Ötən həftələrdə Beyləqan rayonu Tarix – Diyarşünaslıq Muzeyinin yerləşdiyi qeyri-yaşayış sahələrinin kənar şəxslər tərəfindən istifadə edilməsi, otaqların icarəyə verilməsi faktları ilə bağlı araşdırma material dərc etmişdik.
Həmin araşdırma məqaləmizdə yazımışdıq ki, Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin alt mərtəbəsinin otaqları kənar şəxslərə (hazırlıq kursları üçün) qeyri qanuni yolla icarəyə verilir. Və beləliklə də dövlət əmlakına əl qoyulur. Hansı ki, Muzeylərin- qeyri yaşayış binalarının kənar şəxslərə icarəyə verilməsi yalnız o halda ola bilər ki, Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə qanunvericiliyə uyğun qaydada aparılsın. Əks təqdirdə, dövlət əmlakının ƏMDK-dən xəbərsiz icarəyə verilməsi qanunvericiliklə məsuliyyət yaradan hallardır.
Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin kənar şəxslərə icarəyə verilməsi ilə bağlı məqaləmizdən sonra bir sıra şokedici faktlar üzə çıxmışdı. Belə ki, ilk başdan həm Kürdəmir Regional Mədəniyyət İdarəsi, həm də onun Beyləqanda fəaliyyət göstərən nümayəndəliyinin rəhbəri Nazim Mirzəyev muzeyin yerləşdiyi qeyri-yaşayış sahələrini və alt mərtəbələrinin hazırlıq kursları üçün kənar şəxslərə icrayə verilməsi məsələsinə müxtəlif “don geyindirməyə” çalışdılar. Bir tərəfdən, muzeylərin icarəyə verilməsini Maliyyə Nazirliyinin üzərinə yönəltdilər, bir tərəfdən də, dedilər Mədəniyyət Nazirliyi belə bir göstəriş verib.
Mövcud qanunvericiliyə görə, dövlət əmlakının satılmasını, icarəyə verilməsini yalnız ƏMDK həyata keçirir.
RealMedia.az olaraq Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin kənar şəxslərə icarəyə verilməsi ilə bağlı apardığımız araşdırmalarımız zamanı ortaya çıxan qanunsuzluqlar araşdırması üçün ƏMDK-nə göndərilmişdir.
Bu günləri isə, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov tərəfindən saytımızın elektron poçtuna məktub daxil olub. Həmin məktubun bir nüsxəsi isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə ünvanlanıb.
ƏMDK-si tərəfindən saytımızın elektron ünvanına daxil olmuş məktubda yazılır:
“Azərbaycan Respublikası Prezidentinin “Dövlət Əmlakının qorunub saxlanılmasının və səmərəli istifadə edilməsinin təkminləşdirilməsi haqqında” 2007-ci il 06 iyun tarixli, 586 nömrəli Fərmanına uyğun olaraq dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədi ilə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmış monitorinqlər zamanı Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qeyri-yaşayış sahələrinin kənar şəxslər tərəfindən istifadə edilməsi faktları aşkarlanmışdır. Hal – hazırda da həmin sahələrdə bir neçə istifadəçilərin fəaliyyəti davam etməkdədir.
Eyni zamanda Beyləqan Tarix- Diyarşünaslıq Muzeyinin yerleşdiyi qeyri-yaşayış sahələrinin icarəyə verilməsi faktları barədə Ramin Qurbanovun Azərbaycan Respublikasının Dövlət Əmlak Məsələləri Komitəsinə 09.01.2020-ci il tarixli elektron müraciəti daxil olmuşdur.
Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan qeyri-yaşayış sahələrinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 6 sentyabr 1997-ci il tarixli 626 nömrəli Fərmanının tələblərinə uyğunlaşdırılmalıdır və mövcud nöqsanların aradan qaldırılması üçün tabeliyinizdəki quruma göstəriş verməyiniz xahiş olunur”.
“RealMedia.az” xəbər verir ki, ƏMDK-si tərəfindən saytımızın elektron poçtuna daxil olmuş cavab məktubundan da açıq görünür ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədi ilə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmış monitorinqlər zamanı Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qeyri-yaşayış sahələrinin kənar şəxslər tərəfindən istifadə edilməsi faktları aşkarlanmış və mövcud nöqsanların aradan qaldırılması üçün Mədəniyyət Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir.
Güman edirik ki, Mədəniyyət Naziriliyi də öz növbəsində obyektiv olacaq, belə bir qanunsuzluğa rəvac verən şəxs(lər) barəsində gərəkən tədbirlər görəcəkdir.
RealMedia.az