Bir neçə saata dağıdılan “Ohanyan xətti” və uğurlu Füzuli əməliyyatı – XTQ GİZİRİ ASİM ƏLİYEV DANIŞIR – VİDEO

0
401

Füzuli şəhərinin işğaldan azad olunmasından bir il ötür

1993-cü ilin 23 avqustu. Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir… Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

RealMedia.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri işğaldan azad edilən Füzuli şəhərində olub, Füzuli əməliyyatının bəzi məqamlarını, düşmənin bir vaxtlar öyündüyü “Ohanyan xətti”nin bir neçə saat ərzində necə darmadağın edildiyini qəhrəman Azərbaycan əsgərindən dinləyib.

Xüsusi təyinatlı bölmənin giziri, Vətən müharibəsinin qazisi Asim Əliyevlə işğaldan azad edilən Füzuli torpaqlarına səfərimiz ötən ilin bu günlərində Azərbaycan Ordusunun qarış-qarış irəlilədiyi Zəfər yolundan başlayır. Yolun girişindəki “İşğaldan azad edilən ərazilər” yazılmış lövhəni oxuyanda qürur dolu hisslər keçirirəm. Keçmiş təmas xətti olduğu üçün düşmən bu yerlərə minlərlə mina basdırıb. Yolboyu bu barədə məlumatverici lövhələrlə rastlaşırıq. Həmçinin ermənilərin “Ohanyan xətti” adlandırdıqları müdafiə xətti boyu uzanan beton dirəklər, Azərbaycan tanklarına maneə yaratmaq üçün qazdıqları çuxurlar da görünür. Ermənilərin öyündüyü “Ohanyan xətti”ni Azərbaycan əsgəri elə döyüşlərin ilk günündə bir neçə saat içində darmadağın edib. Bu barədə qazi Asim Əliyev ətraflı danışır. İlk günlərdən döyüşlərdə iştirak edən Asim üç dəfə yaralanmasına baxmayaraq yoldaşlarını tək qoymayıb, düşmənə qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərib.

Alxanlı kəndi ərazisindən keçərkən vaxtilə erməni hərbçilərinin mövqeləri olmuş yeri göstərən Vətən müharibəsinin qazisi deyir: “Düşmənin ən güclü müdafiə xətti adlandırdığı “Ohanyan xətti”nin olduğu yerdəyik. Müdafiə xətti 3 mərhələdən ibarət idi. Ordumuz Füzuli əməliyyatına buradan başlayıb. Düşmən müdafiə xəttində beton sədlərdən, məftilli xətlərdən əlavə, mina sahəsi də yaratmışdı. Yəni, Azərbaycan əsgəri həm beton sədləri, həm məftil xətlərini, həm də minalanmış ərazini keçməli idi. Həmçinin zirehli texnikaların hərəkətini mane olmaq üçün enli çuxurlar da qazılmışdı. Buna baxmayaraq, bu maneələri darmadağın edərək “Ohanyan xətti”ni keçdik”.

Füzuli şəhərinin mərkəzinə doğru irəlilədikcə yolumuz ən gərgin döyüşlərin getdiyi Seyidəhmədli Qorqan ərazisindən keçir. Ermənilərin yeraltı bunkeri, ətrafdakı müdafiə-istehkam maneələri görünür. Düşmən burada kamera postları quraşdıraraq ətrafı müşahidə edirdi. “Ohanyan xətti”nin əsas tərkib hissəsi olan bu müdafiə ərazisindən indi geriyə qalan Azərbaycan əsgərinin məhv etdiyi texnikaların qalığı və boş bunkerlərdir. “Bu yerlər düşmənin yaratdığı sektorlardır. Oradan bizim əsgərləri hədəf alırdılar. Bunkerin alt hissəsi dəmir çənlərdən hazırlanıb. Ermənilər bu yerləri alınmaz qala adlandırırdılar. Bu əraziyə kiçik qruplarla hücumlar təşkil edildi. Vallar üzərindən körpü ataraq istehkam xəttini dağıtdıq, xeyli düşmən hərbçisini məhv etdik, sağ qalanlar da qaçmağa başladılar. Tank əleyhinə batareyalarımız da burada öz şücaətlərini göstərdilər. Bu gördüyünüz vurulmuş texnikalar onların əl işləridir”, – deyə Asim söyləyir.

Vurulmuş erməni tankları, BTR-ləri, digər texnikaları ətrafa səpələnib. Zəfər yolunun Füzuli şəhərindən keçən hissəsinə çatırıq. Erməni vəhşiliyindən geri qalan dağıntılar qəlbimizi sızlatsa da, həmin dağıntılar arasında aparılan işlər tezliklə Füzuli rayonunun yenidən qurulacağından, doğma sakinlərini qarşılayacağından xəbər verir.

Asim deyir ki, Cəbrayıl və Hadrut azad olunduqdan sonra Füzulidə yerləşən düşmən qüvvələri mühasirəyə düşmüşdü. Azərbaycan Ordusunun növbəti hədəfi isə Füzuli şəhəri idi. “Ohanyan xətti” yarıldıqdan sonra Alxanlıdan hücuma keçən əsgərlərimiz ağır döyüşlərdə Füzulini düşməndən təmizlədi.

Füzuli şəhərindən sonra Asimin də tərkibində olduğu xüsusi təyinatlı bölmənin azad etdiyi digər ərazilərə doğru yola çıxırıq. Bu yerlər bir il öncə düşmənin əlində idi. Füzulinin ilk azad edilən kəndlərindən birinə – Kənd Horadizə çatırıq. Burada dayanmaq istəsək də Asim avtomobili saxlamamağımızı xahiş edir. Bu isə səbəbsiz deyildi. Çünki bu yerdə onun döyüş yoldaşları şəhid olub. Hər qarışda onların xatirəsi var…

Vətən müharibəsi qazisi Kənd Horadiz istiqamətində uğurlu hücum əməliyyatından da danışır: “Öncə Yastı Təpə deyilən ərazini, sonra buradakı türbəni və digər hakim yüksəkliyi nəzarətə götürdük. Məqsəd ərazini tam nəzarətə almaq idi. Dörd Çinar ərazisində gərgin döyüşlərimiz oldu. Vətən Müharibəsi Qəhrəmanı, komandirimiz Orxan Əkbərov və digər döyüşçü yoldaşlarımız bu yerlərdə şəhid oldular. Düşmən çoxlu qüvvə ilə bizə əks-hücum etmək istəsə də, ətraf yüksəkliklər bizdə olduğuna görə artilleriyaçılarımız dəqiq atəşlə onları elə texnikaları ilə birlikdə məhv etdilər”.

Qazi deyir ki, Vətən çağıranda heç nə düşünmürsən. Çünki Vətənimiz bizim anamızdır. “Biz xoşbəxt gənclərik ki, Vətən müharibəsində iştirak etdik. Bu münaqişəni gələcək nəsillərə saxlamadıq. Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, ordumuzun rəşadəti sayəsində torpaqlarımızı azad etdik”, – deyə qürurla söyləyir.

Füzuli rayonunun azad olunmuş torpaqlarını qarış-qarış gəzdikcə bir daha əmin olursan ki, burada böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən ağır döyüşlər gedib. Dövlətimizin başçısının dediyi kimi, vaxt keçəcək bu döyüşlər haqqında kitablar, əsərlər yazılacaq. Düşmən 30 il ərzində təmas xəttində möhkəm istehkam qurmuşdu. Bəzi hərbi mütəxəssislər hesab edirdilər ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ bu da böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi.

Düşmən ötən illərdə Füzuli şəhərini elə günə salıb ki, ondan əsər-əlamət qalmayıb. Bir dənə də salamat bina yoxdur. Bütün binalar, evlər sökülüb, dini abidələrimiz dağıdılıb, hər şey talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. İndi bu yerlərdə olan hər kəs erməni faşizmi barədə elə Füzuli şəhərinin qalıqlarının özündən məlumat alır. Nə qədər ürəkdağlayan görüntülərlə üz-üzə qalsaq da, 30 ildən sonra yenidən sevinirik. Çünki Füzuli azad edilib.

Artıq Füzuli rayonunda tikinti-quruculuq işlərinə start verilib, beynəlxalq hava limanı tikilib, yeni yollar çəkilir. Bu yerlərə həyat qayıdır. Vaxtilə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun azad etdiyi Füzuli rayonunun 22 kəndində və Horadiz qəsəbəsində olduğu kimi, ötən il azad olunan torpaqlarımız da gözəl məkana çevriləcək.

Vaxt gələcək Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. 17 oktyabr tarixi isə nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq.

 

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin