İcra başçılarının prezidentə referendum xəyanəti – Siyahı

0
678

Sentyabrın 26-da keçiriləcək referendum icra hakimiyyəti strukturları üçün bir sınaqdır. Bu prosesdə zəif nəticə göstərən rayonların icra başçıları barəsində ölçü götürüləcəyi istisna deyil. Cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, Konstitusiyada dəyişiklikləri nəzərdə tutan referendumla bağlı icra hakimiyyətləri təlimatlandırılıb.
Bütün seçkilərdə inzibati resurslarını səfərbər edən İH-ləri bu dəfə olduqca passivlik nümayiş etdirir. Bu qeyri-fəallığın səbəbi açıqlanmasa da, icra başçılarında olan arxayınlıqla izah edilir. Əsasən də regionlarda icra hakimiyyəti strukturlarında bir arxayınçılıq yaranıb ki, referendum hakimiyyətin istəkləri üzərində həyata keçiriləcək və nəticələr ictimaiyyətə bəllidir. O baxımdan prezident və parlament seçkilərindəki fəallıq referendum ərəfəsində müşahidə olunmur.

 
Gələn xəbərlərdə bu arxayınlığın bir sıra icra hakimiyyəti başçıları üçün yaxşı perspektiv vəd etmədiyi qeyd olunur. Bu eksperimentdən üzüağ çıxa bilməyən icra hakimiyyəti rəhbəri postunu itirə bilər. Hələlik iqtidar elitasından da RİH-nə xüsusi təlimat verilməyib və bu siyasi manipulyasiya məhz onları yoxlamaqdır. Əgər RİH-ləri öz təşəbbüsü ilə referendumla bağlı göstəriş gözləmədən aktiv fəaliyyətə keçməsə, artıq mərkəzi dairələrdə onların barəsində dosye hazırlanacağı gözləniləndir. Hər halda avqustun ilk yarısı geridə qalıb və referendumla əlaqədar heç bir rayonda toplantı, ictimaiyyətlə görüş keçirilməyib. Halbuki, rayon ictimaiyyəti ilə toplantı keçirilməli, əhali ilə söhbət olunmalıydı.

 
Bizə verilən xəbərdə bildirilir ki, icra başçıları referendumla bağlı hazırlıq işlərini yüksək səviyyədə qurmasa, xalq arasında maarifləndirmə işlərinin tempini artırmasa və insanları təklif edilən dəyişiklikləri dəstəkləməyə sövq etməsə bu, birbaşa ölkə rəhbərliyinə qarşı siyasi xəyanət kimi qiymətləndiriləcək.
Hazırda bir çox rayonların icra hakimləri prezidentə qarşı bu təxribatı dolayısı ilə reallaşdırmaqda davam edir. Onarın sırasında istər paytaxt rayonlarının icra hakimlərini, istərsə də regionları sadalamaq olar. Xüsusilə, il ərzində hakimiyyətin sabit siyasətini pozan və sosial gərginlik yaradan, əhali ilə iqtidarı üzbəüz qoyan, özbaşınalığına görə aksiyalara səbəb olan icra başçılarına qarşı həssas bir nəzarət var. Onların referendumla bağlı hərəkətləri ciddi şəkildə izlənilir.

 
Mənbənin iddiasına  görə, bu siyahıda yanan binaya görə Avropa Oyunları ərəfəsində hökuməti çətinə salan Binəqədi rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov yer alıb. Hakimiyyətə başağrısı yaratmış icra başçısı üçün referendum bir sınaq müddətidir. Bu sınaq həm də onun kuratoru olan vergilər naziri Fazil Məmmədova şamildir.

 
Eyni zamanda adı müxtəlif qalmaqallı hadisələrdə hallanan və barəsində tez-tez prezidentə şikayətlər ünvanlanan Lerikin icra başçısı Rövşən Bağırov, Yevlax şefi Qoca Səmədov, Daşkəsənin başçısı Əhəd Abıyev, Masallı, Yardımlı, Astara, Xocavənd, İmişli və başqa rayonların icra hakimlərini qeydt etmək olar.

 
Söhbət adı daha çox mediada müxtəlif neqativ işlərdə hallanmış məmurlardann gedir. Hətta bir müddət qabaq deputat Çingiz Qənizadə Salyan və Cəbrayılın icra başçılarının istefaya göndərilməsi haqda danışarkən bildirmişdi ki, mətbuatın onlardan yazdıqları bu sərəncama təsir edib. Odur ki, referendumda özünü necə təqdim edəcək icra başçısının dosyesinə baxılacaq və mətbuatda ondan gedən şikayətlərə nəzər yetiriləcək.

 
Görünən budur ki, Konstitusiya dəyişikliklərini dəstəkləməyin zəruriliyi ilə bağlı təbliğat işinə başlanmayıb. Bu tənbəlliklə hökumətə xəyanət edən icra hakimiyyətləri il ərzində büdcədən taladığı vəsaitlərin bədəlini ödəyə bilər. Hər halda icra hakimlərini də belə həssas dönəmdə cəza gözləməkdədir.

Çingiz Coşqun

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin