Fransa sülhə ən ciddi təhlükədir: “Erməni terrorizmi”ni dəstəkləyən və soyqırımçı “fransız humanizmi”…

0
49

Yaxın keçmişi “qanlı ləkələr”lə zəngin olan Fransanın “humanizm”dən danışması ümumiyyətlə, “qara fransız yumoru”ndan başqa bir şey deyil… Müstəmləkəçi Fransanın Əlcəzairdə, Mərakeşdə, Ruandada və s. Afrika ölkələrində törətdiyi kütləvi soyqırımların bəşəri cinayətlər kimi tanınmasının vaxtı çatıb…   

Cənubi Qafqazın “qapıları” Fransanın üzünə həmişəlik qapanmaq üzrədir. Çünki, bu müstəmləkəçi ölkə regiona Ermənistan üzərindən yerləşməyə cəhd göstərir. Ermənistan isə Cənubi Qafqazın nəinki “qapısı”, heç “pəncərəsi” də deyil. Və bundan sonra Fransanın Cənubi Qafqazdakı maraqlarının hansı səbəbdən iflasa uğraması barədə artıq rəsmi Paris təkbaşına düşünmək məcburiyyətində qalacaq.

Fransa Senatı rəsmi Parisin Cənubi Qafqaz siyasətinə və maraqlarına ən ağır və sarsıdıcı zərbəni vurdu. Ona görə də, hesab etmək olar ki, Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi sənəd əslində, bumeranq effekti verəcəyi şübhə doğurmayan bir addımdır. Və bu sənədin Azərbaycandan daha çox elə Fransanın özünə ziyan vuracağı artıq indidən qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, rəsmi Bakı böyük ehtimalla Fransa Senatının bu davranışını bağışlamayacaq. Yaxın vaxtlarda Azərbaycanın siyasi dairələri mütləq adekvat addımlarla Fransaya cavab verəcək. Hər halda, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət öncə verdiyi açıqlamalarla və qərarlarla rəsmi Bakının belə mövzulara güzəştsiz yanaşdığını gizlətməmişdi.

849dd534-04e4-44e6-83ef-ebc952fe8b15.jpg (257 KB)

Fransa prezidenti Emmanuel Makron bir müddət öncə Ermənistanı dəstəkləyib, Azərbaycanı ittiham etməyə cəhd göstərmişdi. Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq, Fransa liderini əvvəlcə “küçə leksikonu”dan istifadə etməkdə qınadı. Ardıncasa, Fransanın bundan sonra heç vaxt Cənubi Qafqazda sülh danışıqlarında vasitəçilik, yəni, ümumilikdə geopolitik proseslərdə istirak edə bilməyəcəyini vurğalamışdı.

Ancaq Azərbaycan lideri Fransanı sülh prosesindən kənarlaşdırmaqla da kifayətlənmədi. Belə ki, Prezident İlham Əliyev Fransanın Əlcəzairdə törətdiyi kütləvi soyqırımları da rəsmi Parisə xatırlatdı. Bununla da, Fransaya olduqca ciddi və sərt xəbərdarlıq etmiş oldu.

İndi Fransa Senatı Azərbaycanı yenə ittiham edib, hətta Azərbaycanın Xankəndi və ətraf bölgəsində Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənən erməni separatçı-terrorçuların “müstəqilliyinin” tanınmasını təklif edib. Eyni zamanda, Xankəndi və ətraf bölgədə Fransanın “humanitar büro”sunun açılmasına çağırıb. Və Fransa Senatının rəsmi Bakıdan Azərbaycan ordusunu Ermənistan ərazisindən çıxartmağı tələb etməsi isə ümumiyyətlə, heç bir sağlam məntiqə söykənmir.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında sərhədlər hələ delimitasiya və demarkasiya olunmayıb. Belə olduğu halda, Fransa Senatı iki qonşu ölkə arasında sərhəd xəttinin haradan keçdiyini necə müəyyən edib? Fransa Senatının yalnız “erməni iddiaları”na uyğun şəkildə sərhəd mövzusunu gündəmə gətirməsi beynəlxalq hüquq normalarına hörmətsizlikdir.

1668590970_fransa.jpg (37 KB)

Digər tərəfdən, Fransa Senatının erməni separatçı-terrorçulara “müstəqillik nağılları” danışması da absurddur. Çünki, Fransa Senatı bu “müstəqillik nağılları”nı əvvəlcə Korsika adası ilə bağlı danışsa da doğru olar. Yəni, Fransa Senatı Azərbaycanın əraziləri barədə mövqe bildirməkdən əvvəl Korsikanın müstəqilliyini tanımalıdır.

Azərbaycanın Xankəndi və ətraf bölgəsində Fransanın “humanitar büro”sunun açılması ilə bağlı çağırış isə ümumiyyətlə, “qara fransız yumoru” kimi səslənir. Çünki, Fransa Senatı “humanitar büro” xəyalına düşməkdən əvvəl ölkəsinin nə qədər humanist olduğunu da əvvəlcədən müəyyən etsə, yaxşı olar. Və bunun üçün Fransanın yaxın keçmişinə nəzər yetirmək tamamilə kifayətdir.

Hər halda, Əlcəzairdə, Mərakeşdə, Ruandada və s. Afrika ölkələrində kütləvi qətliamlar törətmiş müstəmləkəçi Fransanı bəlkə də heç fransızlar da “humanist ölkə” adlandırmazlar. Həmin ölkələrdə Fransanın milyonlarla insana qarşı soyqırım törətməsi fransızları “humanizm” barədə danışmaq hüququndan ümumiyyətlə, məhrum edir. Və keçmişi qanlı qara ləkələrlə “zəngin” olan Fransanın belə mövzulardan mümkün qədər uzaq durması lazımdır.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Bütün bunlar onu göstərir ki, Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən dövlətdir. Fransa Senatının qəbul etdiyi son sənəd, eləcə də rəsmi Parisin məlum davranışları bunu növbəti dəfə təsdiqləmiş olur. İndi artıq ATƏT-in Minsk Qrupunda “Dağlıq Qarabağ problemi”nin nizamlanması prosesinin niyə 30 il uzadıldığına və həll edilməmiş qaldığına təəccüblənmək mənasız görünür.

Artıq heç kimdə şübhə doğurmur ki, məhz Fransa Minsk Qrupunun həmsədrlərindən biri kimi, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin Ermənistanın işğalı altında qalmasında xüsusi rol oynayıb. Rəsmi Paris öz ermənipərəst mövqeyi ilə bu problemin sülh danışıqları yolu ilə həll edilməsini əngəlləyib. Və nəticədə rəsmi Bakı Minsk Qrupu tərəfindən uzadılan bu problemi Azərbaycan ordusunu hərəkətə gətirərək, cəmisi 44 gün ərazində həll etməyə nail oldu.

Təbii ki, bütün bunlardan gələcək üçün çıxarılmalı olan ciddi nəticələr də olmamış deyil. Belə ki, Fransanın ermənipərəst və Azərbaycana düşmən dövlət olduğunun sübuta belə, ehtiyacı yoxdur. Ona görə də, bundan sonra Fransa Azərbaycan-Ermənistan sülh danışıqlarından kənarda saxlanılmalıdır. Fransanı ümumiyyətlə, Cənubi Qafqazda geopolitik, geoiqtisadi və geostrateji proseslərə yaxın buraxmaq olmaz. Və bir dəfəlik elan edilməlidir ki, Fransa Cənubi Qafqazda sülhə, sabitliyə qarşı ən ciddi təhlükə rolunu oynayır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin