tutulan 8300 ünvana birləşmə verilib və sayğaclar quraşdırılıb. Bununla da abonentlərə yeni şəbəkə vasitəsilə suyun verilməsi təmin edilib.

Qeyd edildi ki, layihəyə uyğun olaraq Şamaxı şəhərində 130 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin və baxış quyularının inşası yekunlaşıb. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün kanalizasiya nasos stansiyası inşa edilib, 11 kilometr uzunluğunda kanalizasiya kollektoru tikilib.

Layihənin sonuncu mərhələsində isə məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilərək istismara verilib. Qurğunun inşası və bütövlükdə layihə Şamaxı şəhərində əhalinin artımı, sənayenin və turizmin inkişafı perspektivi nəzərə alınmaqla həyata keçirilib. Bundan başqa, layihə çərçivəsində Şamaxı Su-Kanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. İkimərtəbəli binada işçilərin fəaliyyəti və müştərilərin qəbulu üçün yüksək şərait yaradılıb. Ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bildirilib ki, perspektivdə Şamaxı şəhərinin böyüməsi, turizmin inkişafı nəzərə alınaraq şəhərin sabit və etibarlı su təchizatının aparılması üçün alternativ su mənbəyinin yaradılması da nəzərə alınıb. Bu məqsədlə artıq Ağsuçayın məcrasında suqəbuledici qurğunun, nasos stansiyasının və buradan Şamaxı şəhərinə qədər 22 kilometr uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Yeni mənbədən magistral kəmər boyunca yerləşən kəndlərə suyun verilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı şəhəri ilə yanaşı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması da nəzərdə tutulub. Sabirabad və Saatlı şəhərlərində su təchizatı sistemlərinin tikintisi başa çatıb, bu şəhərlərə magistral su kəmərindən suyun verilməsi təmin edilib. Qəbələ şəhərində su mənbəyində işlər tam yekunlaşıb, içməli su və kanalizasiya şəbəkələrinin, həmçinin tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir.

Ümumilikdə, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq 45 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 21-də su və kanalizasiya şəbəkələrinin, 8-də isə su şəbəkəsinin inşası yekunlaşıb.

Prezident İlham Əliyev Şamaxı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Qranata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.

Azərbaycanda aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın yüksəldilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani təsdiqidir.

Şamaxı rayonunda da əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri isə vaxtilə böyük şöhrət qazanıb. Belə ki, ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilib. Sonradan Sovet İttifaqının dağılması, 1990-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarıb. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. Təsadüfi deyil ki, Şamaxıda da son illər təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir. Artıq üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsul verir. Mütəxəssislər cari mövsümdə rayonda 14 min tondan çox üzüm istehsal olunacağını proqnozlaşdırırlar.

“Az-Qranata” MMC də Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə “Az-Qranata”-nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib.

Dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.
Qeyd edilib ki, üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən “Şardane”, “Cabarne”, “Cabarne Frans”, süfrə növlərindən “Prima”, “Cardinal”, “Sultaniye”, “Alfonz Lavalle”, “Danuta” və s. kimi növləri misal göstərmək olar. 2016-2017-ci məhsul ilində “Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan “Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır. Cari ildə texniki üzümün hektar üzrə məhsuldarlığı 7-8 ton, süfrə üzümünün məhsuldarlığı isə 15 ton olub. Növbəti ilə hədəf texniki üzümdə 10-11 ton, süfrə üzümündə isə 17-18 tondur. 2015-ci ildə süfrə üzümü bağında ən müasir suvarma sistemi qurulub. Texniki üzüm isə dəmyə şəraitində yetişdirilir. Hazırda “Az-Qranata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.

Bildirilib ki, təsərrüfatda istehsal edilən üzüm sortları Bakı şəhərində fəaliyyət göstərən “Meyvəli” ticarət mərkəzində və 8-ci Kilometr bazarında topdansatış qaydada satılır. Texniki sortlar isə “Az-Qranata” MMC-nin nəzdində fəaliyyət göstərən şərab emalı zavoduna təhvil verilir. Ümumilikdə, 2012-2020-ci illəri əhatə edən üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramının icrası nəticəsində bölgələrdə həm sahibkarlıq inkişaf edəcək, həm də Azərbaycanın üzümçülük şöhrəti bərpa olunacaq.

***

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin