Devalvasiya müzakirələri – buna ehtiyac varmı?

0
196

Ekspert: “May ayı qərar qəbulu üçün həlledici olacaq”

Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. Belə ki, ABŞ-ın koronavirusla bağlı məlumatları gizlətdiyinə görə Çinin məsuliyyətə cəlb olunmasını tələb etməsi, prezident Trampın Çin mallarına əlavə vergi təyin olunacağı barədə açıqlaması qiymətlərin düşməsinə səbəb olub.

Günorta saatlarında Londonun ICE birjasında Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 2,53 faiz ucuzlaşaraq 25,7 dollara, Nyu-Yorkun NYMEX elektron birjasında ABŞ-ın WTI neftinin iyul fyuçerslərinin qiyməti 8 faizədək ucuzlaşaraq 18,29 dollara satılıb.

Azərbaycanın dünya bazarına çıxardığı Azeri Light markalı neftin qiyməti isə 23 dollar ətrafındadır.
Analitik mərkəzlər hesab edirlər ki, ABŞ-la Çin arasında yeni ticarət müharibəsinin başlanması dünya neft bazarına öldürücü zərbə vura bilər. Bu zərbə nəticəsində qiymətlərin uzun müddət 15-20 dollar arasında qalacağı ehtimal olunur.

Azərbaycan neftini aşağı qiymətlərinin Dövlət Neft Fondunun gəlirlərinə təsiri apreldə özünü göstərməyə başlayıb. İqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, Fondun aprel ayı üzrə gəlirləri cəmi 220 milyon dollar təşkil edib: “Belə ki, bu ilin ilk 3 ayında xam neft və qaz satışından Fonda 1 milyard 763 milyon dollar daxil olmuşdu. İndi isə aprel ayının nəticələri nəzərə alnmaqla açıqlanan rəqəmə görə, xam neft və qaz satışından Fondun daxilolması 1 milyard 983 milyon dollar olub.

Bakupost.az - Böhran paketi mövcud şəraitə adekvatdırmı ...

 Rövşən Ağayev

Qiyməti daha uzunmüddətli müqavilələrlə tənizmlənən qazdan və “Şahdəniz” yatağı üzrə qaz kondensatından daxilolmaları nəzərə almasaq, sırf xam neftdən daxilolma yəqin ki, 100 milyon dollardan da azdır. Bu isə yanvar-mart ayı üzrə yalnız xam neft satışından əldə olunan orta aylıq daxilolamadan az qala 5 dəfə az deməkdir”.

Samir Əliyev: Bu gün bağlanmaq riski ilə üzləşən banklar var

Samir Əliyev

Belə bir şəraitdə gəlirlərinin böyük hissəsi neft satıışından əldə olunan Azərbaycanda proseslər necə cərəyan edə bilər? Hökumət manatın məzənnəsini nə qədər saxlaya biləcək? Nə zaman devalvasiyaya gedilməsi mümkündür?

İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycan hökumətinin hazırkı davranışları bu məsələlər barədə hansısa proqnozlaşdırmanı qeyri-mümkün hala gətirir: “Hökumətin davranışları anlaşılmazdır, iqtisadi qanunauyğunluqdan daha çox siyasi amillər üzərində qurulub. Buna görə də bazar iqtisadiyyatı münasibətlərinə əsaslanıb hansısa proqnoz versək, düzgün nəticə əldə edə bilməyəcəyik. 2008-ci ildə neftin qiyməti qısamüddətli dövrdə düşdü, devalvasiya olmadı. 2015-ci ildə uzunmüdətli dövrdə ucuzlaşma oldu, devalvasiyalar baş verdi. Hazırda neftin dünya bazar qiyməti növbəti uzunmüddətli ucuzlaşma mərhələsindədir. Buna görə də indiki halda məzənnənin saxlanması valyuta ehtiyatlarının əriməsi, xərclənməsi deməkdir. Düzdür, bu, 2015-ci ildəki kimi sürətli deyil – həmin vaxt Mərkəzi Bankın valyuta ehtiyatları 1 ildə 11 milyard dollar əridi. İndi neftin qiyməti martdan etibarən düşməyə başlayıb, ona görə də kəskin təsir hiss olunmur hələ ki. Amma bu vəziyyət davamlı olacaqsa, valyuta ehtiyatlarının əriməsi qaçılmaz olacaq”.

Ekspert bildirir ki, devalvasiya yalnız əhali üçün deyil, hökumət üçün də ciddi problemlər yaradır: “Devalvasiya yalnız iki baxımdan hökumətə sərf edir ki, Neft Fondundan büdcəyə transfert üçün daha az dollar xərclənir, büdcənin icrasını asanlaşdırır. İkincisi isə müəyyən qədər ixracı stimullaşdırır. Lakin zərəri daha böyükdür: yüksək inflyasiyaya gətirir, valyuta bazarında qeyri-stabillik yaradır, sahibkarlıq subyektləri böyük borc problemlərilə üzləşirlər – daxildəki məzənnə ilə dollar alıb xarici satıcılara ödəmək baha başa gəlir, eyni zamanda hökumətin dövlət borcuna xidmət xərcləri də artır. Maliyyə-bank sektoru da çox ciddi zərərlə üzləşir. Buna görə də güman edirəm ki, hökumət hələ ki, manatın məzənnəsini saxlamaq siyasətini davam etdirəcək”.

Neftin aşağı qiymət səviyyəsi və koronavirus pandemiyası iləö bağlı böhran davamlı olarsa, hökumət nə qədər devalvasiyaya gedə bilər? Manatın hansı həddə qədər ucuzlaşdırılıması daha çox gözləniləndir?

S.Əliyevin dediyinə görə, bunun üçün devalvasiyanın tutalım ki, 10-25 faiz aralığında olmasının hökumətə nə verəcəyini hesablamaq lazımdır: “Manatın bu qədər ucuzlaşması problemdən çıxmağa imkan verəcəkmi, yaxud nə qədər ucuzlaşma buna imkan verəcək? Bu kimi suallar açıq qalır hələ ki. Düzdür, artıq tədiyə balansında kəsir yaranıb. Ölkəyə gələn valyuta azalıb. Lakin eyni zamanda ölkədən dollar çıxışı da azalıb. 2015-ci ildə belə deyildi: bir ildə çox böyük kapital axını baş verdi Azərbaycandan kənara. İndi isə belə çıxış yoxdur. Bunun da həm obyektiv səbəbləri var, həm də subyektiv. Obyektiv səbəblər budur ki, koronavirus pandemiyası ilə bağlı idxal əməliyyatlarının həcmi azalıb. Digər tərəfdən, turistik səfərlər sıfıra enib. Xaricə gedən yoxdursa, demək, ölkədən valyuta da çıxmır. Bununla yanaşı, dövlət özü də idxalı məhdudlaşdırıb – yalnız zəruri tələbat malları və tibbi məhsulların idxalına icazə verilir. Beləliklə də dollara tələbat azalıb. Bu isə 2015-ci illə müqayisədə manatın məzənnəsinə olan təzyiqləri azaldır. Düzdür, hazırda iqtisadiyyata, biznesə 2015-ci ildəkindən daha ağır zərər dəyir, lakin devalvasiya üçün şərtlər ondakı qədər kəskin deyil”.

Ekspertin fikrincə, indi hökumətin sərt tədbirləri nəticəsində iqtisadiyyat devalvasiyaya daha yaxşı hazırdır: “Hökumət də bunu hesablayır. Lakin hələlik devalvasiyaya gedilmir, hətta öz vəsaitlərini xərcləmək bahasına da olsa manatın məzənnəsi saxlanır. Düşünürəm ki, bu siyasət hələ davam edəcək. Devalvasiya barədə qərar verilməsi üçün may ayında baş verəcək proseslər çox önəmli olacaq: əvvəla, koronavirus pandemiyasının başa çatması, yaxud belə deyək, təsirsiz hala gəlməsi müddəti müəyyənləşəcək. Digər tərəfdən, neft bazarındakı proseslərə aydınlıq gələcək. May ayının sonu, iyunun əvvəlində hökumət bazarı tam analiz edib, xeyir-zərərini müəyyənləşdirdikdən sonra qərarını verəcək. Düşünürəm ki, əgər neftin qiymətinin ilin sonunadək 40 dollar həddini ötməyəcəyi aydın olarsa, hökumət buna adekvat addım atacaq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin