İDMANA DÖVLƏT QAYĞISI BEYLƏQAN RAYONUNDA UĞURLU NƏTİCƏLƏRLƏ YOL AÇIB

0
181

Gənclərimizin böyük qayğıkeşi, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasında mənəvi və fiziki inkişaf etmiş nəslin tərbiyəsinə ümumdövlət miqyaslı məsələ kimi yanaşır. Bu nəcib məqsəd yolunda aparılan işin ardıcıl və qətiyyətli davamı dövlətin bugünkü siyasətinin diqqəti mərkəzindədir. Dövlətimizin başçısının gənclər siyasətinin ən vacib elementlərindən biri idman hərəkatının təşkili, davranış profilaktikası, gənclərin beynəlxalq, regional və yerli səviyyədə müxtəlif sosial əhəmiyyətli layihələrə cəlb edilməsidir ki, bu müstəvidə bütün dünya gəncliyinə nümunə göstərilə biləcək əhəmiyyətli addımlar atılmışdır. Ələlxüsus da bölgələrdə olimpiya idman komplekslərinin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır.
Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Atif Əhədov “Yunan – Roma” güləşi üzrə yeniyetmə idmançılarımızla görüşündə onlara idmanın inkişafına göstərilən dövlət dəstəyindən, ölkə başçısının idmançılara yaratdığı şəraitdən danışıb, olimpiya idman növləri üzrə qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən bəhs edib.

Atif Əhədov gənc idmançılarımızla görüşü zamanı bildirib ki, dövlətimiz tərəfindən bu sahəyə xüsusi diqqət ayrılıb, ölkədə idmana olan maraq artıb: “Beyləqan İdman Kompleksində idmançılarımız üçün hər cür şərait yaradılıb. Hər kəs burda məşq edə bilər. Gənc idmançılarımızın üzərinə düşən vəzifə isə bu yaradılmış şəraitdən istifadə edərək uğurlar qazanmaqdı”.
Atif Əhədov yeniyetmə idmançılar arasında 13 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hövsan Olimpiya Kompleksində respublika üzrə keçirilən turnirdə “Yunan-Roma” güləş növü üzrə 2-ci və 3-cü yerlərə sahib olan iki yeniyetmə güləşçimizi Qasımlı Vəfadar və Həsənli Nurlanı təbrik edib, onlara medal və diplomlar təqdim edib.
Qeyd edək ki, Qasımlı Vəfadar və Həsənli Nurlan yeniyetmələr arasında “Yunan-Roma” güləşi üzrə keçirilən turnirlərdə üç dəfə respublika çempionu olublar. Hər iki tələbə Yunan-Roma (klassik) güləşi üzrə əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi Kamil Fərzəliyevin yetişdirməsidir. Kamil Fərzəliyevin bir çox yetişdirdiyi güləşçilərimiz var ki, onlar uğurlara imza atıblar. Onlardan Əzizli Eldəniz Dünya – Avropa çempionudur. Hazırda Kamil müəllimlə məşqçi müəllim işləyən Yunusli Toğrul bir çox Beynəlxalq Qızıl Qran-Pri və respublika yarışlarının çempionudur, 3-cülük qazanan Avropa mükafatçıları sırasında yer alıb.
Xatırladaq ki, Beyləqan Olimpiya İdman Kompleksi bu il fevral ayının 13-də istifadəyə verilib. Kompleksin açılışında dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev iştirak edib. Müasirliyi ilə diqqəti cəlb edən bu kompleks ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. 820 tamaşaçı yeri olan universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür.
Beyləqan Olimpiya İdman Kompleksinin stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor zallarında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 162 nəfər izləyə bilər.
Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Qırx yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 50 yerlik konfrans zalı mövcuddur.
Qeyd edək ki, kompleksin müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1900-ə qədər tamaşaçı izləyə bilər. Burada mini futbol meydançaları da idmançıların ixtiyarına verilib. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

Ramin Məhəmmədoğlu,
“RealMedia.az”-ın baş redaktoru

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin