Azərbaycan gəncliyi üçün böyük iz buraxan, onların dini yöndə maariflənməsi, pis vərdişlərdən uzaq olması üçün çalışan tanınmış ilahiyyatçı hacı Şahin Həsənlinin vəfatı onun yerinin boş qalacağı haqda fikirlərə yol açıb. Belə ki, cəmiyyətin əksər hissəsi böyük kütlənin sevgisini qazanan, insanları öz arxası ilə aparmağı bacaran, moizələri dillər əzbəri olan tanınmış ilahiyyatçı səviyyəsində bir din xadiminin yetişəcəyinə inanmır. Bu isə, dini baxımdan ideoloji boşluğun yaranması ilə nəticələnə bilər. Bəs görəsən indiki şəraitdə hacı Şahin Həsənlinin yoxluğu ilə yaranan boşluğu doldurmaq üçün onun səviyyəsində ilahiyyatçı varmı? Yaxud belə bir din xadimini yetişdirmək üçün nə qədər zaman lazımdır?
RealMedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, hacı şahin Həsənli insanların sevgisini qazanan bir şəxs idi. Həmçinin gənclərin pis vərdişlərdən çəkinməsində böyük rol oynadığı danılmaz faktdır: “Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi olub. Onun kimi nümayəndələrin və ilahiyyatçıların sayı kifayət qədərdir. Sadəcə hamı parlaya bilmir. Hacı Şahin Həsənlinin xüsusi danışıq tərzi, nitq qabiliyyəti, psixoloji cəhətdən insanları özünə cəlb etmək bacarığı daha üstün olduğuna görə mərhum ilahiyyatçının sevənləri də çox idi. Amma mən inanıram ki, Azərbaycanda dini təhsil alan kifayət qədər ruhanilərimiz var. Ona görə də, xalqımız bu sahədə başqalarından heç də geri qalmayacaq. İstedalı ilahiyyatçılar yetişir və hacı Şahin Həsənlinin yeri boş olmayacaq. Amma hacı Şahin səviyyəsində və o parlaqlıqda olan din xadiminin yetişib-yetişməyəcəyini öncədən kimsə proqnoz verə bilməz. Bu, zaman məsələsidir. İnanıram ki, onun yolunu davam edən kifayət qədər tələbələri var. Bu şəxslər hacı Şahin Həsənlinin yolunu davam etdirəcəklər. Mərhum İlahiyyatçının ən vacib xüsusiyyətlərindən biri də onun milli təhsil alıb yetişməsi idi. Eyni zamanda dövlət siyasətini çox gözəl bilirdi. Çünki iki ali təhsili vardı. Təəssüf ki, bizim ilahiyyatçıların arasında bu cür şəxslərin sayı olduqca azdır. Amma ümid edirəm ki, zamanla hacı Şahin Həsənli səviyyəsində bir ilahiyyatçı yetişəcək”.
İlahiyyatçı əlavə edib ki, hacı Şahin Həsənlidən öncə, yəni Sovet hökuməti dağıldıqdan sonra Azərbaycanın tanınmış din xadimlərindən biri də hacı Sabir Həsənli olub: “Azərbaycanda ilk ilahiyyat alimi odur. Bu gün “Heydər Məscidi”nin rəhbəridir və bizlər də onun tələbələri olmuşuq. Bakı İslam universitetinə uzun müddət rəhbərlik edib. Mən deyərdim ki, Şahin Həsənli də hacı Sabir Həsənlinin ənənəvi yolunun davamçısı idi. Çnki o obrazı ilk dəfə hacı Sabir yaradıb. Yəni təriqətçilikdən və xurafatdan uzaq, elmi-dini-mədəni bir yolu hacı Sabir Həsənli ortaya qoyub. Onun davamçıları kifayət qədərdir. Ad çəkmək bir az tez olar. Amma bu yolu davam etdirəcək kifayət qədər ilahiyyatçılar var. Getdikdə onlar daha da püxtələşib hacı şahin Həsənli səviyyəsində yetişəcəklər”.
Mövzunu saytımıza şərh edən Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli bildirib ki, hacı Şahin Həsənli səviyyəsində ilahiyyatçını yetişdirmək üçün ən azı 30 il vaxt lazımdır: “Bu gün gənclərin rəğbətini qazanan, öz rasional düşüncəsi və təfəkkürü ilə insanların qəlbinə yol tapan hacı Şahin Həsənlinin aramızda olmaması çox kədərlidir. O, hər zaman gəncləri əxlaqi dəyərlərə sövq edən pozitiv bir insan kimi yaddaşlarda qalacaq. O, tarixdə özünəməxsus bir ad və imza qoydu. Amma ölümün yaşı yoxdur və hər bir insan bunu dadacaq. Hesab edirəm ki, hacı Şahin Həsənli məktəbi və onun davamçıları var. Burada konkret ad çəkmək mümkün deyil. Çünki hər bir ilahiyyatçının özünəməxsus yeri var. Hacı Şahin Həsənli unikal bir insan idi. İnanıram ki, milyonlarla insanın çiynində dünyadan köçdüyü üçün onun da ruhu şaddır”.