“Çox tezliklə Türkiyə hərbçiləri Azərbaycanda olacaq” – politoloq

0
120

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır. Çox qısa müddət ərzində orada xidmətə başlanılacaq” – bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Mərkəzdə türk və rus generalı, türk və rus zabitləri atəşkəsə nəzarət edəcək, davamlı atəşkəsin əldə olunması üçün birgə xidmət göstərəcəklər”, – deyə türkiyəli nazir vurğulayıb.

Bundan başqa nazir deyib ki, azərbaycanlı qardaşlarımızla hərbi təhsil, təlim sahələrində birgə fəaliyyətimiz istiqamətində işləri davam etdirirlər:

“İnşallah bu mövzuda əlimizdən gələni qardaşlarımız üçün edəcəyik və sonunadək azərbaycanlı qardaşlarımızın haqlı davalarında yanlarında olmağa davam edəcəyik. Buna heç kimin şübhəsi olmasın”.

Bəs Türkiyə hərbçiləri nə vaxt gələcək?

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Türkiyə hərbçilərinin Azərbaycana gəlməsi üçün hər hansı bir maneə yoxdur. Sonuncu işğal altında olan rayon Laçın Azərbaycana qaytarılandan sonra türk hərbçilərin bölgəyə gəlməsi üçün hər hansı bir məsələ qalmadı: “Düşünürəm ki, türk hərbçiləri Şuşa, Laçın və Kəlbəcərə yerləşdirilməlidir. Kimin nə deməsindən asılı olmayaraq Azərbaycan öz ərazisində Türkiyə hərbçilərinin yerləşdirilməsinə qərar verib. Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə hərbçiləri də Qarabağda olacaqlar. Türkiyə müdafiə naziri Hulusu Akar da dönə-dönə vurğulayıb ki, ruslar Qarabağda hansı hüquqlara malikdirlərsə, biz də o hüquqlara malik olacağıq. 1960 rus sülhməramlısı varsa, Türkiyə hərbçilərin sayı da bundan az olmayacaq. Yaxın günlərdə bu məsələ həll olunacaq. Düşünmürəm ki, buna ruslar hansısa maneə yarada bilər.  Əvvəllər deyirdilər ki, bu mümkün olmayacaq. Son zamanlar isə münasibət dəyişib. Ruslar Türkiyə hərbçilərinin Azərbaycan ərazisində yerləşməsinə qarşı fikir söyləmirlər”.

Elxan Şahinoğlu deyir ki, Azərbaycan cəmiyyətinin Türkiyə hərbçilərinin nigaranlıqla gözləməsində haqlıdır: “Rusiya sülhməramlıların bölgədə təkbaşına varlığı müəyyən problem kimi görürük. Rusiya sülhməramlıların rəhbəri daim separatçılarla görüşür, onların toplantılarına qatılır. Bu cür davranış separatçıları tanınmaq kimi qəbul edilir. Bütün bunlar bizdə nigarançılıq doğurur. Türkiyə hərbçilərinin gəlişi balans yaradacaq”.

Elxan Şahinoğlu deyir ki, Türkiyə sülhməramlıları məsələsi tez bir zamanda həll edilməlidir: “İndiki müşahidələr bizdə sualların sayını çoxaldır. Ermənistanın müdafiə nazirin Xankəndinə gəlib separatçıların rəhbəri ilə görüşüb. Bu bizdə suallar doğurur. Üstəgəl Ermənistan Xankəndinə 200 min dollar ayırıb. Orada silahlı qüvvələrin tam tərksilah olunmadığı xəbərləri də var. Çox təəssüf ki, bu suallar açıqdır. Türkiyə hərbçilərinin sürətlə və təcili şəkildə Azərbaycanda yerləşməsi lazımdır. Türkiyədə də anlayırlar ki, Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı çox ciddi narahatlıq var. Türkiyə hərbçilərin tez bir zamanda Azərbaycana gəlib Qarabağdakı dislokasiya yerlərinə yerləşməsi gözlənilir”.

Elxan Şahinoğlu deyir ki, Türkiyə hərbçilərinin bölgəyə buraxılmaması praktiki olaraq mümkün deyil: “Bizə həmişə təzyiqlər var və olacaq. Azərbaycan prezidenti də çoxsaylı müsahiblərində müəyyən təzyiqlərin olmasını inkar etmirdi. Təzyiq olmasaydı, bu gün Xankəndində də, Xocalıda da vəziyyət başqa olardı. Təzyiq oldu ki, biz rus hərbçilərinin bölgədə yerləşməsinə razılıq verdik. Amma təzyiqdən asılı olmayaraq strateji müttəfiq, qardaş ölkə Türkiyə hərbçilərinin bölgədə yerləşməsi əleyhinə çıxaq. Bu biz tərəfdən doğru olmayan yanaşma olardı. Digər tərəfdən təzyiq qarşısında baş əymə nümunəsi olardı. Rusiya prezidenti etiraf etdi ki, Türkiyə Azərbaycan müttəfiqliyinə qarışa bilmərik”.

Elxan Şahinoğlu deyir ki, bu gün Türkiyə hərbçilərinin Xankəndinə yerləşməsi problematikdir: “Amma kim mane olar ki, Türkiyə hərbçiləri Şuşada, Laçında, Kəlbəcərdə yerləşməsin? Bizə təzyiq etsələr belə müttəfiqimiz Türkiyə ilə birgə bu təzyiqləri neytrallaşdırmalıyıq. 44  günlük müharibə günlərində necə ki, Azərbaycana olan təzyiqləri birgə neytrallaşdırdıq, eləcə də Türkiyə hərbçilərin Azərbaycanda yerləşməsi əleyhinə kimlərsə təzyiq edirlərsə, iki qardaş dövlət olaraq belə təzyiqləri birgə dəf etməliyik. Çox tezliklə Türkiyə hərbçilərinin Azərbaycanda olacaq. Buna inanıram”.

E.MƏMMƏDƏLİYEV

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin