Cahangir Hacıyevin bacanağı milyonların taleyindən danışdı: O, həbsdən yeni çıxıb

0
506

Sabiq bankir Cahangir Hacıyev növbəti dəfə hakim önünə çıxarılıb. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Cahangir Hacıyev və onunla birlikdə həbs edilənlər aldıqları cəzadan narazı qalaraq apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsində məlum olub ki, bu iş üzrə Vergilər Nazirliyi də Cahangir Hacıyev haqqındakı hökmdən narazı qalıb. Çünki Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin keçmiş bankirə qarşı 1 milyon 752 min manatlıq mülki iddiası təmin olunmayıb. Nazirlik də bu qərardan şikayət verib.

Vergilər Nazirliyinin əməkdaşı Qoşqar Bədirxanov deyir ki, mülki iddianın təmin olunmasını tələb edirlər. Sonuncu məhkəmə iclasında Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayətzadə ifadə verib. Hidayətzadə vaxtilə “İnter Tobacco” MMC-yə – tütün zavoduna rəhbərlik edib.

O, Beynəlxalq Bankdan kredit kimi götürülmüş vəsaitləri mənimsəməkdə suçlanır. İddia olunur ki, o, “Solid Consulting”in rəhbəri olanda Beynəlxalq Bankdan bu şirkətə ayrılan 9 milyon manat kredit təyinatı üzrə xərclənməyib. Bu vəsait bina tikintisindən ötrü ayrılıb, ancaq kreditin bir hissəsi tikintiyə xərclənib, təxminən 3 milyon manatı mənimsənilib. Hidayətzadə sonradan “İnter Tobacco”nun rəhbəri olan dövrdə də bankdan 37 milyon dollar kredit götürüb, onu qaytarmamaqda günahlandırılıb.

Qeyd edək ki, İ.Hidayətzadə 2016-cı ildə həbs edilib və ona 5 il 6 ay həbs cəzası kəsilib. 2019-cu ilin oktyabrında vaxtından əvvəl şərti azadlığa buraxılıb. Hidayətzadə ifadəsində deyib ki, özünü qətiyyən təqsirli bilmir. Çünki bankdan götürdüyü krediti mənimsəməyib.

Onun sözlərinə görə, “Solid Consulting”ə verilən 9 milyonu bina tikməkdən ötrü podratçının – inşaat işlərilə məşğul olan “Xəzər – Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi”nin bank hesabına köçürüb. Onlar da binanı tikib təhvil veriblər: “İttiham veriblər ki, guya 9 milyonun hamısı tikintiyə xərclənməyib, 3 milyonunu mənimsəmişəm. Podratçı şirkətə 9 milyon köçürülməsi ortadadır, şirkət özü də bunu inkar eləmir. Burada hardadır, 3 milyon mənimsəmə?”

Cinayət işinin materiallarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının rəyi var. Onlar sözügedən binanı 4 milyon manata qiymətləndiriblər. İ.Hidayətzadə və müdafiəçisi isə bu cür qiymətləndirməni “insafsızlıq” sayır: “4 milyona 16 mərtəbəli bina tikmək mümkün deyil”.

İ.Hidayətzadə deyir ki, o, “Solid Consulting”in rəhbəri vəzifəsindən gedib, bu postu Natiq İmanova təhvil verəndə şirkətin kassasında 700 min manat pul vardı: “Bina da hazırdır. Gərək satılsın ki, kredit ödənilsin. Kredit ödənişində problem olanda əmlak satılır, məbləğ ödənilir. O bina da “Aqrarkredit”ə verilib”. “Aqrarkredit” QSC 2015-ci ilin yayında prezidentin sərəncamıyla yaradılıb. Bu qurum Beynəlxalq Bankın problemli kreditlərin həlli, o cümlədən girov əmlakların həraca çıxarılıb satılması, kreditin ödənilməsilə məşğul olur.

İ.Hidayətzadə deyir ki, “İnter Tobacco”ya verilən kreditlər də təyinatı üzrə xərclənib – 1 tütün zavodu, 4 məntəqə yaradılıb: “Həmin kredit hesabına tikinti aparılıb, avadanlıqla təchiz olunub. Bu gün də həmin müəssisələr işləyir. Biz “İnter Tobacco”ya görə götürülən kreditin bir hissəsini ödəmişdik. Qalan məbləği də o müəssisələri satıb ödəmək olar. O müəssisələr də “Aqrarkredit”ə verilib. Hələ o vaxt zavod və məntəqələri bank 90 milyona qiymətləndirmişdi”.

C.Hacıyev özü də dəfələrlə gileylənib ki, adamlardan həm kreditləri ödəməyi tələb edirlər, həm də o kreditin hesabına yaranan müəssisələri onlardan alırlar: “Ya adamlara o müəssisələri verin, işlətsinlər, satsınlar, o krediti ödəsinlər. Ya da özünüz həmin əmlakı satın, krediti bağlayın. Məsələ bu qədər sadədir”.

C.Hacıyev barəsində bəraət hökmü çıxarılmasını istəyib. Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hökmə əsasən Cahangir Hacıyev 16 il 6 ay, Dünyamin Xəlilov 14 il 6 ay, İsmayıl Hidayətzadə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Adlarına kredit ayrılan və bu işə təqsirləndirilən şəxs kimi cəlb edilən digər 18 nəfər barəsində isə şərti cəza hökmü çıxarılıb.

Bildirək ki, İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun cəzasını 5 ilə endirib.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,1 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İlkin Muradov

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin