FƏRARİLƏRİN ÜSYANI… – Və ya İrəvanda nəyin davası gedir?

0
70

“Bu günlərdə ictimai asayişi pozduqları üçün polisin saxladığı vətəndaşların bir hissəsi 3 aylıq hərbi toplanışdan və icbari hərbi xidmətdən yayındığı güman olunan şəxslərdir”.

Bunu Ermənistan parlamentinin üzvü, Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Koçaryan özünün “Facebook” səhifəsindəki paylaşımında bildirib. Bununla da erməni siyasətçi bu gün İrəvan küçələrinə çıxaraq, Paşinyan hakimiyyətinin devrilməsini tələb edən revanşist qüvvələrin əhəmiyyətli hissəsinin fərarilərdən ibarət olduğunu göstərmiş olub.

Əslində, elə Koçaryanın özünün də bir üzvü və eyni “dəyərlər”inin daşıyıcısı olduğu erməni cəmiyyətini və siyasi elitasını tanıyanlar üçün deputatın dediklərində qeyri-adi heç nə yoxdur. Çünki hazırkı erməni hakimiyyətinin və müxalifətinin başında duranların böyük hissəsi 44 günlük müharibə dövründə əvvəlcə “xoruzlanaraq” Qarabağa yollanan, sonradan isə Azərbaycan Ordusunun şapalağını qulağının dibində hiss edən kimi, dabanına tüpürüb qaçan fərarilərdir. Deməli, bu qüvvələrin çağırışı ilə küçələrə çıxanların da böyük hissəsi elə onların tayıdır.

Ermənistan mətbuatında 44 günlük müharibə bitəndən dərhal sonra bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Nikol Paşinyanın ən qatı rəqiblərindən biri olan və bugünkü etirazların əsas təşkilatçılarından sayılan Artur Vanetsyanın müharibə dövründə fərarilik etməsinə dair məlumat yayılmışdı. Özü də bu məlumat Vanetsyanın xələfi, ondan sonra 2019-2020-ci illərdə MTX şefi olmuş, deməli həm də kifayət qədər mötəbər məlumatlara malik olan Arqişti Karamyanın açıqlamaları əsasında dərc edilmişdi.

O vaxt Karamyan demişdi ki, Şuşa uğrunda döyüşlər gedən zaman Vanetsyan öz başının dəstəsilə şəhərə gəlib. Həmin vaxt Xocalı qatili Seyran Ohanyanın rəhbərlik etdiyi hərbi qərargah oradan Ağdərəyə getmək istəyən Vanetsyandan öz dəstəsilə Şuşada qalmasını və şəhəri müdafiə etməyə yardım göstərməsini istəyib: “Gecə azərbaycanlıların hücumu başladı. Komandanlıq Vanetsyana müdafiə nöqtələrinin birində mövqe tutmağı təklif etdi. Lakin Vanetsyan dedi ki, onlar təzə gəliblər və döyüşə girməyə hazır deyillər.”

Karamyan Vanetsyanın bir neçə saatdan sonra Ohanyanın təkidilə müdafiə mövqelərindən birinə getdiyini bildirib. Lakin sonradan məlum olub ki, onun dəstəsi səngər qazmaqdan və mövqe tutmaqdan yayınıb. Daha sonra Karamyan öyrənib ki, Vanetsyan Şuşadakı qərargaha qayıdıb. Bundan qısa müddət sonra isə məlum olub ki, bu gün İrəvan küçələrinin “qəhrəmanı” olan Vanetsyan faktiki olaraq, Şuşadan qaçıb və Xankəndiyə yollanıb. Onun gətirdiyi dəstə isə döyüşə girməkdən imtina edib: “Şuşada Vanetsyanın dəstəsindən cəmi 20 nəfər qalmışdı. Sonra məlum oldu ki, bir neçə saatdan sonra onlar da ərazini tərk ediblər”.

44 günlük müharibədə eyni “şücaəti” bu gün Rusiyanın qulluğunda duran müxalifətin digər aparıcı “liderləri” də göstəriblər. Elə məşhur Seyran Ohanyan da Şuşadan qaçış sürətinə görə Vanetsyandan geri qalmayıb.

Daşnakların liderlərindən olan İşxan Saqatelyan və digərləri də bunlarla eyni bezin qırağıdır. Yəni, bu gün Paşinyanı “Qarabağı təslim etməkdə” günahlandıranlar ən azı Paşinyanın özü və generalları qədər fəraridirlər. Onların bu gün Qarabağ kartından istifadə etməsi, revanşist şüarlarla “xoruzlanması” isə əslində, “Ermənistanı dirçəltmək, “artsax”ı qaytarmaq” məqsədinə yox, sadəcə hakimiyyət uğrunda savaşı qazanmağa xidmət edir. Yəni, bunlara “artsax” filan yox, hakimiyyət lazımdır. Ya da bu, həmişə olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı artan kimi, aranın qarışdırılması, artıq erməni tərəfinin əldə olunmuş razılaşmalardan çıxması üçün bəhanə əldə etməsi məqsədilə oynanılan növbəti razılaşdırılmış oyundur…

Hakim partiyanın tanınmış və nüfuzlu simalarından olan A.Koçaryan sözügedən paylaşımında həm də deyib ki, mitinqlərdə saxlanılan məlum şəxslər Azərbaycanla sərhədə və Qarabağa “hərbi xidmətə” göndərilməlidir. Hətta qeyd edib ki, parlament komissiyasında bu məsələnin müzakirəsi nəzərdə tutulur.

A.Koçaryanın bu fərariləri Azərbaycan Ordusu ilə üzbəüz mövqelərə göndərilməsi təklifi ondan xəbər verir ki, artıq 44 günlük müharibədən sonra Azərbaycan Ordusu Ermənistandakı daxili siyasi mübarizədə həlledici söz sahibinə, az qala siyasi indikatora çevrilib. Çünki göründüyü kimi, tərəflər bir-birini dolayısı ilə Azərbaycan Ordusu ilə hədələyir cəza tədbiri kimi ordumuzun qarşısına göndərməklə qorxudur.

Deməli, Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan hər iki tərəfin Azərbaycan Ordusunun son sözünə ehtiyacı var. O söz isə doğrudan da deyilməlidir – Qarabağda qalmış separatizm tör-töküntülərini torpaqlarımzdan birdəfəlik rədd etməklə! Ondan sonra qoy, Ermənistan daxilində nə qədər istəyirlər didişsinlər. (AzPolitika.info) 

Cəlal (Elxan) Məmmədov

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin