Ermənistanın hakim Respublikaçılar partiyasının sədr müavini Eduard Şarmazanov Müdafiə Nazirliyinə yeni təyinatların olacağının anonsunu verib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Şarmazanov deyib ki, hakim partiyanın üzvləri Artak Zaxaryan və Artak Davtyan müdafiə nazirinin müavini təyin edilə bilər.
Partiya funksioneri inandığını bildirib ki, A.Zaxaryan və A.Davtyan müdafiə nazirinin müavinləri kimi yüksək peşəkarlıq nümunələri göstərəcəklər. “Amma hələlik təbrik etmirəm, çünki rəsmi əmr yoxdur”,- Şarmazanov əlavə edib.
Qeyd edək ki, Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan ötən il dekabrın 29-da iki ölkə sərhədində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin geri qaytarılması ilə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamaqla insanlıqdan uzaq keyfiyyətlərə sahib olması ilə diqqət çəkmişdi.
Ermənistan Baş Qərargahı əməliyyat idarəsinin rəisi, general-mayor Artak Davtyan isə vaxtaşırı Azərbaycanı təhdid bəyanatları ilə çıxış edib. Görünən budur ki, S.Sərkisyan Müdafiə Nazirliyinin rəhbərliyinə yeni kadrlar gətirməklə ötənilki faciələrdən özünü sığortalamaq istəyir. Üstəlik, artıq Sərkisyanın düşməninə çevrilən sabiq nazir Seyran Ohanyanın təsirlərinin ola biləcəyi nöqtələri qapatmaq üçün addımlar atılır.
Bu arada, erməni mənbələri Ermənistanın Rusiyadan zenit-raket kompleksləri əleyhinə “Verba”sistemləri aldığına dair xəbərlər də yayıb. Bu barədə polkovnik Artur Poqosyan açıqlama verib. Beləliklə, düşmən öz ərazilərini azad etməyi prioritet sayan Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən xilas üçün hərəkətə keçib.
RealMedia.az