Brilliant Dadaşovadan sensasion açıqlama: “Nəinki qadınlar, adını kişi qoymuş insanlar da…”

0
592

Bir neçə gündən sonra doğum gününü qeyd etməyə hazırlaşan Xalq artisti Brilliant Dadaşova həyatındakı çətinliklərdən, ağ və qara zolaqlardan danışıb.

Sevilən müğənni Publika.az-a müsahibəsində etiraf edib ki, maddi çətinliklərdən dolayı Buzovnada yerləşən bağ evini satmalı olub.

– Brilliant xanım, uzun müddətdir səhnələrdən uzaq düşmüsünüz, pandemiya isə hələ davam edir. Baş verənlərin fonunda əhval-ruhiyyəniz hansı notlar üzərində köklənib? Optimizmi qorumaq alınır?

– Hər bir fərd necə, mən də elə. Hamı kimi bəzən yorulub depressiyaya düşürəm, qanım qaralır… Çətinliklər çoxdur, nəsil böyükdür, bacılarım, uşaqları, nəvələri və s. Ortada işsizlik məsələsi var, təbii olaraq sosial ehtiyaclar da artır. Hər halda şükür edirəm ki, hamımız sağ və salamatıq. Atalarımız deyib ki, tək ölümə çarə yoxdur. Odur ki, can sağlığı varsa, qalan hər şey düzələr. Bu gün biz bu məsəli əldə rəhbər tutmalıyıq, təki ölüm-itim olmasın. Filosoflarımız əbəs yerə demir ki, həyat ağ və qara zolaqlardan ibarətdir. Hər kəsin həyatında müəyyən çətinliklər olur, ya xəstələnir, ya gün gəlir doğma birini itirir… Amma unutmamalıyıq ki, hər qaranlıq gecənin işıqlı bir sabahı var. Sonra insanın həyatında yenidən ağ zolaqlar başlayır, övladlar evlənir, nəvələr doğulur, ailə xoşbəxtliyə qovuşur. Dolayısı ilə həyatımız boyunca ağ-qara zolaqlar üzərində irəliləməyə məhkumuq.

Eyni zamanda vəziyyətdən çıxış yolu da tapmağı bacarmalıyıq, kəməri bərkitsək, özümüzü ələ alsaq, bir-birimizin əhval-ruhiyyəsini korlamağa çalışmasaq, hamımız əlbir olsaq, pandemiyaya daha tez qalib gəlmək imkanlarımız olar. Bir vətəndaş kimi qanunlara tabe olmaq borcumuzdur. Qayda-qanunu qoyan rəsmilər bu məhdudiyyətləri dünya təcrübəsinə söykənərək qoyur. Cəmiyyət olaraq səhvimiz odur ki, hamımız başqasından daha çox bildiyimizi zənn edirik. Hamı özünü çoxbilmiş hesab edir. Əslində bilmədiyimiz məqamlar var, bu mənada diqqətli olmalıyıq.

– Qarşılaşdığı çətinliklər sənət adamlarının tükənməsinə səbəb olur, ya əksinə, daha maraqlı kompozisiyalar yaratmağa ilhamlandırır?

– Bu, insanın özünə, əqidəsinə və xarakterinə bağlı olan məsələdir. Birmənalı fikir söyləmək mümkün deyil. Sözsüz ki, həm tükənənlər, həm də həvəslənənlər olur. Hadisələri kənardan izləyib, ya dincəlib sonra işinə yüksək enerji ilə davam edənlər də olur.

Dünya ulduzları arasında da pandemiyadan sarsılanlar var, tək bizdə deyil. Güclü olmaq çətindir, elə gücsüzlük də insanı mənəvi baxımdan çox yorur. Bu pandemiya ağlımıza gəlməyən, kitablarda oxumadığımız situasiyaları bizə yaşatdı. İbn Sinanın dövründə də taun və vəba kimi dəhşətli xəstəliklər var idi. Tarixdə başqa epidemiyalar da olub. Amma ağlımıza gəlməzdi ki, tibbin bu qədər inkişaf etdiyi 21-ci əsrdə belə hallar baş verə bilər. Düşünürdük, tibb elə bir inkişaf mərhələsindədir ki, orta əsrlərdə olan əhvalatlar başımıza gəlməz. Gördüyünüz kimi, ana təbiət yenə öz hökmünü və nə qədər güclü olduğunu bir daha göstərdi. İnsan şüuru nə qədər irəli getsə və zirvələri fəth etsə də, ana təbiət insan ağlından daha qüdrətli olduğunu sübut etdi. Onun qoyduğu qaydalarla hərəkət etməliyik ki, ölüm-itim olmasın.

– Pandemiya sizdə daha nələri dəyişdi? Özünüzdə hansı keyfiyyətləri kəşf etdiniz?

– İnsan yaşadıqca öyrənməlidir. Hər gün həyatdan hansısa dərslər alırıq, bu, həyatın qanunudur. Anadan olandan ölənədək həyat bir imtahandır. Pandemiya da imtahanlarımızdan biri sayılır. Əvvəlcə biz uşaqlarımıza yeriməyi və danışmağı öyrədirik, sonra isə özümüz uşaqlardan öyrənirik. Məsələn, sosial şəbəkələrdən istifadə qaydasını oğlumdan öyrənmişəm.

– Brilliant xanım, sizi hər zaman güclü xanım kimi tanımışıq, eyni zamanda da yaradıcı insanlara xas həssaslığınızdan xəbərdarıq. Həm kövrək, həm də bu qədər güclü olmağı necə bacarırsınız?

– Hamı bilir ki, həssas qəlbli insanam. Xüsusən də uşaqların və yaşlıların göz yaşına ürəyim dözmür. Körpələr, yaşlılar, çarəsiz, köməksiz insanlar mənə çox əzizdir… Yeniyetməlik dövründə evə gəlib ağlayırdım ki, bu dünyada yaşamaq istəmirəm, çünki küçəyə atılan uşaqları, dilənən nənələri görmək mənə ağır idi. Amansızlıqları gördükcə bərkimişik… Bilirsiniz ki, nə qədər şər-böhtanlara məruz qalmışam. Sənətkar deməyəcəm, çünki hər adam sənətkar ola bilmir. Amma heç bir məşhur mənim qədər yalana, şərə və böhtana məruz qalmayıb. Əlbəttə ki, bunlara sinə gərmək üçün həyat səni özü bərkidir, yaşamağı öyrədir, ətrafında çox qəddar, mənfi ünsürlər olduğunun şahidi olursan. Belə bir vəziyyətdə güclü olmaqdan başqa çıxış yolun qalmır.

Nənəm müğənni olmağımı istəmirdi, deyirdi ki, insanlar sənin dedi-qodunu edəcək. Böyüyüb gördüm ki, nəinki qadınlar, kişilər, adını kişi qoymuş insanlar dedi-qodumu edir. Sözsüz ki, bütün bunları yaşamaq asan olmadı.

– Qəlbinizi qıran daha hansı ağrılarınız var?

– Onları mahnılara köçürürəm, çalışıram qəlbimdə saxlamayım. Nəğmələrimin hər biri qəlbimin aynasıdır. Əgər bu ağrını mahnılarımda hiss və ya dərk edirsinizsə, deməli, arif adamsınız. Əgər kimsə oxuduğum nəğmələrdəki ağrını duya və tapa bilmirsə, deməli, onun qəlb gözü hələ açılmayıb…

– Buzovnadakı bağ evinizi satışa çıxarmağınızla bağlı xəbərlər yayılıb. Maddi sıxıntılarla bağlıdır?

– Ailəmiz böyükdür. Biz atamın bağında yaşayırdıq, oğlum da orda böyüyüb. Oğlum böyüdükdən sonra Buzovnada sovet hökumətindən əvvəl babama aid olan torpaq sahəsi aldıq. Yoldaşımla mən pul tapdıqca ora hasar çəkdik, mətbəx, sonra otaqlar tikdik, 4 ilə tikib bitirdik. Amma satmalı olduq, artıq bağsız qaldıq. İndi atamın bağındayıq, qohum-əqrəba hamımız ora yığışırıq, yayı orda keçirmişəm.

 Heç bir məşhurun sizin qədər şər-böhtana məruz qalmadığını söylədiniz. Amma onu da bilirik ki, sizin qədər sevilməyi bacaranlar da çox deyil. Qarşıdan gələn doğum gününüz münasibətilə təbrik edir, hər zaman sevilməyi və xalqın ən əziz sevimlisi olmağı arzu edirəm. Əlamətdar günlə bağlı hər hansı planınız varmı?

– Heç bir planım yoxdur, bu yaxınlarda oğlumun doğum günü oldu. Onun da doğum gününü qeyd etmədik, sadəcə bir neçə yaxın dostu gəlmişdi. Çox sadə şəkildə qeyd etdi, heç mən Bakıda deyildim.

Ümumiyyətlə doğum gününü qeyd etməyi heç vaxt sevməmişəm. Bircə keçən il dostlarım mənim üçün məclis hazırlamışdı, ora getməmək mənim üçün ayıb olardı. Xoşlamıram ki, gedib yuxarı başda oturum, qonaqlar şərəfimə sağlıqlar deyib məni tərifləsinlər. 35 ildir sənətdəyəm, heç yerdə doğum günü mərasimi keçirdiyimi və ya ad günü fotoları görə bilməzsiniz. Anamı erkən yaşlarda itirdiyim üçün uşaqlıqdan doğum gününü keçirməməyə öyrəşmişəm. Heç nə dəyişməyib… Bu il yəqin ki, evdə ailəmlə birlikdə şam üfürərəm, uşaqlar da mahnı oxuyar mənim üçün…

Aytən Məftun

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin