Bu gün həmsədrlərin kritik Bakı səfəri başlayır

0
788

Həmsədrlərin budəfəki gəlişi ərəfəsində cəbhə xəttində erməni təxribatları artıb; “tufanqabağı sakitlik” nə vaxt, kimin xeyrinə pozulacaq?..

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıya səfəri gözlənilir. Xatırladaq ki, ötən həftə onlar İrəvanda və Xankəndində olub, erməni tərəfi ilə Dağlıq Qarabağ münaqişəsi zonasında durumu müzakirə ediblər. Lakin hər hansı bəyanat vermədən qayıdıblar. Ola bilsin ki, diplomatlar məhz Bakı səfərindən sonra ümumi bəyanat yayacaqlar.

Konflikt zonasında situasiya isə getdikcə pisləşməkdədir. Xüsusən də son vaxtlar işğalçı tərəfin təxribatları daha da artıb – hərçənd, belə təxribatlarda ən çox itki verən də elə erməni tərəfinin özüdür. Ötən həftəsonu düşmənin iki gündə 6 hərbçisini itirməsi buna sübutdur.
Təmas xəttindəki gərginliyin artması sözsüz ki, daha böyük hərbi toqquşma riskini artırır. Bundan qaçmağın yolu isə tərəflər arşında təcili şəkildə konstruktiv dialoqun bərpası və qarşılıqlı etimad mühitinin yaradılmasıdır. Prezidentlərin görüşünün təşkili bu yöndə kövrək də olsa, ümid yarada, savaş riskini azaldardıdı – hərçənd, rəsmi Bakı dəfələrlə bəyan edib ki, o, danışıq xətrinə danışıqların tərəfdarı deyil və belə mənasız görüşlərə qatılmayacaq.
Bu xüsusda yəqin ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmasına çalışacaqlar. Ancaq nəticə olacaqmı? Söyləmək çətindir. Böyük ehtimalla, İrəvan yenə də itkilərlə bağlı vay-şivən qaldırıb Bakını suçlu çıxarmağa çalışacaq.
Xatırladaq ki, iki ölkə başçıları sonuncu dəfə bir il öncə – keçən il iyunun 21-də Sankt-Peterburqda prezident Vladimir Putinin vasitəçiliyi ilə bir araya gəlmişdilər.
***
Bu arada Qarabağ ixtilafı ətrafında gərginliyin qalması dünyanın güc mərkəzlərində də artan narahatlıqla izlənməkdədir. Son olaraq, ABŞ Helsinki Komissiyası analoji mövqe ortaya qoyub. “Qarabağ münaqişəsində kövrək nə hərb, nə sülh vəziyyəti Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyə ciddi təhdidə çevrilib”. Bu barədə Komissiyanın Qarabağa dair məruzəsində deyilir.
Məruzədə qeyd olunur ki, Qarabağ münaqişəsi dünya üzrə ən köhnə və çətin həll edilən ərazi və etnik mübahisələrdən biri olaraq qalmaqdadır (Virtualaz.org). “Qarabağ münaqişəsi ”dondurulmuş” adlandırılsa da, sürətlə alovlanan xarakterə malikdir və 2016-cı ilin faciəvi “4 günlük müharibə”si buna sübutdur. Keçmiş sovet məkanında ən hərbiləşmiş regionlardan birində hərbi əməliyyatlar beynəlxalq ictimaiyyəti qəfildən yaxaladı və status-kvonun nə qədər dayanıqsız olduğunu göstərdi”, – deyə sənəddə qeyd olunur.
O da qeyd olunur ki, Bakı və İrəvan Minsk Qrupunun təklifi ilə hadisələrin təhqiqi müxanizminin tətbiqi və müşahidəçilərin sayının artırılmasına razılaşıblar, lakin bu razılaşmaların şərtləri böyük əksəriyyət etibarilə həyata keçirilməmiş qalır və görünür, bunun səbəbi tərəflərin gərginliyin azaldılması perspektivinin daha böyük diplomatik proseslə müşayiət olunması ehtimalında görmələridir.
Məruzə müəllifləri münaqişənin həllində Moskvanın əlahiddə rolunu qeyd edirlər: “ABŞ-ın rəsmi şəxslərinin Moskvanın Minsk Qrupu üzrə tərəfdaş-həmsədrləri ilə işləməsi barədə bəyanatlarına baxmayaraq, Moskvanın status-kvonu özünün geosiyasi maraqları dairəsində nəzərdən keçirib-keçirməməsi aydın deyil. Onların sözlərinə görə, Türkiyənin də rolu həddən artıq vacibdir, belə ki, bu ölkə Azərbaycanla sıx əlaqələrə malikdir və Ermənistan üçün potiensial iqtisadi maraq dairəsindədir”.
***

Ermənistan isə hələ ki Moskvanın cızdığı kursdan kənara çıxmaq iradəsinə sahib deyil. Apreldəki parlament seçkilərindən sonra rəsmi İrəvan ümumiyyətlə, davakar ritorika sərgiləyir. Prezident Serj Sərkisyanın Dağlıq Qarabağla bağlı hər hansı danışıqları faktiki istisna edən məlum şərtli bəyanatı münaqişə ətrafındakı situasiyanı daha kritik və təhlükəli edib.
Bu arada Ermənistanın üstəlik, öz hərbi-sənaye kompleksinin yaratmaq xülyasına düşdüyü məlum olub. Musavat.com-un məlumatına görə, söhbət onun öz ordusunun hərbi-texniki ehtiyacının bir hissəsini özü ödəmək və silah istehsal edən ölkəyə çevrilmək istəyindən gedir. Ermənistan hökumətinin son iclasında belə bir sənəd qəbul edilib.
Həmin sənəd ölkənin hərbi-sənaye və hərbi-texniki siyasət strategiyasına əsaslanan tədbirlər proqramını nəzərdə tutur. Əsas hədəf Ermənistan silahlı qüvvələrini yerli hərbi məhsullarla təmin eləməkdir. Ancaq klassik sual bu yerdə tam yerinə düşür ki, necə, nə ilə, hansı iqtisadiyyatla?
Azərbaycan isə işğalçı Ermənistandan fərqli olaraq, bu sahədə də düşmən ölkəni böyük ölçüdə qabaqlayır. Təkcə elə Azərbaycanda İsrailin köməyi ilə istehsalına başlanmış “Zərbə” pilotsuz aparatları yada salmaq kifayətdir. Yüngül silahların istehsalına isə biz çoxdan başlamışıq.
Azərbaycan eyni zamanda ermənilərin “qorxulu yuxu”suna çevrilmiş bir sıra başqa silahların istehsalı sahəsində son vaxtlar mühüm uğurlar əldə edib. Bu yöndə İsrail, qardaş Türkiyə, Pakistanla yeni əməkdaşlıq sazişləri imzalanıb və yenilərinin imzalanması gözlənilir.
Bütün bunlar, şübhəsiz ilk növbədə Azərbaycan iqtisadiyyatının dayanıqlı və rentabelli, bütövlükdə ölkənin varlı olması sayəsində mümkün olub. Hər şey də elə iqtisadiyyatdan başlamırmı?
Məsələ də ondadır ki, heç Ermənistanın əsas müttəfiqi Rusiya da işğalçı ölkədə birgə silah istehsalında maraqlı deyil. Çünki söhbət həm də kommersiya-biznes maraqlarından gedir. Kasıb və acından ölən Ermənistan Rusiyanın bu maraqlarını qarşılaya bilməz. Ümumiyyətlə, Kremlin satelliti olan bir marionet ölkənin hərbi-sənaye kompleksi ola bilməz. Əks halda, Ermənistan daha Rusiyadan vassal asılılığında olmazdı ki.
Başqa yandan, hərbi sənaye kompleksi yalnız müstəqil, baş tutmuş dövlətlərdə olur. Ən önəmlisi, hərbi-sənaye kompleksi olmayan ölkə – Ermənistan belə bir kompleksə malik ölkənin – Azərbaycanın ərazisini uzun müddət işğal altında saxlaya bilməz. Bunu yəqin ki, həm İrəvanda, həm də Moskvada yaxşı bilirlər.

***

Qarabağ münaqişəsi zonasında isə “tufanqabağı sakitlik” davam edir. Bu sakitlik nəyə işarədir, necə, nə vaxt və kimin xeyrinə pozulacaq? Minsk Qrupu həmsədrlərinin bu gün başlayacaq Bakı səfəri bu suala müəyyən mənada aydınlıq gətirə bilər.

Siyasət şöbəsi 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin