Cəmil Həsənlinin yaydığı deputat siyahısını kim hazırlayıb? – “Köhnələr”lə marağı…

0
163

Parlament seçkilərini boykot edən Milli Şuranın sədri Cəmil Həsənlinin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrini əks etdirən siyahı yayması sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. 

Cəmil Həsənli bildirib ki, siyahı hakimiyyətə yaxın müxtəlif mənbələrin məlumatları əsasında tərtib edilib. Lakin belə iddialar var ki, əslində, seçkidən əvvəl onun nəticələrini əks etdirən siyahının yayılması iqtidar daxilindəki şərti adı “köhnələr” olan, islahatları qəbul etməyən mühafizəkar qanadın işidir.

Məqsəd isə 9 fevral seçkilərinə inamı sarsıtmaq, seçicilərin səsverməyə gəlişinin qarşısını almaq, bununla da, yeni düzənin yaranması ilə bağlı gözləntilərin mənasız olduğunu ortaya qoymaqdır. Milli Şura isə bu məsələdə həmin qüvvələrə yardımçı olmaqda ittiham edilir.

Mövzu ilə bağlı fikirlərini Yenisabah.az-a açıqlayan Respublikaçı Alternativ Partiyasının (REAL)  icraçı katibi Natiq Cəfərliyə görə siyahının hakimiyyət daxilindən ötürülməsi illüziyasının yaradılması, bu məsələdə siyahını yayanlarla həmin qüvvələr arasında hansısa ortaq maraqların olduğuna  şübhələri artırıb.

“Mənə elə gəlir ki, seçki prosesinə insanların marağının artması, gənclərin prosesə qoşulması, namizədlərin qapı-qapı gəzərək insanları əsl vətəndaş, əsl seçici olmağa çağırması həm hakimiyyət, həm də boykotçular daxilində narahatlıq yaradıb. Yəni yeni bir situasiyanın yaranması ilə bağlı gözləntilər var. Bu halda yeni liderlər, yeni namizədlər önə çıxaraq vətəndaşları aktiv olmağa səsləyirlər.

İllərdir Azərbaycanda həm də köhnə müxalifətin günahı üzündən zəifləyən seçkiyə ümidi bərpa etməyə çalışırlar. Təbii ki, ölkədə tam demokratik və azad seçki mühiti yoxdur. Zatən ola da bilməz. Çünki siyasi institular yoxdur. Siyasi təsisatların güclənməsi lazımdır ki, seçkilər tam demokatik seçkiləri keçirilsin.

Amma budəfəki seçkilər əvvəlkilərdən fərqli mühitdə keçir. Hətta YAP-ın namizədləri belə, məcbur qalıb seçicilərlə görüşə gedirlər. Bütün bunlar 9 fevral seçkilərinin ciddi sürprizlərlər yadda qalacağına əsaslar yaradır.

Belə bir situasiyada hakimiyyət daxilində maraqlı bir qrup bu seçkiləri də gözdən salmağa, seçkinin əhəmiyyətsiz olduğunu insanlara aşılamağa çalışırlar. Sanki boykotçuların da arzusu budur və burada maraqlar üst-üstə düşür”, – deyə Natiq Cəfərli bildirib.

REAL yetkilisi seçkini boykot edənlərlə hakimiyyətdəki “köhnələr”in maraqlarının üst-üstə düşməsinin təsadüf olub-olmadığını söyləməyə çətinlik çəkir: “Mən faktlarla danışmağı sevirəm. Bununla bağlı isə əlimdə konkret fakt yoxdur. Sadəcə ciddi şübhələr var ki, maraqların üst-üstə düşməsi təsadüf olmaya bilər.

Ölkədə yeni bir konfiqurasiya yaransa, elita dəyişikliyi baş versə, bu proses yalnız hakimiyyətlə məhdudlaşmayacaq. Hakimiyyətdəki 20-25 il vəzifədə olanlarla yanaşı köhnə müxalifət də prosesdən kənarda qala bilər. Bu əndişə onları birləşdirən faktora çevrilə bilər”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin