Boliviyaya azarkeşlik edən Əli Kərimli Güneyi niyə görməzdən gəlir? – Replika

0
79

Boliviyada Evo Moralesin 4-cü prezidentliyi baş tutmayıb.

Xalq etirazları prezidenti geri çəkilməyə vadar edib. Bəzi bölgələrdə polisin xalqın tərəfinə keçməsi, ordunun siyasi proseslərə qoşulmayacağını bəyan etməsi dövlət başçısının qərarına təsir edib. Məlumata görə, Morales istefa verib. Neçə gündür ki, Azərbaycan ictimaiyyəti, siyasi fəallar bu mövzuda danışır, kənardan körüklənən “demokratik hərəkata azarkeşlik” edirlər.

Milli Şuraya, “Yurd”a daxil olan siyasilər çox ümidləniblər. Sanki Boliviyada baş verənlər Santa Klaus kimi qitələri aşıb hamıya təsir edəcək. Qeyd edək ki, bir müddət öncə Milli Şura təmsilçiləri eyni azarkeşliyi Venesuelaya edirdilər. Həmin vaxt ümidlənmışdilər ki, müxalifətçi Xuan Quaido Prezident Nikolas Maduronu devirəcək. Sonradan Maduronun beynəlxalq dəstəkçiləri daha güclü çıxdı. Moralesin bəxti isə Maduro qədər gətirmədi…

Qiyama və ya üsyana qalxanları dəstəkləyən Milli Şura təmsilçilərinin bir aqrumenti var- insan hüquq və azadlıqları bir ölkənin daxili işi deyil. Bu prinsiplər bəşəri dəyərlərdir və onu hər kəs müdafiə etməlidir. Amma nədənsə bəşəri dəyərlər olan insan hüquq və azadlıqları, xalqların etiraz etmək hüququ Güney Azərbaycan məsələsində keçərli olmur. Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” qrupu hələ ötən əsrin 90-cı illərində, 2000-ci illərin əvvəllərində mərhum Əbülfəz Elçibəyin başlatdığı Bütöv Azərbaycançılıq ideyasına qarşı çıxır, bunu “İranla münasibətləri pozmaq cəhdi” kimi qiymətləndirirdi. Əslində bu gün də dəyişən bir şey yoxdur.

Əli Kərimli də, Güney Azərbaycanda, bütövlükdə İranda baş verən tarixi hadisələrlə bağlı bir neçə monoqrafiya yazmış professor Cəmil Həsənli də bu məsələdə İran rejiminin xətrinə dəyəcək davranış sərgiləmək niyyətində deyil. Halbuki, burada söhbət dövlətlərarası münasibətlərin pozulmasından, başqa dövlətin daxili işlərinə qarışmaqdan getmir. Əgər insan hüquq və azadlıqları məsələsi bir dövlətin daxili işi deyilsə, Milli Şura İrandakı azərbaycanlıların hüquqları məsələsində niyə Boliviya azarkeşliyini nümayiş etdirmir? Deməli, Milli Şuranın Boliviya azarkeşliyi də saxtadır. İranda 35 milyon azərbaycanlı yaşayır. İndiki İranın siyasi coğrafiyasını bu superetnos formalaşdırsa da, ölkəni əsrlərlə yadellilərdən bu millət qorusa da, hegemon millət farslardır. Azərbaycanlıların ana dilində təhsil almaq hüququ belə yoxdur. Güney Azərbaycanda xalq bu duruma etiraz edir. 20 ildən çoxdur ki, ölkədə milli kimlik və ana dili uğrunda mübarizə gedir. Bu mübarizədə yüzlərlə güneyli siyasi fəal həbslərə düşüb, işgəncə görüb, bəziləri öldürülüb, mühacirətə yollanmaq zorunda qalıb.

35 milyonluq Güney Azərbaycan türklərinin savaşı Əli Kərimli və Milli Şura üçün demokratik mübarizə sayılmırmı? Milli kimlik və ana dili uğrunda mübarizə nə zamandan separatçılıq hesab olunub? Əli Kərimli dünya azərbaycanlılarının pozulan hüquqları ilə bağlı susacaqsa, hansı mənəvi haqla Elçibəyin siyasi- mənəvi varisi olmağa iddialıdır? Axı Əbülfəz Elçibəy üçün Güney, Borçalı, Kərkük, dünyaya səpələnmiş azərbaycanlıların hüquqları hər şeydən üstün idi…

Bu gün Güneydə ana dili savaşı verən Abbas Lisani əsl mücahiddir. Dəfələrlə həbsə düşsə, işgəncə görsə də, Abbas bəy milli haqlar uğrunda mübarizədən geri durmur. Bu gün bizim üçün milli mücadilə, siyasi mübarizə simvolu, Çe Gevara da, Quaido da Abbas Lisani və digər güneyli hərəkatçılar olmalıdır. Ancaq Əli Kərimli düşərgəsi milli haqlar uğrunda mübarizə aparan bir toplumun yanında olmaq istəmir. Halbuki, o toplum qanı qanımızdan, canı canımızdan olan öz soydaşlarımızdır. Sağ mərkəzçi orientasiyaya malik olduğunu iddia edən “Yurd”, Milli Şura görünür İranın xətrinə dəyəcək bəyanat və hərəkətlərdən çəkinir, Boliviyaya azarkeşlikdən isə usanmır. (Cebhe.info)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin