Böyük Qayıdışın “ZƏNG”i- Prezident xüsusi nümayəndəsinə dedi ki…

0
92

1993-cü ilin 30 oktyabrında Zəngilan rayonu Ermənistan ordusu tərəfindən işğal ediləndə rayon 1 şəhər, 5 qəsəbə, 79 kənddən ibarət idi.

2020-ci ilin oktyabrında qəhrəman Azərbaycan Ordusu Zəngilanı düşməndən azad edərkən bu rayonun quruca adı qalmışdı, vandall ermənilər yerlə bir etmişdilər Zəngilanı da, işğaldakı digər çoxsaylı yaşayış məntəqələrimiz kimi…Azğın düşmən 27 il ərzində “özünün” hesab etdiyi Qarabağın daşını daş üstə qoymamışdı.

Budur, zəfərimizdən keçən 18 ay ərzində artıq Qarabağ yenidən canlanır, evlər tikilir, qəsəbələr, şəhərlər salınır…İlklər sırasında Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” qurulur və bu il böyük qayıdışa start veriləcək, yaşayış məntəqəsi ilk sakinlərini qəbul edəcək!

Mayın 4-də daha bir mühüm addım atıldı: Prezident İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə təyin etdi! Sərəncama əsasən, Vahid Hacıyev Prezidentin xüsusi nümayəndəsi təyin edildi. Xeyirli-uğurlu olsun! Erməni revanşistlər donquldanmaqda olsunlar, Azərbaycan yoluna davam edir. Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu qəhrəman sərhədçilərimiz tərəfindən aşkarlanmış, qrupun bir üzvü Matirosov Eduard Arturoviç DSX əməkdaşları tərəfindən saxlanmışdı. Beləcə, sərhədçilərimiz sərhədlərimizi ayıq-sayıq qoruyur, baxmayaraq ki, hələlik Ermənistan sərhəd dəqiqləşməsi məsələsini də uzadır. Amma olsun, dövlət başçımız demişkən, ərazi bütövlüyümüzü tanımayacaqlarsa, biz də tanımayacağıq, o halda “Ermənistan-Azərbaycandır”, devizi gündəmə gələ və yeni hədəf elan oluna bilər. Görək kim peşiman olacaq…

Prezidentin yüksək vəzifə verdiyi Vahid Hacıyev kimdir?

 Vahid Hacıyev

Qayıdaq təyinat gününə. Prezident xüsusi nümayəndəsini təyin edərkən vacib tövsiyələrini verməklə yanaşı, həm də növbəti dəfə erməni faşizminin iç üzünü açdı. Sitat: “Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir”. Reallıq budur. Amma ikili standartlar dünyanın gözlərini aça bilmir, kor olub bir çox mərkəzlər, aparıcı qüvvələr Azərbaycan ərazisində erməni vandallarının törətdiyi insani, maddi-mədəni soyqırımlara.

Amma bütün bunlara baxmayaraq, Azərbaycan qurur, yaradır. Ölkə başçısının da qeyd etdiyi kimi, Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Prezident xatırlatdı: “Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur”. Allahın evini dağıdan erməni işğalçılarına nəinki yetərincə təpki olmadı, əksinə, Azərbaycana əks-hücum əməliyyatını dayandırmaqdan ötrü olmazın təzyiqlər göstərdilər, bu cəhdlər iflasa uğrayanda müxtəlif ölkələr Ermənistana silah-sursat göndərməyə başladı, qonşusunun ərazilərini 30 il işğalda saxlayan təcavüzkarı xilas cəhdləri bu gün də səngiməyib, ən müxtəlif formada dəstək nümayişi mövcuddur. Məscidləri dağıdan ermənilərin “maddi-mədəni irsi”nin hayındadır Avropanın parlament adına həqarət etmiş orqanı, müxtəlif mərkəzlər. UNESCO gəlib araşdırdımı işğal dövründə Azərbaycana məxsus tarixi abidələri? Təbii ki, yox. Amma Qafqaz Albaniyasına aid irsə sahiblənməyə çalışan erməni saxtakarlarının saxta göz yaşlarını silmək üçün növbəyə düzülənləri bu gün də görməkdəyik. Ölkə başçımız buna görə də ikili standartları vaxtaşırı xüsusi vurğulayır…Qələbəmizdən sonra Zəngilandakı ilk səfərində də belə demişdi: “Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl gör buranı!” Bu günədək gəlməyiblər, görməyiblər…

Zəngilan aeroportu belə olacaq - Foto

Zəngilanın tarixi çinar meşəsini də məhv edib düşmən. Azərbaycan yenidən meşə salır, şəhərlər kimi…Ölkə başçısı birinci xanım Mehriban Əliyeva ilə birgə Zəngilana səfər edərkən necə demişdi? Xatırlayaq: “Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər”. Necə də yerində deyilmiş ifadədir: “Başınıza dəysin!” Qarabağdakı talanlara kar, kor, lal olanlara yaraşandır…

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurub, ölkə başçısı da bu haqda danışdı. Sitat: “Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. Qoruğun böyük hissəsi məhv edilib. Bəsitçay təbiət qoruğunun bərpası artıq başlanıb. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü”. Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Yəni heç nə unudulmayıb, heç bir cinayət yaddan çıxmayacaq: “Dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir”.

Azərbaycan dövləti təkbaşına Qarabağı qurub-yaratmaqdadır, kimsədən bir sent dəstək görmədən! Bu da dünyanın ədalətsizliyidir. Ermənistana işğalçı siyasətin qarşılığında yardım paketlərini qəbul edən çevrələr 30 il ərzində yüz milyardlarla zərər görmüş ölkəni Qarabağ xarabalıqları ilə baş-başa buraxıblar. Amma buna da dözürük və əlimizi işdən soyutmuruq. Çünki hədəf Böyük Qayıdışdır! Qarabağ Azərbaycan xalqının isti nəfəsi üçün çox darıxıb, elə vətəndaşlarımız da doğma yurd yerlərinin həsrətindədirlər, qonaq kimi gedib-gəlmək o niskili aradan qaldırmır. Ermənilər vaxtaşırı təxribatlar törətməklə hesab edirlər ki, azərbaycanlıların Qarabağa əbədilik (!) qayıdışını əngəlləyə biləcəklər. Biz “Ağıllı Ağalı”nı tikib-bitirməkdəyik, düşmən hələ də ağıllanmayıb. Prezidentin müjdəsi: “Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf – əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır”.

Ölkə başçısı deyib ki, Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Daha bir gözəl xəbər: Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək! Dövlət başçısı növbəti hava limanının tikintisini “izafi xərc” hesab edən bizimkilərin də nəzərinə çatdırdı ki, bu hava limanının çox böyük funksiyaları olacaq. Sitat: “Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək”. Üstəlik, dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur.

Qeyd ediyimiz kimi, Azərbaycanın əsas hədəfi Böyük Qayıdışın təmin olunmasıdır. Ölkə rəhbəri də qeyd etdi ki, keçirilən sorğularda məcburi köçkünlərin böyük əksəriyyəti

Geri dönməyə hazır olduğunu bildirib. Amma Prezident İlham Əliyev detallara da toxundu və bildirdi ki, qayıdışın təmin olunması üçün həyata keçirilməli olan işlər var. Yəni evlər tikildi, infrastruktur quruldu, bununla məsələ bitmir ki…Sitat: “Əhalinin məşğulluğu vacib məsələlərdən biridir. Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır. Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır”. Dövlət rəhbəri hətta ailələrin hazırki iş yerləri, övladlarının təhsil alması və sair məsələlərə də toxundu. Göründüyü kimi, Dövlət Baba bütün incəlikləri nəzərə alır və

Vətəndaş məmnuniyyətinin, insan rifahının ən yüksək səviyyədə olmasından ötrü əlindən gələni edir!

İki dövlətlə həmsərhəd olan Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti də danılmazdır. Prezidentin qeyd etdiyi kimi, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. Daha bir hədəfimiz var: Zəngəzur və bu yolda Zəngilanın önəmi böyükdür. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Zəngilandakı hava limanının önəmi misilsiz olacaq. Prezidentə istinad edək: “Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq. Zəngəzur dəhlizi yeni nəqliyyat dəhlizi açılacaq. Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq”. Ölkə rəhbəri qeyd etdi ki, təqribən 10-15 il ərzində nəqliyyat sektorunun inkişafına böyük əhəmiyyət verilib. Bu gün Azərbaycan istənilən yükü qəbul və onu tranzit kimi ötürə bilir və Azərbaycanın imkanları daha da artacaq. Təsəvvür edin, bütün bu inkişafı “dalan ölkə” həsədlə izləyir və izləməkdə davam edəcək. Əgər bu yolu – əslində yolsuzluğu – seçirlərsə, can onların, cəhənnəm Tanrının!

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yenidən quran Prezidentdən daha bir maraqlı xatırlatma: “İşğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı”. Yəqin hamı 44 günlük müharibə günlərində dillər əzbəri olmuş “Nə oldu, Paşinyan, Cəbrayıla yol çəkirdin?” sözlərini məmnuniyyətlə xatırladı. Bu yerdə  qeyd edək ki, Ermənistandan Qarabağa sayca üçüncü yolun çəkilişi ilə bağlı xəbərlər vaxtilə az qalırdı ki, bizi toplum olaraq dəli etsin. Hamılıqla narahat idik. Bəs, necə? Yolların çəkilişi işğalın əbədiliyinə hesablanmışdı. Arzuları, ölkə başçımızın dediyi kimi, gözlərində qaldı və indi biz yollar çəkirik, özü də necə yollar…

Təbii ki, təkcə Zəngilanla məhdudlaşmır bu işlər. Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Kəndlər planlı şəkildə bərpa ediləcək. Hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Ancaq sistemli şəkildə, qaydalara əməl olunmaqla. Necə ki, dövlət başçısı məxsusi qeyd etdi: Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır!

Dövlətimizin başçısı da onu bildirdi ki, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaq.

Azərbaycan Prezidenti: “Ermənilər Cəbrayıla yol çəkmək istəyirdi, ümidləri  gözlərində qaldı”

Şərqi Zəngəzurun mühüm bir parçası olan Zəngilanda görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Ərzaq təhlükəsizliyi ön plandadır. Ölkə başçısı da qeyd etdi ki, son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir. Prezident digər məqamı da xüsusi vurğuladı. Sitat: “Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla genişmiqyaslı məşğul olmaq olar. Keçən il “DOST Aqropark” adlandırılan aqroparkın təməli qoyuldu. Azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq…”

Və…Daha bir mühüm sahə, Azərbaycanın qeyri-neft sektoru üçün önəmli gəlir mənbəyi: “Zəngilan rayonunda böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq”. Dövlətimiz və millətimiz üçün xeyrili olsun, inşallah!

Ötən il zəngilanlılarla Zəngilandakı görüş zamanı rayon sakinlərindən biri demişdi: “Cənab Prezident, Mehriban xanım, gün o gün olsun ki, Sizi abad Zəngilanda qarşılaya bilək. Sizə uğurlar arzu edirik. Qədəmləriniz uğurlu olsun. Çox sağ olun, İnşallah, abad Zəngilanda gözləyəcəyik!”

O günə doğru dövlətimiz inamla irəliləyir! Yolumuz açıq, işlərimiz avand, yurdlarımız abad olsun! Böyük Qayıdışın “ZƏNG”ı çalınmaq üzrədir…

Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da əkinçi ola  bilərdim” -MÜSAHİBƏ

Elşad Paşasoy

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin