Dünün və günün fotosu: Balasını bağrına basan ataların ağrısı

0
138

Dünyanın ən böyük faciəsi budur – bir atanın öz körpəsinin cansız bədənini bağrına basıb basdırmağa aparması. Bu ağrı-acının gerçək miqyasını heç kəs sözlə ifadə edə bilməz.

Atası cavan ikən ölən körpələrin dərdi başqadır, onlar böyüdükcə, ağrı-acı yavaş-yavaş səngiyir. Ürəkdə qırıqlıq, xal qalır, amma bu, öldürücü olmur. Uşaqlar böyüyür, özləri oğul-uşaq yiyəsi olunca, toxtaq ola bilirlər.

Amma körpə balası, gənc övladı ölən ataların belı qırılır, qəddi bükülür. Onlar bir daha özlərinə gələ, ürəkdən gülə bilmirlər. Bu dərd onları içdən-içdən yeyir və bir gün aparır. Heç kəs körpə övladı ölən atanın vaxtsız vəfatına təəccüblənmir, ona nə olduğunu bilirlər.

Erməni cəlladları bu ölkənin minlərlə gənc, orta yaşlı, ahıl atalarına bu acını yaşadıblar, övladları ilə birlikdə onları da öldürüblər.

photo_2020-10-17_18-40-59.jpg (126 KB)

Şəkilə baxın, 1992-ci ildə Xocalıdan olan ata övladını qucağında necə aparırsa, 2017-ci ildə Füzulidən olan ata da elə aparır. Bu gün gəncəli ata da eyni hərəkəti edir. Dəyişən zamandır, dərdimiz dəyişmir.

Şanlı ordumuzun yürüşü bu durumu dəyişəcək. Biz bir daha dərd-qəm dəryasında batan ataların məhzun çöhrəsini görməyəcəyik, hələ həyatının başındaykən yaşamdan qopan körpələrin acısından kövrəlib ağlamayacağıq.

Bu şəkillər bütün ölkəni ağladır. Vicdanı olan hər bir vətən övladı mütəəsir olur. Onlar hamımızın balasıdır…

Bitsin bu işgəncə…

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin