Ermənilər Laçında qaldı, qayıdış gecikdi… – Niyə narazıyıq?

0
126

Bir neçə gündür Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilərin yaşaya biləcəyi, daha dəqiq desək, “Laçın şəhəri, Zabux və Susun Ermənistanın nəzarəti altında qaldığı” haqda erməni rəsmilər və mediasının təbliğatı davam edir.

RealMedia.az xəbər verir ki, sözügedən şəhər və kəndimizdən (Sus kəndi də Zabux kəndinin inzibati ərazisinə daxildir) erməniləri çıxmağa tələsməməyə çağıran Ermənistan rəsmiləri oldu. Ermənistan mediası isə bunu “Laçın və daha iki sərhəd kəndi Ermənistanın nəzarətində qaldı” başlığı ilə manipulyasiya etməyə başladı.

Bunun nəticəsi özünü sosial şəbəkələrdə göstərməyə başlayıb və ciddi təbliğat aparıldığını görürük.

Əslində nə baş verir?

Əvvəla, Laçın dəhlizi bu ərazilərdən keçdiyi üçün həmin şəhər və kəndimizə nəzarət Rusiya sülhməramlılarında qalır, ermənilərin təqdim etdiyi kimi, “Ermənistanın nəzarətində” deyil!

İkincisi, Rusiya sülhməramlıları həmin ərazilərdə onlara qulluq edəcək xidmətçilərin olmasını istəyib və 200 nəfərin siyahısını təqdim edib.

“200 nəfər niyə məhz Laçın dəhlizində yerləşməlidir və ümumiyyətlə, 1960 nəfərlik sülhyaradanların “dəhlizdə” yerləşən hissəsi nə qədərdir ki, onlara 200 nəfər də xidmətçi lazım olsun” sualı, əlbəttə ki, hamını düşündürə bilər. Ancaq siz elə düşünürsünüzsə ki, Rusiya sülhməramlıları ideal ədalət üçün burdadırlar və ya biz ciddi güzəştlərə gedirik, yanılırsınız.

NATO-nun Cənubi Qafqaza müdaxilə etdiyi haqda bu təşkilatın ötəngünkü açıqlaması təsadüfi deyil. NATO da elə düşünür ki, Rusiya fürsətdən istifadə edərək, Cənubi Qafqazdakı mövqelərini gücləndirməklə məşğuldur. Artıq buna qarşı fəaliyyət planları da hazırlanıb. Gürcüstanla əlaqələr, Tiflislə birgə təlimlərin genişləndirilməsi, hərbi baza və s. NATO-nun gündəmindədir.

Rusiya bölgədə öz maraqlarını qorumaq və Ermənistandakı əhval-ruhiyyəni öz xeyrinə dəyişmək üçün mümkün olan hər şeyi edir – humanitar yardımlar, ermənilərin Xankəndiyə köçürülməsi, onlara tikinti materiallarının verilməsi və s.

Bəs, Laçın şəhərində ermənilərin saxlanılması?

Laçın dəhlizində “200 xidmətçi” – ortalama 800-ə yaxın erməninin qalmasına şərait yaradılması deməkdir. Belə ki, hər “xidmətçi”nin bir ailəsi olduğunu və o ailə tərkibini 4 nəfərdən götürsək, bu rəqəm alınır. Laçında ermənilər işğaldan sonra məskunlaşıb və ilkin məlumata görə, burda təxminən 2 min erməni yaşayır. Onların böyük əksəriyyəti isə artıq köçüb gediblər – bunu erməni və rus mediasının tirajladığı reportajlardan da görürük. Ancaq “köçməyə də bilərsiniz” təlimatını verən Ermənistan rəsmiləri bütün açıqlamalarında mütləq şəkildə “hələlik” sözündən istifadə edir və bunun açımını da ötən gün xalqa müraciətində Prezident İlham Əliyev verdi.

Belə ki, Laçın dəhlizinin Bəyanatda “Şuşaya toxunmadan” keçdiyi bildirilsə də, Laçın şəhəri ilə bağlı belə bir fraza yoxdur. Çünki “Şuşaya toxunmadan” keçməsi üçün o yolun alternativi var, ancaq Laçın şəhərindən yan keçməsi üçün alternativ yoxdur.

Alternativ üçün Bəyanatda “3 ilə qədər yeni yol çəkilməsi” nəzərdə tutulur. Prezident İlham Əliyev elan etdi ki, 3 il olması vacib deyil, “3 ilə qədərdir” və bu yolun daha da tez layihələndirilməsi və çəkilməsi üçün artıq hazırlıqlara başlanılıb.

Yəni Laçın şəhərinə qayıdış ən pis halda 3 ilə qədər ola bilər. Bundan niyə şou yaradılmalı və narazılıq edilməlidir?

Müqayisə üçün deyək ki, işğaldan azad edilən şəhər və kəndlərimizə də qayıdış başlamayıb və yaxın aylarda başlaması da mümkün deyil: əvvəla, şəhər və kəndlərimiz dağılıb, ikincisi, dağılmayan, qorunan Şuşaya, Hadruta, Suqovuşana belə qısa müddətdə qayıdış nəzərdə tutulmur. Bütün infrastruktur bərpa edilməli, ərazi – xüsusilə əkin-biçin, otlaq sahələri minalardan tam təmizlənməlidir.

ANAMA bunun üçün ən azı 3-5 il, ərazilərimizin tamamilə təmizlənməsi üçün isə 10 ilə qədər vaxt lazım olacağını elan etdi.

Əlbəttə, bu, bütövlükdə 5 ildən sonra qayıdış demək deyil, 5 ilə qədər qayıdış deməkdir. Yəni ərazilər minalardan təmizləndikcə, infrastruktur qurulduqca qayıdış prosesi davam edəcək.

Yeni yolun bu işlərlə paralel aparılacağını nəzərə alsaq, onda, məsələn, Laçına Ağdam və yaxud Zəngilandan daha tez qayıdışın mümkün olacağını ehtimal etmək üçün kifayət qədər əsaslarımız var. Çünki Bəyanata əsasən, yeni yol hazır olan kimi Rusiya sülhməramlıları o yolun mühafizəsi üçün köçürüləcək, ona qədər isə artıq rus istehkamçılar Laçın şəhərini, o cümlədən Laçın dəhlizini – 5 km enində – minalardan təmizləməyə, təhlükəsiz hala gətirməyə başlayıblar.

Masa müharibəsinin şərtləri

Bir məsələni tam anlamaq lazımdır: Azərbaycan Vətən müharibəsində 44 günə qələbə qazanmayıb: 44 gün – nəticədir. Müharibəyə hazırlığa Ümummilli lider Heydər Əliyevin ölkəni gücləndirmək, iqtisadi müstəqilliyinə nail olmaq üçün başlatdığı qiqant layihələrlə start verilib, İlham Əliyev isə 17 il bunun üçün çalışıb. Nəticədə dünənə qədər arzusunda olduqlarımızı əldə etmişik – Ali Baş Komandanın cəsarəti, ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə!

Ancaq Xankəndiyə bayrağımızın dərhal sancılmasını istəyənlər də heç bir yanlış etmir. Sadəcə:

İndi Azərbaycanın şərtlərini diktə etdiyi mərhələ başlayıb. Bu mərhələdə yenə də qonşuların iqtisadi-siyasi maraqları hesablanacaq, ölkəmizin milli maraqlarının müdafiəsi üçün güc və enerji sərf olunacaq, ciddi diplomatik manevrlər ediləcək, paralel olaraq azad olunan ərazilərin abadlaşması aparılacaq… Eyni zamanda ölkəmizin iqtisadi-siyasi imkanlarının genişlənməsi üçün bu Qələbədən Zəngəzur dəhlizi vasitəsilə dividentlərin götürülməsi də hədəfdədir və bütün bunlar hamısı əvvəlcədən hesablanıb.

Yəni bütün məsələlərin bir anda həll olunmasını hamı istərdi, ancaq yalnız İlham Əliyev bilir ki, nəyi nə vaxt necə etmək lazımdır!

Bütün manipulyasiyaları rədd etmək üçün kifayət qədər əsaslar və ən əsası İnam var.

Bu İnamın ünvanı İlham Əliyevdir!

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin