Füzuli şəhərinin alınması ordumuza hansı imkanlar açır: xəritə ilə təhlil

0
235

“Füzuli rayonun işğaldan azad olunmuş ərazilərini müşahidə etmək üçün xəritəni sizinlə paylaşıram”.

Bu giriş ABŞ-ın Rutgers universiterinin professoru, əslən Füzulidən olan Qubad İbadoğlunun növbəti yazısındandır.

RealMedia.az əhəmiyyətini və aktuallığını nəzərə alaraq, həmin təhlil yazısını oxuculara təqdim edir:

“Füzuli rayon mərkəzinin alınması Məngələnata yüksəkliyinin bizdə olması deməkdir. Bu, eyni zamanda o anlama gələ bilər ki, Azərbaycan Ordusu Xocavənd rayonunun Tuğ, Tağ, Salatəkin, Susalıq, Domu kəndlərinə, Azıx mağarasına və o ərazidə əhəmiyyətli yaşayış məntəqələrindən olan Qırmızı Bazar qəsəbəsinə də nəzarət edir. Böyük ehtimalla yaxın günlərdə həmin ərazilərin də işğaldan azad olunması xəbərini alacağıq.

Füzuli rayonun azad olunması həm də müzəffər Ordumuzun Dövlətyarlı, Qacar, Zərgər, Govşadlı kəndləri tərəfindən Xocavənd rayon mərkəzi istiqamətində irəliləməsinə imkan verir. Füzulinin işğal atında qalan əsas kəndləri bu istiqamətdə yerləşir.  Füzulinin rəsmi olaraq 72 kəndi vardır. Onun, əsasən, Araz çayı boyunca yerləşən 21-i bu müharibəyə qədər bizdə olub, yerdə qalan 51 kəndin demək olar ki, son 20 gündə 30-nun işğaldan azad olunması xəbərini almışıq. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, ərazicə Füzulinin 85-90 faizində Azərbaycan ordusu mövqelərini möhkəmləndirib, yerdə qalan 10-15 faizinə də qismən nəzarət edir.

Hazırda Füzuli ərazisində əhəmiyyət kəsb edən 2 yüksəklik vardır: Şişqaya və Üryandağ. İnşallah, tezliklə onlar da azad edilər və Füzuli tam Azərbaycan Ordusunun ixtiyarında olar. İnşallah, tezliklə doğma yurdundan didərgin olmuş 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarına qayıdar”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin