BEYLƏQANDA KRİMİNALLAŞMIŞ BÜROKRATİYA TƏNQİDÇİ JURNALİSTƏ QARŞI BİRLƏŞİB

0
895

Sayt rəhbərini polisin gözü qarşısında döyüb hədələyənidman müəlliminin cəzasız qalacağına arxayın salan səbəb nədir?

Azərbaycanda daha bir jurnalistin – Sonolay.org saytının baş redaktoru Ramin Məhəmmədoğlunun “boğazındakı ilgək daralır”.

Onu Füzuli rayonundan məcburi köçkün kimi məskunlaşdığı Beyləqan rayonunun məmurları “dinc oturmadığına” görə yaxşı halda sürgün etmək, pis halda həbsə atdırmaq istəyirlər.

Xatırladaq ki, kriminallaşmış bürokratiya daha əvvəl jurnalistin peşə fəaliyyətini məhdudlaşdırmaq, ona “dərs vermək” üçün onun atası Məhəmməd Qurbanovu şərləyib azadlıqdan məhrum edilməsinə nail olub. Görünür, bu “uğurları” azad sözü boğmaq istəyənləri ruhlandırıb və o üzdən baş redaktoru sözün həqiqi mənasında “bitirməyi” qərara alıblar. Acınacaqlı haldır ki, məmur çetesi sivil, hüquqi yolla məqsədinə nail olmadığından, qeyri-məqbul alternativ variantlardan, zorakı üsullardan, jurnalisti təxribata çəkmək metodundan da istifadə etməkdən çəkinmir.

Daha qəbulolunmaz hal budur ki, yerli hüquq-mühafizə orqanları da korrupsiyaya qurşanmış bürokratiyanın yanındadır və jurnalistin üzləşdiyi mənəvi və fiziki zorakılığa seyrçi mövqeyində qalır. Daha dəqiq desək, müşahidə mövqeyindədir ki, jurnalistin ata biləcəyi ilk yanlış addıma görə onu barmaqlıqlar arasına atsın. R. Məhəmmədoğlu 28 iyun 2017-ci il tarixində Beyləqan şəhər, M. Ə. Rəsulzadə küçəsində yerləşən, köhnə məişət evinin qarşısında, əhalinin çox olduğu yerdə Beyləqan şəhər sakini, Beyləqan rayon təhsilində güləş müəllimi kimi məşqçi işləyən Fərzəliyev Kamil Yunis oğlu tərəfindən döyülüb. K. Fərzəliyev hücum çəkərkən qəzəbinin səbəbini belə izah edib ki, güya jurnalist nə vaxtsa ondan və qohumlarından kimlərinsə məlumatı əsasında cinayət xarakterli məlumatları yuxarı orqanlara yazıb və onun da bu məlumatlara görə 4000 (dörd min) manatdan artıq xərci çıxıb. R. Məhəmmədoğlu K. Fərzəliyevə onun və qohumlarının barəsində heç bir məlumata malik olmadığını və jurnalist fəaliyyəti zamanı da belə bir yazı yazmadığını desə də, Fərzəliyev aqressiv formada ona bildirib ki, şübhələrini sübut edəcək, sonra da onu kisəyə qoyub Haramı düzünə aparıb orda öldürəcək.

Artıq KİV tribunasından ölkə başçısına, güc strukturları rəhbərliklərinə açıq müraciət edən R.Məhəmmədoğlu haqlı olaraq belə bir sual ortaya qoyur: “Maraqlıdır, görəsən Kamil Fərzəliyev indiyə qədər neçə nəfəri Haramı düzündə öldürüb basdırmış və cəzasız qalmışdır ki, eyni aqibəti mənim də başıma gətirə biləcəyinə və məsuliyyətə cəlb olunmayacağına əmindir?”

Sayt rəhbəri həmçinin öz timsalında mənsub olduğu həssas kateqoriyadan olan vətəndaşların – məcburi köçkünlərin də Fərzəliyev tərəfindən təhqir olunduğu qənaətindədir: “Beyləqan mənim rayonumdur, sən köçkünsən, gedib başqa rayonda yaşamalı və ordakılardan yazmalısan”- deyərək üzərimə doğru gəldi, məni yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirdi. Yaranmış dava zamanı məni Kamilin əlindən ətrafdakılar və yoldan keçən adamlar aldılar. Mən “102” xidmətinə zəng edərkən danışdığım yerdə də yenidən təpiklə mənim qarın hissəmə vurmuşdur”.

  1. Məhəmmədoğlu bildirir ki, Fərzəliyev yerli polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Həmid Həmidliyə izahat verdiyi zaman zorla kabinetə daxil olmuş və təhqiqatçının, Elşən adlı polis əməkdaşının gözü qarşısında onun üstünə atılıb qarşısına tələb qoymuşdur: “Ya o mənim ayağımın altından öpəcək , ya da onu Beyləqan rayonundan sürgün edəcəyəm”.

Jurnalistin sözlərinə görə, daha bir neçə nəfər polis işçisi əvvəlcə şərait yaratdıqları insidentin məcradan çıxdığını görüb sonradan müdaxilə etməsəydilər, Kamil onu yenə əzişdirəcəkmiş: “Həmin anlar anbaan Beyləqan rayon Polis şöbəsinin birinci mərtəbəsində yerləşən dəhlizinə nəzarət edən kameralar vasitəsilə qeydə alınmışdır. Mən həmin videeoqeydlərin çıxarılıb materiala əlavə olunmasını istəsəm də, tələbimə məhəl qoyulmur. Bu azmış kimi polis sahə müvəkkili məni dilə tutmağa çalışır ki, Kamilin barəsində yalnız inzibati cəza növü seçilməsi ilə razılaşım. Bu isə o deməkdir ki, hər ikimiz inzibati xəta törətmiş insident iştirakçısı kimi tanınacağıq. Fiziki qüvvələrimiz arasındakı müqayisəolunmaz fərq, mənim ona döyülməyim nəzərə alınmayacaq. Kamilin karvansara hesab etdiyi, qapısını təpiklə açdığı polis şöbəsində asayiş keşikçilərini saymayaraq törətdiyi özbaşınalıq da qələmə düşməyəcək”.

Kamil Fərzəliyevin heç bir aşkar motiv olmadan ona qarşı belə hərəkətlər etməsinin səbəbi barədə çox düşünən R. Məhəmmədoğlu onun söyləmiş olduğu: “birinin anasından, birinin bacısından yazırsan” sözlərindən şübhələnmişdir: “Barəsində yazdığım tənqidi məqalələrə görə qardaşlarını və oğullarını, hətta kriminal elementləri də üstümə salan, məhkəmə zalında mənə: “Səninlə mütləq haqq-hesab çürüdəcəyəm!” – deyən yeganə vəzifəli qadın Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovadır. Böyük ehtimalla idman qoluzorlusundan istifadə etmək də onun ağlına gəlmiş olar.

Yeri gəlmişkən qeyd edim ki, tənqidi yazılar X. Rüstəmovanı xeyli mütəəssir etmiş, həmin məqalələrdə ehtiva olunan məsələlər bir çox aidiyyəti qurumlar tərəfindən araşdırılmış, Rüstəmovanın barəsində ölçülər götürülmüşdür. Birinci instansiya məhkəməsinin barəmdə islah işlərinə cəlb olunma qərarından sevincək olan Rüstəmova həmin qərarı Təhsil Nazirliyində otaqbaotaq gəzərək göstərməyə, özünü bulaşdığı korrupsiya çirkabından “duruya çıxarmağa” tələsmişdir. Amma mən həmin qərarın qəbul edildiyi birinci instansiya məhkəməsində yol verilən prosessual pozuntulardan apellyasiya şikayəti vermişəm və nəhayətdə ədalətin qalib gələcəyinə əminəm”.

Tənqidçi jurnalist onun və ailə üzvlərinin təhlükəsizliyinin qorunması istiqamətində Beyləqan rayon polis şöbəsinin hər hansı bir təminat vermədiyini deyir: “Kamil Fərzəliyev hələ də məni təhdid edir, barəsində polisə etdiyim şikayətnaməni geri götürməyəcəyim halda məni öldürüb Haramı düzündə basdıracağı və evimi yandıracağı ilə hədələyir. Beyləqan rayon polis şöbəsinə etdiyim şikayətimə həssas yanaşılmayacağına, Fərzəliyevin əməllərinə hüquqi qiymət verilməyəcəyinə əminəm.

Odur ki, Daxili İşlər Nazirliyinə etdiyim müraciətimdə həmin şikayətimin Beyləqan Polis Şöbəsinin Təhqiqat Bölməsindən alınaraq Nazirliyin Təhqiqat və İstintaq İdarəsində qiymətləndirilməsini xahiş etmişəm”.

Sonda təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycanda tənqidi fikir daşıyıcılarının təhdidində idmançıların qolunun zorundan istifadə olunması təcrübəsi var. Jurnalistlərin idmançılar tərəfindən döyülməsi, hətta öldürülməsi faktları mövcuddur.

Görünür, ölkəmizin son illər bir çox beynəlxalq, mötəbər idman yarışlarına ev sahibliyi etməsi, təmsilçilərimizin həmin yarışlarda qazandıqları uğurlar, dövlət rəhbərliyinin qalib idmançıların zəhmətinə yüksək dəyər verməsi nazirimizi həddən ziyadə özündən razı salmış, onda əminlik yaratmışdır ki, idmançının “kəsdiyi başa sorğu-sual yoxdur”. Sorğu-sual edilməyən idmançılar da özlərini üstün imtiyazlı hiss edərək, məmur-jurnalist çəkişmələrində daha pullu olan birinci zümrəyə xidmət etməkdə fayda görürlər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin