“Gürcüstanda “Qarabağ”ın uğurundan çox danışırlar” – “Samtredia”nın futbolçusu

0
61

Sumqayıt”dan ayrıldıqdan sonra ölkə daxilində klub tapmadığı üçün karyerasını başa vurduğunu elan edən, sonradan Gürcüstanın “Samtredia” klubuna keçən yarımmüdafiəçi Nicat Qurbanov Qol.az saytına müsahibə verib. O, Gürcüstandakı karyerasından söz açıb.

– “Sumqayıt”dan ayrıldıqdan sonra karyeranızı bitirdiyiniz elan etmişdiniz. Sonradan Gürcüstanın “Samtredia” klubuna keçdiniz. 27 yaşda futboldan getmək haqda qərar verməyin səbəbi nə idi?

– Bu qərarı vermək doğrudan da çox ağır idi. İstəmədiyim qərarı vermək məcburiyyətində qaldım. Sadəcə, bir təklif olmadı, ona görə çox həvəsdən düşmüşdüm.

– Karyeranızı sonradan bərpa etdiniz. Niyə məhz Gürcüstan?

– Açığı, Gürcüstana gəlməyim ani alındı. Menecer Vaqif Heydərli zəng edib, belə bir variantın olduğunu dedi. Daha sonra Gürcüstana gedərək “Samtredia” klubunun idman direktoru ilə görüşdüm və razılaşdıq.

– Gürcüstanda futbolun ümumi səviyyəsi haqda nə deyə bilərsiniz? Hansı cəhətlərinə görə bizdən üstün, hansı cəhətlərinə görə isə geridədirlər?

– Düşünürəm ki, Gürcüstan milli komandası hazırda bizdən bir pillə üstündür. Heyətlərindəki bütün futbolçular demək olar ki, legioner həyatı yaşayır. Yerli çempionatdan yığmada maksimum 1-2 futbolçu var. Biz sadəcə, bir cəhətdən öndəyik, o da pul, maddiyat. Başqa heç nə ağlıma gəlmir.

– Azərbaycandan fərqli olaraq, Gürcüstanda bir xeyli bölgə klubu var. Ümumiyyətlə, Gürcüstanın bölgələrində futbolun vəziyyəti necədir?

– Gördüyüm budur ki, maddi baxımdan çətinliklər olduğu üçün bölgələrdə şərait aşağıdır. Amma istedadlı gənclər çoxdur. Demək olar ki, çoxu da legioner həyatı yaşamaq üçün can atır.

– “Samtredia” bir vaxtlar Çempionlar Liqasında “Qarabağ”la oynayıb. Bu komanda indi niyə 2-ci liqada yarışır?

– Bildiyimə görə, klubun borcları olub və ona görə aşağı dəstəyə düşüb. Amma dəqiq məlumatım yoxdur.

– Qonşu Gürcüstanda yerli futbol adamları bizim futbol haqda nə düşünürlər?

– Burada “Qarabağ”ın uğurundan çox danışırlar. Bir azərbaycanlı kimi bu da məni sevindirir. Milli komandamıza gəldikdə, yığmamızın zəif çıxış etməsi onlara təəccüblü gəlir.

– Öz çıxışınız haqda danışaq. Bu mövsüm çempionatda 6 qol vurmusunuz, 3 də qol ötürməsi etmisiniz. Bunu özünüz üçün yaxşı nəticə sayırsınız?

– Məncə, yaxşı göstəricidir. Amma kifayətlənmək olmaz.

– Komandanız yeni mövsümdən yüksək liqada çıxış etməyə yaxındır. Gələcək karyeranız barədə nə fikirləşirsiniz: orada qalacaqsınız, yoxsa təklif olsa, Azərbaycan klubuna qayıdacaqsınız? Ümumiyyətlə, hal-hazırda belə bir ehtimal nə qədərdir?

– Hər şey buradakı pley-off oyunundan sonra bəlli olacaq. Ümüd edirəm, bizim üçün uğurlu alınar. Təkliflər barədə isə mövsüm bitəndən sonra açıqlama verə biləcəyəm.

– Sizin Azərbaycan Premyer Liqasında bir neçə klubda, o cümlədən aşağı yaş qrupu üzrə milli komandalarda uğurlu oyunlarınız olub. Sonradan karyeranızda enişin olmasının səbəbini nədə görürsünüz? Bundan sonra bir futbolçu kimi hədəfiniz nədir?

– Mənim Gürcüstana gəlməyim karyerama çox böyük təkan oldu. Yeni səhifə açıldı və burada uğurlu oyunlarım oldu. Uzun müddət olar ki, belə formaya düşməmişdim. Hər futbolçuda enişlər olur, əsas odur ki, yenidən ayağa qalxıb, qayıda biləsən. Açığı, hər şeyin bitdiyini düşündüyüm anda mənə belə bir qapı açıldı. Düşünürəm ki, bu şansı dəyərləndirə bilmişəm. İndi özümə inamım artıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin