Cəmiyyəti çaşdıran saxta xəbərlər – nəzarət mexanizmi…

0
290

Qulu Məhərrəmli: “Peşəkarlıq aşağı olduğu, ümumən mediamız sarı rəngə uyduğu üçün belə vəziyyət yaranır”

Son zamanlar Azərbaycanda baş verən kriminal hadisələr fonunda yayılan saxta xəbərlərin sayı artıb. Xüsusilə də Tovuzda baş verən azyaşlının öldürülməsi hadisəsi ilə bağlı müxtəlif saytlar sosial şəbəkələrə, adi bir kəndlinin verdiyi məlumata istinadən ajiotaj yaradan xəbərlər yazıb yayırlar. Eyni zamanda azyaşlılara qarşı zorakılıqla bağlı mənbəyi bəlli olmayan, rəsmi təsdiqini tapmayan xəbərlər də son günlər ölkədə sosial şəbəkələrin trendinə çevrilib.

Bu saxta xəbərlərə necə nəzarət edilməlidir?

Öncə bildirək ki, Azərbaycandan fərli olaraq dünyanın inkişaf etmiş ölkələrində bu cür saxta xəbərlərdən (fake news) daha çox siyasətdə istifadə edilir. Məqsəd qarşı tərəfə qara yaxmaq, yalanlarla onun elektoratını çaşdırmaq olur. Bu baxımdan saxta xəbərlər jurnalistikanın bir növüdür və qəsdən yaradılmış yalan informasiyadır.

Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır. 2016-cı il ABŞ-da prezident seçkiləri ərəfəsində seçicilər arasında keçirilən sorğular saxta xəbərlərin onlara təsiri necə təsir etdiyini göstərib. Belə ki, Tramp tərəfdarlarının 14 faizi “Pizzagate” iddialarının doğru olduğunu düşünüblər.

Saxta xəbərlər və konspirasiya fərziyyələrinin yayılmasını araşdıran almaniyalı alimlər isə araşdırmaları üçün yaratdıqları ifrat sağçı saxta saytlara ictimaiyyətdə böyük həvəs olduğunu aşkar ediblər.

Azərbaycanda isə durum yuxarıda da qeyd etdiyimiz kimi, bir qədər fərqlidir. Mütəxəssislər bildirirlər ki, ölkədə yayılan saxta xəbərlərin bir çoxu məişət hadisələri ilə bağlı olub, reytinq üçün yazılır.

Qulu Məhərrəmli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan media eksperti Qulu Məhərrəmli bildirib ki, informasiya müharibəsi ilə saxta xəbərlər fərqlidir:

“Böyük dövlətlərin apardıqları informasiya müharibəsi tamamilə fərqli bir şeydir. Cəmiyyəti məlumatlandırma, jurnalistika işi isə başqa bir haldır. İnformasiyanın idarə edilməsi ilə bağlı nümunələrə baxa bilərik. Məsələn, görün son hadisələrdə ABŞ İranı informasiyanın idarə edilməsi ilə necə tələyə saldı. ABŞ əlindəki faktlardan istifadə edərək böyük yalanları ifşa etdi və həqiqəti üzə çıxardı. Bizdə bu cür saxta xəbərlərin yayılmasının əsas səbəbi Azərbaycanın mətbuat sahəsində ciddi problemlərin olması ilə bağlıdır. Təəssüf ki, bu gün hətta məşhur saytlarımız da bu cür saxta xəbərlərin ardınca gedirlər. İnformasiyanı almağın, onu dəqiqləşdirməyin və yaymağın peşəkar qaydaları var. Nə qədər ki, biz həmin qaydalara əməl etmirik, hər zaman pis vəziyyətdə qalacağıq. Sosial şəbəkələr aydındır. Bu, bir sərbəst platformadır və qüsurları da daha çoxdur. Ona görə də sosial şəbəkə heç də  həmişə mötəbər media üçün informasiya mənbəyi ola bilmir və ola da bilməz. Yəni o mənbələrlə qəzet və saytlar özləri əlaqə saxlamalı, məlumatı dəqiqləşdirməli və xəbəri verək, yoxsa verməyək məqamında peşəkar kriteriyaları əsas tutmalıdırlar. Bunlar yoxdur. Peşəkarlıq aşağı olduğu, ümumən mediamız sarı rəngə uyduğu üçün belə vəziyyət yaranır. Biz əlifba, vurma cədvəli keçmədən, sanki riyazi hesablamalar aparmağa cəhd edirik. Bu gün ən ciddi problemlərdən biri televiziyaya, saytlara, qəzetlərə etimadın azalmasıdır. Ona görə də insanlar peşəkarlıq olmadığı üçün xəbər saxtakarlığından, yalandan əziyyət çəkirlər”.

Son zamanlar bu kimi xəbərlərin yayılmasını tənqid edənlər də var. Bildirilir ki, kriminal hadisələrlə bağlı xəbərlərin bu formada tirajlanması hadisələrin genişlənməsinə səbəb olub. Məsələ ilə bağlı Qulu Məhərrəmlinin fikirləri bu cürdür: “Dünyada qəbul edilmiş standartlara görə heç bir halda kriminal xəbərləri cazibədar formada vermək olmaz. Onları detallaşdırmaq, ”qəhrəmanlarını” təbliğ etmək də qadağandır. Buna görə də kriminal xəbərləri çap edən zaman “bunu verək, yoxsa verməyək?” sualı ətrafında redaktorlar, adminlər düşünməlidir. Saytların bir çoxu bu xəbərləri sensasiya üçün verirlər. Xüsusilə də uşaqlarla bağlı olan bu xəbərlərə ciddi həssaslıqla yanaşılmalıdır. Transmilli media qurumlarının etik qaydalar toplusu var. Bu topluda qeyd etdiyimiz məsələlər xüsusi detallaşdırılmış şəkildə verilir. Kriminal xəbərlər onlarda heç bir halda detallı formada verilə bilməz. Bizdə isə əksinə, bu cür xəbərləri az qala xüsusi bəh-bəhlə verirlər. Bunun da nəticəsi acınacaqlı olur. Ona görə də gerçəkdən də bu kimi hadisələrlə bağlı xəbərlərin verilişinə diqqət edilməlidir”.

Əli RAİS

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin