Türkiyə və Almaniya polisi birgə əməliyyat keçirərək İstanbulda qurduqları qaynar xəttlə yaşlı alman vətəndaşlarına qarşı dələduzluq edərək 3 milyon avro əldə edən 76 nəfərlik dəstəni saxlayıb.
“RealMedia.az”ın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, Almaniya Federal Cinayət Polisi Agentliyinə bu ölkədə yaşayan və alman dilini yaxşı bilən F. Ö.-nün rəhbərliyi ilə İstanbulda qaynar xətt şirkətinin qurulduğu, təşkilat üzvlərinin özlərini polis və hakim kimi tanıdaraq Almaniyadakı qocaları aldatdığına dair məlumat daxil olub. Araşdırmalar nəticəsində dəstənin vətəndaşlara 3 milyon avro ziyan vurduğu, qazandıqları pulu quru və hava yolu ilə İstanbula gətirdikləri məlum olub.
Daha sonra Berlin polisi bu haqda Türkiyə polisini məlumatlandırdıqdan sonra birlikdə əməliyyat keçiriblər. Hər iki ölkədə aparılan əməliyyat çərçivəsində Türkiyənin Antalya və Muğla şəhərlərində 31 türkiyəli, 5 alman, Almaniyada isə 21 alman, 15 türkiyəli, 1 alban, 2 braziliyalı və 1 polşalı saxlanılıb.