““Bizim nə ordumuz, nə silahımız var, heç olmayacaq da…” – Prezidentin açıqlaması qalmaqal yaradıb

0
83

Gürcüstan prezidenti Salome Zurabişvili növbəti dəfə qalmaqalla üzləşib. Bu dəfə qalmaqala onun Gürcüstan və Qafqazın öyrənilməsi üzrə Koordinasiya Mərkəzinin açılışı ilə əlaqədar ötən gün baş tutan çıxışı səbəb olub. Prezident iddia edir ki, onun sözləri “gülünc bir şəkildə kontekstdən çıxarılıb və təhrif edilib”. Bu barədə “Exo Kavkaza” portalı məlumat verir.

Bəlkə də, Koordinasiya Mərkəzinin heç ağlına belə gəlməzdi ki, dolayı da olsa onun açılışı barədə bu gün bütün Gürcüstan xəbər tutacaq. Salome Zurabişvilinin bəyanatlarını nəzərə alsaq, deyəsən onun özü də sözlərinin bu qədər diqqət cəlb edəcəyini gözləməyib.

“Bizim nə ordumuz, nə silahımız var, heç olmayacaq da. Regionu fəth etmək üçün böyük iqtisadi potensialımız da yoxdur, amma bizim bilik, elm, mədəniyyət kimi güclü silahımız var. Nəinki indi, keçmişdə də bu baxımdan – arxeologiya, din, köklərimiz və gələcəyimizlə çox zəngin regionuq. Ən əsası odur ki, biz özümüzə inanmalıyıq, bütün bu imkanlara malik olduğumuza inanmalıyıq. Hər şey bundan başlamalıdır”, – deyə prezident bildirib.

Zurabişvilinin məhz gürcü ordusunu qeyd etməsi etirazlara səbəb olub. Demək olar hər yerdən ölkənin Ali Baş Komandanına qarşı tənqidlər eşidilməyə başlayıb: vətəndaş fəalları etiraz etmək üçün iqamətgaha üz tutublar, müxalifət isə Zurabişvilini dövlət təhlükəsizliyini məqsədyönlü şəkildə pozmaqda ittiham edib.

“Ötən gün Gürcüstan prezidentinin bəyanatı ilə tanış olduq. Tamamilə yolverilməz haldır. Gürcü ordusu güclüdür, bizim qəhrəman hərbçilərimiz var. Prezidentə bunu söyləmək istəyirəm. Əlbəttə, Ali Baş Komandandan belə məzmunda bəyanat tamamilə yolverilməzdir”, – deyə müdafiə naziri İrakli Qaribaşvili qeyd edib.

Öz növbəsində baş nazir Georgi Qaxariya bildirib ki, “hamımız gürcü ordusundan üzr istəməli və hər gün göstərdikləri şücaətlərə görə onların qarşısında baş əyməliyik”.

Sabiq prezident Mixail Saakaşvili məsələ ilə bağlı videomüraciət yayıb, prezidenti “Bidzina İvanişvili tərəfindən bu posta oturdulan kukla” adlandırıb: “(Zurabişvilinin) tərəfdarları ona haqq qazandırmağa çalışmasın. Guya dili yaxşı bilmir, guya dəlidir. Bu bəyanat İvanişvili və Rusiyanın düşüncələrini əks etdirir. Bu, Rusiya Federasiyası Silahlı Qüvvələrinin bizim silahlı qüvvələrdən qisasıdır. (…)Bu, on minlərlə hərbçiyə, yüz minlərlə gürcü veteranına təhqirdir”.

Salome Zurabişvilinin özü süni və məqsədyönlü şəkildə yaradılan böhtanın qurbanına çevrildiyini düşünür. “Prezidentin bullinqi nəyə xidmət edir? Məsələ ilə bağlı şərh vermək, tənqidi çıxış etmək yerinə, prezidentin hər sözü masqara mövzusuna çevrilir. Sözlər gülünc bir şəkildə, böhtan və interpretasiyalarla kontekstdən çıxarılaraq təhrif edilmiş halda yayılır. Bunun üçün yanlış verilən informasiya əsasında sonra prezidentdən izahat tələb edirlər, qarşıdurma və uzaqlaşma təəssüratı yaratmaq üçün hökumət nümayəndələrindən şərh vermələrini istəyirlər”, – Zurabişvili özünün “Facebook” səhifəsində yazıb.(Xarici pressa)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin