Evinə dəvət etdiyi səfil qonağı öldürən şəxs: “Altını batırmışdı”

0
816

Evinə dəvət etdiyi qonağı öldürən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Malik Həsənovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktında qeyd olunur ki, Malik Həsənov tanışı ilə yeyib-içib. Hər ikisi sərxoş olub. Daha sonra M.Həsənov dostu Zakirə geyinmək üçün idman geyimi verib. Malik dostu Zakirin həmin paltara sidik ifraz etdiyini görüb və bunu özünə qarşı hörmətsizlik kimi qəbul edib.

Buna görə də Zakirə irad bildirib və mübahisə ediblər. İttihamda yazılır ki, Malik Həsənov Zakiri qisas almaq məqsədi ilə öldürüb. Əvvəlcə Zakirin başına boru ilə vurub. Daha sonra isə taxta parçası ilə vurmağa davam edib. Bununla da qəzəbi keçməyən Malikin daha bir taxta parçası götürərək onun baş nahiyəsinə zərbələr endirib.

Məhkəmədə Malik Həsənov elan edilən ittihamla özünü qismən təqsirli bildiyini söyləyib.

O, tanışını qətlə yetirsə də, ittihamda yazılan bəzi məqamlarla razılaşmadığını deyib.

“Mən onu evimə dəvət etmişəm. Bizim məhəllədə küçədə qalırdı. Qonşular da ona kömək edirdi. Ailəsindən ayrılmışdı. Evimə dəvət elədim, yedik-içdik. Gəldim ki, uzandığı yeri batırıb. Dedim ki, “axı sən küçədə deyilsən, tualet 5 metr məsafədədir”. Bundan sonra mübahisə elədik. O məni söydü, mən də onu. Onu vurdum. Sonra evi tərk eləməsini tələb elədim. Amma getmədi. 102-yə yığdım. Zəng edib dedim ki, bu adam evimə gəlib, döymüşəm, amma evimdən çıxmır. Amma polislər gəlmədi. Mən evə qayıdanda gördüm ki, Zakir əl-üzünü yuyub, qanı təmizləyib, gedib uzanıb. Mən evdən çıxdım. Gedib parkda gəzdim”- deyə təqsirləndirilən şəxs söyləyib.

M.Həsənov söyləyib ki, parkdan qayıdandan sonra Zakirin öldüyünü bilib: “Gələndə gördüm ki, Zakir tərpənmir. Bildim ki, ölüb. Özüm polisə gedib təslim oldum. Polisdə dedim ki, Zakiri öldürmüşəm. İnanmadılar, dedilər ki, sən adam öldürmüsən? Dedim ki, vallah, belə olub”.

Təqsirləndirilən şəxs iddia edir ki, Zakir onun vurduğu zərbələrdən yox, boğulmadan ölüb: “Mən gələndə sağ idi. Morqda da dedilər ki, boğulmadan ölüb. Mən gedəndən sonra evdə nəsə yeyib boğulub. Həm də xəstə idi”.

Məhkəmə iclası noyabrın 28-də davam edəcək.

Qətl hadisəsi bu ilin iyul ayında Nəsimi rayonunda, İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvaninda  baş verib. Qatil 1972-ci il təvəllüdlüdlüdür, qurban isə 1951-ci ildəndir.

M.Həsənov 120.2.4 (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9 (xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə ittiham edilir.

İ.Muradov
Musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin