Çinlə əlaqələrin məhdudlaşması Azərbaycana neçəyə başa gələ bilər?

0
113

Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 74,5 mini keçib, onlardan 2118 nəfər ölüb, 16,1 min nəfərdən çoxu isə sağalıb. Bu barədə dünən Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsi bildirib. Fevralın 19-da verilən məlumatda isə ölkə üzrə 74,1 təsdiqlənmiş yoluxma, 2004 ölüm halı qeydə alınıb, 14,3 min nəfərin isə sağalaraq evə buraxıldığı bildirilmişdi.

Bu rəqəmlər Çin iqtisadiyyatını az qala tam durğunluq vəziyyətinə gətirən koronavirus epidemiyasının gözləntilərin əksinə olaraq, hələ azalmağa, yaxud sabitləşməyə başlamadığını göstərir. Bu isə dünyanın ən nəhəng iki iqtisadiyyatından birinin qısa müddətdə böyük çətinliklərlə üzləşmə ehtimalını getdikcə artırır. Belə bir vəziyyətdə müxtəlif ölkələr Çində yaranan problemlərin öz iqtisadiyyatına təsirlərini yumşaltmaq istiqamətində addımlar planlaşdırmağa başlayıblar. Çünki Çində yaranmış böhranın daha da dərinləşməsi perspektivi yalnız bu ölkəyə deyil, qlobal iqtisadiyyata ciddi zərər dəyməsinə gətirib çıxaracaq. Bu baxımdan, Çinlə ticari-iqtisadi əlaqələrini sürətlə genişləndirməkdə olan Azərbaycanın da zərərlə üzləşəcəyi qaçılmazdır.

Onu da qeyd edək ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi sürətlə artır. Belə ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2019-cu ildə Çinlə Azərbaycan arasında ticarət əlaqələrinin həcmi 2 milyard 184 milyon 194 min dollar təşkil edib ki, bunun da 1 milyard 432 milyon 31.37 min dolları Çindən idxalın payına düşüb. Azərbaycanın idxalında ötən il Çin Rusiya və Türkiyədən sonra 3-cü yerdə qərarlaşıb. Bu ölkəyə ixracımız isə 752 milyon 162.63 min dollar təşkil edib, Çin bu göstərici üzrə 6-cı yeri tutub.

Dövlət Gömrük Komitəsinin statistikasından həmçinin aydın olur ki, koronavirusun yayıldığı bu ilin yanvar ayında Çinlə ticarət dövriyyəmizin həcmi 120 milyon 72.46 min dollar təşkil edib ki, bunun 113 milyon 992.41 min dollarını oradan idxalımız təşkil edib. Yanvarda Çin idxalımızda Rusiyadan sonra ikinci ölkə olub, ümumi idxalda payı 15,81 faizə çatıb.  Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvarında Çindən idxalımız 87 milyon 481.83 min dollar, ümumi idxalımızın cəmi 8,55 faizini təşkil edib. Göründüyü kimi, virus epidemiyası hələlik Çinlə ticarət əlaqələrimizə təsir göstərməyib. Lakin epidemiyanın yanvarın sonlarından sürətli inkişaf mərhələsinə daxil olduğunu nəzərə alsaq, bu təsirin fevralda daha çox hiss olunacağını söyləyə bilərik.

Çindəki problemin Azərbaycana təsirləri dedikdə, turizm sahəsindəki vəziyyət də diqqətdən yayınmamalıdır. Belə ki, Azərbaycan son illərdə Asiya regionundan, o cümlədən Çindən turist cəlbini artırmağı turizmdə əsas prioritetlərdən biri elan edib. 2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Nəticədə əgər 2018-ci ildə Çindən Azərbaycana 15 min 730 nəfər gəlmişdisə, 2019-cu ildə bu göstərici 25 min 542 nəfərə çatıb. Azərbaycan tərəfi yaxın illərdə Çindən Azərbaycana turist axının illik 200 min nəfərə qədər yüksəltməyi planlaşdırır.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ötən ay gələnlərin sayında daha çox artım müşahidə olunan ölkələr arasında Çin də var. Belə ki, Dövlət Statistika Komitəsindən aldıımız məlumata görə, Çindən gələnlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 54 faiz artım qeydə alınıb. Belə ki, keçən ilin yanvarında Çindən ölkəmizə 768 nəfər gəlmişdisə, bu ilin yanvarında gələnlərin sayı 1183 nəfərə çatıb.

Kənan Quluzadə: ile ilgili görsel sonucu

Kənan Quluzadə: “Çindən turist cəlbi planımız dəyişməyib”

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin “Yeni Müsavat”a dediyinə görə, koronavirus epidemiyası Azərbaycanın Çindən turist cəlbi ilə bağlı uzunmüddətli planlarında hər hansı dəyişikliyə səbəb olmayıb: “Yanvar ayında Çindən gələnlərin sayında artım yüksək olub. Lakin bu artım ayın 1-2-ci dekadasında gələnlərin hesabınadır. Üçüncü dekadadan başlayaraq Çinlə gediş-gəliş demək olar ki, tamamən dayanıb. Düzdür, ola bilər ki, üçüncü ölkələr vasitəsilə gələnlər olsun, amma birbaşa gediş-gəliş yoxdur, birbaşa uçuşlar da dayandırılıb. Bizdən Çinə gedənlər daha çox biznesmenlər və tələbələr, oradan gələnlər isə turistlər idi. Ötən il Çindən ayda orta hesabla 2 min nəfər gəlib. Bu il də biz gözləyirdik ki, bu rəqəm iki dəfə artacaq. Bizim onlarla əməkdaşlıq barədə sazişimiz, strategiyamız da var”.

Agentlik rəsmisi bildirir ki, Çin dünya turizmində mühüm yeri olan ölkədir: “Hər il Çindən dünyanın müxtəlif ölkələrinə 140 milyon nəfərə yaxın turist gedir. Biz də bu axının bir qismini cəlb etmək niyyətindəyik. Strateji olaraq bu plan qüvvəsindədir, bununla bağlı Azərbaycan hökumətindən Çin hökumətinə məktub da göndərilib. Lakin aydın məsələdir ki, virusun yayıldığı bir dövrdə turistik əlaqələrin inkişafı mümkün deyil. Biz vəziyyəti izləyirik, turizm səfərləri üzrə alınmış turpaketlər, biletlər əlavə ödənişsiz geri qaytarılıb, çalışırıq ki, şirkətlərimiz zərər çəkməsin. Hətta virus epidemiyası daha uzun müddətdə davam etsə belə, Çindən turist axınının dayanması Azərbaycanın turizm gəlirlərində ciddi itkiyə səbəb olmayacaq. Biz bu il haradasa 40 min Çin turistinin ölkəmizə gələcəyini planlaşdırırdıq. Bu, ümumi turizmin inkişafı baxımından böyük rəqəm deyil”.

Koronavirusun Azərbaycana turist axınında mühüm yeri olan Gürcüstan, Rusiya, İran kimi ölkələrdə yayılması halına gəlincə, K.Quluzadə bildirir ki, ölkəmiz turist axını coğrafiyasını genişləndirməyə çalışır: “Hər hansı bazardan axın azalırsa, biz digər bazarlar hesabına müsbət tendensiyanı saxlamağa çalışırıq. İnşallah ki, əlaqələrimizin əhəmiyyətli dərəcədə geniş olduğu ölkələrdə virus epidemiya halına keçməz”.

Rəşad Həsənov: ile ilgili görsel sonucu

Rəşad Həsənov: “Çindəki problem ölkəmizi bir neçə istiqamətdən zərərə sala bilər+”

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Çindəki problemlərin dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına birbaşa və dolayı təsirləri var: “Birinci təsir xammal bazarındakı qiymətlərin azalmasıdır. Belə ki, dünya bazarında neftin 1 dollar ucuzlaşması Azərbaycanın bu məhsuldan gəlirinin 600-650 min dollar azalması deməkdir. Epidemiya yaranandan bəri qiymət 10 dollar düşüb, bu isə Azərbaycanın gündəlik zərərinin 6,5 milyon dollara çatmasına səbəb olub. Bundan əlavə, neftin qiymətinin azalması ölkədə çalışan neft şirkətlərinin mənfəətini azaldacaq ki, bu da onların dövlət büdcəsinə ödədikləri mənfəət vergisində özünü göstərəcək. Digər tərəfdən, Azərbaycanla Çin arasında 2,1-2,2 milyard dollarlıq ticarət dövriyyəsi var. Bu, Azərbaycan üçün kifayət qədər böyük göstəricidir. Azərbaycanlı sahibkarların Çin bazarında rahat hərəkət edə bilməməsi, birbaşa uçuşların dayandırılması, Çin əhalisinin alıcılıq qabiliyyətinin azalması fonunda həm bu ölkədən idxal, həm də oraya ixrac azalacaq”.

Ekspertin sözlərinə görə, Çindən Azərbaycana əhalinin əsas istehlak məhsulları idxal olunur: “Bu məhsulların digər ölkələrdən idxalla əvəz olunması mümkün olsa da, bu, qiymətlərin bahalaşmasına səbəb olacaq. Çünki Çindən əsasən aşağı və orta alıcılıq qabiliyyətli əhalinin aldığı ucuz mallar gətirilir. Zərərin ola biləcəyi digər sahə tranzit gəlirləridir. Bildiyiniz kimi, Azərbaycan Şərqdən Qərbə doğru məhsul daşınmasında tranzit ölkələrdən biridir. Azərbaycanın illik tranzit gəlirləri 500-700 milyon dollar civarındadır. Çindən Qərbə məhsul ixracının azalması Azərbaycanın tranzit gəlirlərinin də azalmasına səbəb ola bilər”.

R.Həsənov hesab edir ki, Azərbaycan hökuməti ticarətçi sahibkarların Çindən idxalı digər ölkələr hesabına mümkün qədər tez kompensasiya etməsi üçün onlara müəyyən güzəştlər tətbiq edə bilər. Eyni addımlar Çinə məhsul ixrac edən sahibkarlarla bağlı da atıla bilər.

Dünya SAKİT

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin