Fazil Ələkbərovun adamları yenidən nazirliyə qaytarılır – Naxçıvan DİN-də yeni kadr təyinatları olub…

0
172

Naxçıvan Daxili İşlər naziri səlahiyyətlərini icra edən, polis polkovniki Rəşad İsmayılovun göstərişi ilə polis kapitanı Şahin Qasımov Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinə xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunub. RealMedia.az ovqat.com-a istinadən xəbər verir ki, bu təyinata qədər Ş.Qasımov Naxçıvan DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi idi.

Xatırladaq ki, 01.11.2021-ci il tarixdə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ləğv olunmuşdu. İdarənin rəisi Şahin Qasımov Fazil Ələkbərovun yaxın kadrı idi. Yeni nazir əvəzi köhnə naziri, daha doğrusu, hazırkı legitim nazıri tamamilə zərərsizləşdirmək üçün onun kadrlarını işdən uzaqlaşdırmaqla qalmamış, həm də onların yenidən başqa vəzifələrə təyin olunmasının qarşısını almaq niyyətilə struktur islahatlarına getməyi məsləhət bilmişdi. Onun Ali Məclisdəki havadarları da məsələni Cənab Sədrin qarşısında qaldırmış və struktur dəyişikliyinin vacibliyinə onu inandırmışdılar. Beləcə Naxçıvan MR DİN-də bir sıra strukturlar ləğv olunmuş, qurum suyu qurumuş dəyirmana çevrilmişdi. Nazir əvəzi Rəşad İsmayılov da bir neçə gün əvvəl keçirdiyi müşavirədə Cənab Sədrin DİN də apardığı misilsiz struktur islahatlarını az qala Kolumbun Amerikanı kəşfi ilə müqayisə edərək demişdi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında Daxili İşlər Nazirliyində həyata keçirilən köklü islahatlar və Nazirliyin ştat strukturunun real əməliyyat şəraitinə uyğun olaraq yenidən təsdiq olunması daxili işlər orqanlarında idarəçilik və təşkilatçılıq işinin təkmilləşdirilməsinə, orqan və hissələrin qarşısında duran mühüm vəzifə və funksiyaların müasir dövrün tələblərinə uyğun şəkildə icrasına, xidməti və icra intizamının möhkəmlənməsinə əlverişli şərait yaratmaqla polis orqanları əməkdaşlarının üzərinə daha ciddi məsuliyyət qoyub”.

Amma görünən budur ki, Rəşad İsmayılovun mədhiyyələri işə yaramayıb. Fazil Əhmədovun bir nömrəli adamı kimi tanınan Şahin Qasımova sahəsi daraldılmış nazirlikdə yenidən iş yeri tapılıb. İnformasiya mənbələrimiz bunu iki səbəblə izah edir. Əvvəla, Ş.Qasımov atası Naxçıvanın tanınmış iş adamı olduğuna görə, o, “vurulmadı”. İkincisi isə bu fakt onu göstərir ki, yeni nazir əvəzi Rəşad İsmayılov da Cənab Sədrin gözündən düşüb. İddialara inansaq, onun yerinə namizəd axtarılır. Yaxın günlərdə şanslı namizədlər barədə əldə etdiyimiz məlumatları sizinlə bölüşəcəyik.

Nazir əvəzi Rəşad İsmayılovun digər əmri ilə polis polkovnik-leytenantı Məmmədəli Məmmədov Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinə baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunub. Bu təyinata qədər M.Məmmədov Naxçıvan DİN-in Xüsusi Təyinatlı Əməliyyat Taborunun komandiri idi. Həmin tabor da Cənab Sədrin misli-bərabəri görülməmiş struktur islahatları çərçivəsində ləğv olunmuşdu.

Maraqlıdır ki, M.Məmmədov da Fazil Ələkbərovun adamıdır və onun tərəfindən Naxçıvan DTX-dan Naxçıvan DİN-ə transfer edilmişdi. M.Məmmədovun Naxçıvan DİN-in sabiq naziri Əhməd Əhməovun qoluna qandal vuraraq Naxçıvana aparması ilə ün qazanmışdı. Deyilənlərə görə, məhz bu şücaətinə görə də, M.Məmmədov Fazil Əlkəbərovun yaxın kadrı olmasına baxmayaraq “vurulmayıb”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin