Deputatın skandal mesajı: Bayılda ev yıxan şirkət icra başçısının imiş – Təfərrüat

0
1823

Bakının Bayıl ərazisində evyıxma əməliyyatı qalmaqala səbəb olub. Qurban Abbasov küçəsi, 42 ünvanda köhnə evlərin bir qismi sakinlər köçmədiyi halda dağıdılıb

 Bu işin arxasından elə Səbayıl icra başçısı Eldar Əzizov çıxıb.

Sakinlərə yeni mənzillər hazır olana qədər kirayə mənzillərdə qalmağı təklif edirlər. Lakin sakinlərin bir qrupu bu təkliflə razı deyil, kompensasiya və ya hazır mənzil tələb edirlər.

Sakinlərdən Sara Poladova demişdi ki, söküntünü aparan “Dönüş 1” MMC-nin rəhbəri olan Əli Həsənov adlı birini əvvəllər dəllal kimi tanıyıblar. Həmin şəxs bir neçə il əvvəl Qurban Abbasov küçəsində 13 evin yerləşdiyi məhəlləni satın alıb.

İlk söküntü də həmin məhəllədən başlayıb. Sonra virtualaz.org yazdı ki, həmin MMC Milli Məclisin deputatı Adil Əliyevə bağlıdır. Amma A.Əliyevlə jurnalist Eynulla Fətullayev arasında Feysbukda söz atışmasından sonra məsələ aydınlaşdı.

Millət vəkili haqqin.az-a göndərdiyi açıqlamasında dolayısı ilə evlərin sökülməsində əhalini narazı salan tərəfin icra başçısı olduğuna eyham vurdu. Həmçinin, şirkətin ona aid olmadığını bəyan etdi.

A.Əliyev qeyd edib: “Təəssüf ki, bəzi rayon icra hakimiyyətlərinin başçıları dövlətin bu xeyirxah təşəbbüsündən öz mənfəətləri üçün istifadə edirlər.

Bu günlərdə bir məmurla söhbət edirdim. Vətəndaşlar şikayətlənirlər ki, bu adam kimsə mənzilinin qapısını dəyişəndə belə haqq istəyir və deyir ki, bu rayonda bütün işlər onun “razılığı” ilə görülməlidir.

Bu, əlbəttə, bir qədər başqa mövzudur və indi mən bununla bağlı material hazırlayıram. Həmin materialda özbaşınalığa yol verən icra başçılarına münasibətimi bildirəcəyəm”.

Deputatın çıxışından belə nəticə hasil olur ki, Q.Abbasov küçəsi, 42 ünvanda sökülən evlərin sifarişçisi icra başçısı E.Əzizovdur və “Dönüş 1” MMC rəhbəri də İH-nə yaxın adamdır.

Sirr deyil ki, E.Əzizov Gəncə və Sumqayıtda icra başçısı işlədiyi dövrlərdə hər zaman mətbuatın diqqət mərkəzində olub.

Onun fəaliyyəti, haqqında ittihamlar, şikayətlər, saysız-hesabsız faktlar mediaya ünvanlanırdı. Lakin Səbayelə icra hakimi göndərilməklə müəyyən sükuta nail oldular.

E.Əzizova bildirildi ki, Səbayel şəhər mərkəzidir, prezidentin birbaşa hər gün nəzarət və diqqətindədir.

Odur ki, fəaliyyətində həssas olsun, ona şikayətlər gəlməsin. Bir müddət icra başçısı yuxarıdan gələn təlimata uyğun hərəkət etməyə başladı.

Ancaq onun “səbri” çox çəkmədi və müxtəlif qanunsuz işləri bərpa etməklə yenə özünü “qara siyahı”ya saldı.

Sakinlərin mətbuata şikayətindən sonra Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov da məhəlləyə gəlib, şikayətlərin araşdırılacağını vəd edib.

Amma hələ də onlarla danışıq aparan yoxdur. İndi sakinlər qəfildən evlərinin başlarına uçuracaqlarının qorxusu ilə gecə-gündüz küçədə növbə çəkirlər.

Həmin evlər Nazirlər Kabinetinin təsdiqlədiyi, köhnə evlərin sökülərək yerində yenil yaşayış binalarının tikintisini nəzərdə tutan, “pilot layihə” adlandırılan proqram çərçivəsində sökülür.

Eldar Əzizov icra başçısı olduğu yerlərdə torpaqları necə gəldi satmaqda, hətta ondan əvvəlki dövrdə əhaliyə paylanmış, satılmış torpaqları təkrar satmaqda, belə demək mümkünsə, peşəkarlıq nümayiş etdirib.

O, Səbayel rayonuna icra başçısı vəzifəsinə gəldikdən sonra xeyli müddət gəlir mənbələri müəyyənləşdirməli olub.

Çünki bu rayondakı obyektlərin sahibləri sıradan bir adamlar deyillər və başçının onlardan “haqq” alması mümkün deyil.

Odur ki, E.Əzizov Səbayelə gəldiyi ilk vaxtlardan daha çox torpaq satışına diqqət yönəldib. Onun icra başçısı təyin olunduqdan sonra Səbayel və Badamdar bələdiyyələrinin sədrlərini gözümçıxdıya salması haqda informasiyalar ara-sıra sızırdı.

Qeyd edək ki, Badamdar qəsəbəsində uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, qanunsuz aparılan tikintilərin sökülməsi işlərinə başlanıb və bu işlər sürətlə həyata keçirilir.

Bəzi insanlar var ki, qeyri-sağlam şəxsi ambisiyalarını realizə etmək üçün bu ərazidə vaxtilə böyük torpaqlar zəbt edib, saxta sərəncamlarla buraları özlərinin qeyri-rəsmi biznesinə çeviriblər.

İndi də əllərində olan saxta sərəncamları köhnə tarixlərlə vətəndaşlara satmağa çalışırlar.(palitika)

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin