Elxan Şükürlü Mətbuat Şurasını sərt tənqid etdi: “Ən böyük reket elə Mətbuat Şurasının özüdür”

0
833

Mətbuat Şurasının bir çox saytları reket adlandıraraq “qara siyahıya” salması jurnalistlərin ciddi etirazlarına səbəb olmuşdur. RealMedia.az xəbər verir ki, Strateq.az saytının baş redaktoru Elxan Şükürlü də bu etirazlara qoşularaq öz facebook səhifəsində Mətbuat Şurasını tənqid atəşinə tutmuşdur. 2015-ci ildə Mətbuat Şurasındakı çıxışında “Ən böyük reket elə Mətbuat Şurasının özüdür” fikrini söyləyən Elxan Şükürlü həmin videonu da yenidən paylaşmışdır. Baş redaktorun statusunu və 2015-ci ildə etdiyi çıxışının video görüntüsünü sizlərə təqdim edirik :

” Dünən Mətbuat Şurası (MŞ) “reket jurnalistlər”in son vaxtlar bu qurumun İdarə Heyəti üzvlərinə qarşı “xoşagəlməz kampaniya” apardıqlarını iddia edərək, onlara qarşı mübarizənin sərtləşdiriləcəyini, MŞ üzvlərinə qarşı nalayiq davranış sahiblərinin layiqli şəkildə cəzalandırılacaqlarını bəyan edib və bunu da “medianın saflaşdırılması”na yönələn işlər kimi qiymətləndirib.

Lap yaxşı, olsun – biz həmişə cinayətkar maraqlara qulluq edən belə fəaliyyətlərin qarşısının ən sərt tədbirlərlə alınmasının tərəfdarı olmuşuq.

Ancaq iş ondadır ki, MŞ-nin bu bəyanatı medianın saflaşmasından daha çox, bütün Azərbaycan mediasını öz inhisarına almağa çalışan, həm ondan bir silah kimi yararlanan, həm də öz qanunsuz əməlləriylə bu sektoru əməlli-başlı çirkləndirən, zibilləndirən, ən böyük korrupsiya sahələrindən birinə çevirən bəzi “media patronları”nı qorumağa hədəflənib…

Bir sahəni düzəltmək istəyən əvvəlcə özünə çəki-düzən verər, öz fəaliyyətindəki qüsurları aradan qaldırmağa çalışar. Özü çirkab içində olanların başqasından nəsə tələb etməyinin zərrə qədər faydası olmaz!

Biz həmişə yazmış və demişik, bir daha təkrarlayırıq: “reket jurnalistika”nın kökünün kəsilməsi və Azərbaycan mediasının həqiqi mənada saflaşdırılması, sağlamlaşdırılması üçün öncə bu sektora rəsmi və qeyri-rəsmi şəkildə nəzarət edən iki qurumun – KİVDF və MŞ-nin fəaliyyəti saflaşdırılmalı, sağlamlaşdırılmalıdır…

Ancaq son mənzil məsələsindəki davranışlar bir daha göstərdi ki, KİVDF və MŞ bundan hələ çox-çox uzaqlardadır…
Aşağıda təqdim etdiyim fikirlər isə hələ düz iki il əvvəl hər iki qurum rəhbərlərinin bir yerə toplaşdığı vaxt öz sifətlərinə deyilib.”

Qarşı tərəfi dinləməyə hazırıq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin