BÖYÜK QAYIDIŞ YOLUNDA QAZ TƏXRİBATI -Qİİ rəisi Füzuli rayon vətəndaşlarına qarşı “ikinci cəbhə” açıb

0
1356

İstismar İdarəsinin rəisi Şəhriyar Qarayev Füzuli rayon vətəndaşlarına qarşı “ikinci cəbhə” açıb.

RealMedia.az-ın redaksiyasına ərizə ilə müraciət edən Füzuli rayonundan məcburi köçkün Hüseynov Nəsimi Rəşid oğlu Füzuli rayon Qaz İstismar İdarəsindən (Qİİ) şikayət edib. Vət. Hüseynov bildirir ki, rayonun “Qayıdış – 4” qəsəbəsindəki 75 saylı ünvandakı ev vaxtilə orderlə onun nənəsi mərhumə Gülsumə Həsənovanın adına rəsmiləşibmiş. G. Həsənova vəfat edəndən sonra bir müddət onun qızının istifadəsində olub. Qızı ailə qurandan, ər evinə köçəndən sonra həmin ünvan xeyli vaxt boş qalıb. Evin keçmiş sakinlərinin kommunal xidmətlərə görə borcları da qalmayıb.

Nəhayət, Nəsimi Hüseynov Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitənin xətti ilə 31 oktyabr 2017-ci ildə həmin evdə məskunlaşıb. N. Hüseynov yazır ki, yerli Qİİ-nin əməkdaşları onun evdə olmadığı vaxt gəlib qaz sayğacına baxış keçiriblər və istehlak olunan qazın göstəricisinin az olmasından “şübhələniblər”. Ev yiyəsinin və şahid qonşularının iştirakına ehtiyac duymadan, onların imzası olmayan heç bir akt tərtib etmədən sayğacı açıb aparıblar və cihazı guya yoxlanılmaq üçün ekspertizaya təhvil veriblər. Hüseynov qeyd edir ki, məsələ ilə bağlı idarəyə gedib və rəis Şəhriyar Qarayevlə görüşüb. Rəis ona deyib ki, sayğacın göstəricisinin az olması Qİİ əməkdaşlarında sayğaca müdaxilə olunması şübhəsi oyadıb.

Şikayətçi öz müşahidələrindən və eyni aqibəti yaşayan digər abonentlərin giley-güzarından bu qənaətə gəlib ki, Qİİ bilərəkdən abonentlərə qarşı şərləmə kampaniyası həyata keçirir, necə deyərlər, onların “ölümündən yapışır ki, qızdırmaya boyun əysinlər”. Daha böyük məbləğdə cərimə ödəmək məsuliyyətindən yaxa qurtarmaq istəyən istehlakçılar rüşvət verməyə məcbur olurlar. Onun da evində yaşayış izi görər-görməz sözün həqiqi mənasında əməliyyata keçiblər. İstisna deyil ki, əhali qrupuna aid bəzi abonentlər sayğaclara müdaxilə etmiş olsunlar. Lakin bir-iki faktı əsas götürüb hamıya şübhə ilə yanaşmaq yolverilməzdir. “Qayıdış” qəsəbələrinin sakinlərinə qarşı “ikinci cəbhə” açan bu böhtan siyasəti Böyük Qayıdışın yolunda sabotajdır desək, yanılmarıq.

Yazıda qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin