Erməni gözəlçə Qırğızıstanı barmağına necə doladı – Həmid Herisçinin yazısı

0
1815

İrəvanda keçirilən yarışmada biabırçılıq yaşanıb; qırğız gözəlini necə aldadıblar?

Qırğızıstan dövləti, Bişkek rəsmiləri bilmirəm niyə, bizləri möhkəmcə sevmirlər. Əksər beynəlxalq tədbirlərdə gedib otururlar erməni qardaşlarının böyründə. Ermənilərlə pıçıldaşıb xosunlaşırlar həmişə öz aralarında.

Bu ilin martında Pakistanın paytaxtı İslamabadda keçirilən ECO (Economic Cooperation Organisation)-nun növbəti 13-cü iclası zamanı bu qırğızlar necə deyərlər lap ağ edirlər. Orada açıq-aşkar, düşməncəsinə antiazərbaycan mövqe tutublar. Qarabağla bağlı bir müddəa altına öz mübarək imzalarını atmaqdan imtina edirlər.

Nə ad qoyaq buna indi? Rəsmi Bişkek deyirsiz birinci dəfədir belə oyun çıxarır bizlərə qarşı? Yox, birinci dəfə deyil. Qırğızısatanın eks-prezidenti Əsgər Akayev də vaxti ilə siyasi şahmat taxtası üzərində oxşar at gedişləri ilə yadda qalıb. Gedib Yerevana. Oradakı qondarma “soyqırım” abidəsi üzərinə gül-çiçək çələngi qoyub. Sayğı duruşunda dayanıb oradakı sönməz məşəl önündə.

Biz isə kənardan bütün bunları seyr edib səsimizi, cınqırımızı çıxarmırdıq. Bişkekə demirdik bəs, gözün üstə qaşın var. Hadisəni buraxmışdıq taleyin lal axarına. Bilirdik ki, bu gediş ilə Bişkekin lax flaqman gəmisi bir gün mütləq sualtı əhlət daşlarına çırpılacaq.

Müsbət cavab özünü çox da gecikdirmədi. Böyük bir biabırçılıq nəticəsində qırğızlar öz erməni sevdalarından ayılıb əvvəlcə möhkəmcə diksindilər.

Sonra bizə qarşı öz xəyanətlərini bir-bir sayıb başlarını aşağı dikdilər…

***

Elə bilirsiz ermənilər “çox sağ ol” deyirlər qırğızların bu yaltaq hərəkətlərinə? Yox, qətiyyən. Düzü, əvvəl ermənilər özləri də bilmirlər qırğızlara bu xəyanətlərinə görə necə minnətdarlıq göstərsinlər. Çox götür-qoydan sonra qərara gəlirlər bir qırğız gözəlini İrəvanda keçirilən “MDB-2017 Gözəllik müsabiqəsi”nə dəvət etsinlər.

Qırğızlar sevincək düşürlər bu dəvətə. Aysulu Abdıbakasova adlı bir gözəlçəni tezbazar, tələm-tələsik göndərirlər iyun ayında İrəvana. Elə bilirlər antiazərbaycan mövqelərinə görə İrəvan qırğızlara mükafat-filan verəcək. Ay-hay! Ermənilər isə yumorla cavab verirlər qırğızlara. 24 iştirakçının içində təkcənə məhz bu qızı gözəlliyinə görə yox… bədən ölçülərinə görə yox, “ağlına görə” mükafatına layiq görürlər.

Gülməlidi, eləmi? Gedirsən hoppana-hoppana gözəllik yarışmasına. Elə bilirsən hə, indicə şux sinən, çiyninə tökülən saçların, badam gözlərin, qısası gözəlliyin erməniləri hayıl-mayıl edəcək. Qələbə çələngini ermənilər götürüb hay-küylə incə boynuna keçirəcəklər.

Qəfil bəlli olur ki, ermənilər qırğızların gözəlliyini yox…yox…qırğızların ağlını bəyənirlər.

Qaliblər kürsüsünə erməni qızı Şuşan Yerisyan qalxır. İkinci yer verilir, təbii, rus gözəli Kseniya Aleksandrovaya. Üçüncü pilləyə başqırd gözəli Albina Axtyamova qalxır.

Qırğızıstan gözəlinə isə pərdəarxasında deyirlər: “Qəm yemə. Sən bu qızların içində ən ağıllısısan”…

Özünüz deyin bu, həmşəri söyüşü deyilsə bəs başqa adı nədir?

***

Qırğızların ağlı həqiqətən topuqlarındadı. Göstərdiyimiz bu ibratamiz hadisə də qırğızlara dərs olmur ki, olmur. Bədbəxtlər qərar verirlər öz erməni sevdalarını yenə də dünya miqyasında tirajlasınlar. Özü də bu dəfə gör harda?

Beyrutda keçirilən “World Next Top Model 2017″ gözəllik yarışmasında!

DOSYE: “World Next Top Model” yarışması Livan paytaxtında vaxtaşırı keçirilən çox aşağı səviyyəli bir bazardır. 14 iyuldan 5 avqusta qədər iştirakçılar öz fotolarını, necə deyərlər “sivi”lərini münsiflər heyətinə göndərirlər. 5 avqust tarixində Beyrutda iştirakçıların yekun baxışı zamanı qalib elan edilir. Yarışmanın təşkilatçısı Eliya Naxas tanınmış biznesmendi. Bu il yarışmada 49 ölkənin nümayəndəsi iştirak edib. 6 avqustda açıqlanmış son nəticələrə görə qələbəni Şeril Çarlez adlı bir hind gözəli qazanıb. Üçüncü yerdə Marokka pərisi Dəlale Qəzzalidi.

İkinci yeri isə hələ indiyədək bilinmir kimdir qazanan. Yəni qalib, bəli, Susannna Yeqoryandı, hə, bunu bildik. Ancaq səhnəyə ilk olaraq Qırğızıstan gözəli kimi sıçrayan Susanna Yeqoryan yekun çıxışında sinəsinə “Ermənistan” lentini sarıyıb. Bu qiyafəsində də qaliblər kürsüsünün ikinci pilləsinə qalxıb. Bu görkəmdə də fotoları tirajlanıb dünya mətbuatında.

***

Qırğızın sonrakı ağlı bax buna deyərlər. Müsabiqə nəticələri elan edilincə Bişkek sakinləri cumublar sosial şəbəkələrə. Ağzına gələni ermənilər, Ermənistan barədə deyiblər. Susanna Yeqoryanı yaş yuyub quru səriblər necə deyərlər. Beyrutdan sonra Yerevana gedib Bişkekə qayıtmağa cürət etməyən Susanna əvvəl dözüb birtəhər bütün bu ittihamlara. Sonra görün hansı mesajı göndərib Bişkek sakinlərinə:

“İradlarınızı bildim. İndi isə məni dinləyin, əzizlərim. Əvvəla, bu müsabiqədəki iştirakımı Qırğızıstan dövləti maliyyələşdirməyib. Yarışmaya öz hesabıma qatılmışam. Sizdən mənə qara qəpik belə düşməyib.

İkincisi. İştirakçılar burda sərbəstdirlər. İstədiyi yazını lentə həkk edə bilərlər. Mənə, habelə digərlərinə iki lent verildi. Birincisində ölkəmin adı yazılmışdı. İkincisində milli mənsubiyyətim göstərilmişdi. Bu qədər”.

Arada bir minnət də qoyub qırğızların boynuna: “Mənə deyirdilər bu yarışma sənlik deyil. Çünki qırğız qızı deyilsən. Allahınıza şükür edin. Müsabiqədə adınızı reklam etdim”.

***

Susanna indi qazandığı 5 min dollar məbləğ ilə nənəsigildə – Yerevandadır. Bişkekə qayıtmağa hələ ki, cürət etmir. Sosial şəbəkələrdə isə mərəkədir. Yarışmadan kənarda qalmış qırğız qızları başlarındakı son tükləri də yolub tökürlər yerə:

“Bu ifritəni Bişeşkin baş meydanında dirəyə sarıyaraq oda yaxmaq lazımdı”.

“Bu qız deyəsən bütün Qırğızıstanı barmağına dolayıb. Bizi gic bilir. Necə yəni iki lent verilir iştirakçılara? Birində ölkənin adı yazılır guya, Ikincisində millətinin adı? Getsin Ermənistanda axtarsın bu cür sadəlövhləri. İkinci lent üzərində beləysə nədən qısaca ”erməni” yox, “Ermənistan” sözü yazılıb, hə?”

“Bundan sonrakı müsabiqələrə gərək mütlək qırğız gözəllərimizi göndərək”.

“Ukrayna gözəli Alisa Sarasek Dubayda keçirilən ”Queen of USSR – 2017″ yarışmasında Qırğızıstanı təmsil edəndə oxşar xəyanətlə bəs niyə üzləşmədik? İştirakçıların əksəri Dubayda yaşayan postsovet ölkələri nümayəndələri idi axı”.

“Qırğızıstan dövləti məni maliyyələşdirməyib” deyib də özünə bəraət axtarmaq gülüncdür məncə. Axı səni heç Ermənistan da maliyyələşdirməyib. Bəs niyə bu ölkənin adı altında qaliblər kürsüsünə qalxırsan?”

***

Müsabiqənin Qırğızıstan nümayəndəsi Tattıbubu Samadin qızı qorxudan öz əl telefonunu söndürür əvvəlcə. Dünən isə o, qeyrətə gələrək sosial şəbəkələrdə aşağıdakı məzmunlu statusunu paylaşıb:

“17 yaşlı Susanna Bişkekdəki 8 saylı məktəbin məzunuydu. ”Miss Qırğızıstan” yarışmasında “Miss podium” adını bir təhər qazandığı vaxt hələ mən bu qızın gözlərində xain işartılarını gördüm. Ancaq ağlıma belə gətirə bilməzdim ki, bu qız Qırğızıstanı bax bu cür alçaqcasına keçi qiymətinə satacaq”.

Məncə, Tattibubu Samadin qızının bu statusu rəsmi Bişkekə örnək olmalı, onu xain erməni sevdasından birdəfəlik ayıltmalıdır.

Bu cür gözəllərin ağına da lənət, qarasına da. Ermənisinə də, qırğızına da…

Həmid HERİSÇİ
Musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin