Dünyanı qapadan ÜST indi məsuliyyətdən qaçır – TƏHLİL

0
874

Koronavirus Uhanda başlayan zaman dünyanı vaxtında xəbərdar etməməkdə ittiham olunan ÜST sonradan ölkələri sərt karantin tədbirləri görməyə çağırdı.

İqtisadiyyatları enişə doğru yuvarlanan dövlətlər məhdudiyyətləri aradan qaldıran zaman təşkilat onları “tələsməməyə” çağırdı. Bu günlərə qədər bu mövqedə olan, məktəblərin, tədris müəssisələrinin açılmasının təhlükə olduğunu bəyan edən təşkilatın son günlərdə sərgilədiyi fərqli mövqe təəccüb doğurmağa başlayıb.

“İndi koronavirus pandemiyası ilə mübarizədə yeni mərhələyə giririk”- deyən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, payız aylarında bir çox ekspertlər qlobal olaraq koronavirusla bağlı sayların artmasını gözləyir: “İndiyə qədər öyrəndiyimiz hər şeyi yenidən gözdən keçirmək lazımdır. ÜST bundan sonra ümumi olaraq sıx karantin rejiminin bütün ölkədə deyil, bölgə-bölgə olaraq ortaya qoyulmasını tövsiyə edir. Mübarizənin lokallaşdırılması üçün bütün ölkələrin hansı bölgələrdə xəstəlik vəziyyətinin necə olduğuna dair çox yaxşı məlumat toplaması vacibdir. Yəni, epidemioloji sistemlərinin güvənli və sağlam olması lazımdır. Əlbəttə, təmasların izlənməsi də vacibdir. Yəni, bir şəxs xəstə olduğu zaman kimlərlə təmasda olubsa, onların da izlənməsi, xəstəliyi başqasına yoluxdurmasının qarşısının alınması son dərəcə önəmlidir. Ölkələr qarşıdakı günlər və aylarda normal həyata qayıtmanın yollarını axtarmalıdır. Bu, normal sosial və iqtisadi həyat davam edərkən eyni zamanda xəstəliyin yoluxmanın qarşısının ala bilinəcəyi bütün qaydaların istifadəsi mənasına gəlir. Məsələn, küçədə gəzmək sərbəst olacaq, ancaq insanlar gigiyena qaydalarına riayət edəcək, ara məsafələrini qoruyacaqlar”.

Sual yaranır: Əgər məhdudiyyət tədbirlərinin bölgələr üzrə tətbiq edilməsi ilə virusla mübarizə mümkün idisə, indiyə qədər rəsmi olmasa da, qeyri-rəsmi formada ölkələrin ÜST-nin “əli” ilə qapadılması hansı məqsəd daşıyırdı? “Ölkələr qarşıdakı günlər və aylarda normal həyata qayıtmanın yollarını axtarmalıdır” – bəyanatı isə artıq məsuliyyətin dövlətlərin üzərinə atılmasıdırmı?

ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, pandemiya ilə mübarizədə məsuliyyət onsuz da ÜST-nin üzərinə deyil, ölkələrin öz üzərinə düşür: “Təşkilat yalnız ümumi istiqamət verə bilər. Təşkilatın elə bir ixtiyarı yoxdur ki, dövlətlərin ərazilərində hansısa məhdudiyyət tədbirləri həyata keçirsin. İlkin mərhələdə ölüm sayı çox oldu deyə, panika yarandı. İqtisadiyyat nəzərə alınaraq düzgün karantin siyasəti həyata keçirilmədi. İndi “şok” vəziyyəti keçib və artıq ağlabat tədbirlərlə koronavirusla mübarizə üsuluna keçilib”.

Sərdar Cəlaloğlu deyir ki, dövlətlərin virusla daha hansı dərəcədə effektiv mübarizə aparması isə onların atdığı addımlardan asılıdır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin