Beyləqanda 1 saylı məktəbin ərazisi kimə və necə satılıb? – VİDEO

0
254

Beyləqan şəhər Namiq Allahverdiyev adına 1 saylı tam orta məktəbin həyəti qanunsuz olaraq satılıb. Kim satıb, niyə satıb hələ ki, bəlli deyil. Necə satılması bəlli olmasa da, apardığımız araşdırmalar zamanı məlum olub ki, sözügedən məktəbin ərazisinə “sahiblik” hüquqi əldə edərək həmin ərazidə  şəxsi məqsədləri üçün obyekt tikən şəxs  rayonda daha çox “Aptek Elbrus” kimi məhşurlaşan Əliyev Elbrus Sədi oğludur.

Obyekt ərazidə heç də UNO kimi birdən-birə peyda olmayıb, sökülməsə, birdən-birə gözdən itən də deyil.

Maraqlı tarixçəsi var bu obyektin. Hər şey ondan başlayıb ki, Beyləqan şəhər 1 saylı tam orta məktəbin ərazisində 2019-cu il tarxində Füzuli rayon 24 saylı köçkün məktəbi üçün yüngül konstruksiyalı bina inşa olunmasına qərar verilib. Tədbir müvəqqəti xarakterlidir. Yəni, “əl ələ çatıncayadək” – köçkün məktəb ən tezi yeni salınan qəsəbələrdə eyni məqsədlə daşdan bina inşa olunana kimi, ən geci isə torpaqlarımız işğaldan azad olunana qədər fəaliyyət göstərəcək.

İkinci addımda köçkün məktəbin inşaat işlərini həyata keçirmək hüququnu Elbrus Əliyev və qardaşının təsis etdikləri firma əldə edib. Ümumiyyətlə, bu firmanın başqa yerli məktəblərin tikintisini necə həyata keçirməsi, tenderlərdən necə qalib çıxması (çıxarılması), Əliyev qardaşlarının xoşagəlməz işdəycələri barədə indiyədək KİV-də, eləcə də “RealMedia.az” saytında xeyli yazı gedib. Bu dəfə həmin yazılarda ehtiva olunan “köhnə” məsələləri yenidən xatırlatmaq fikrindən uzağıq.

Üçüncü addımda, inşaat firması Beyləqan şəhər 1 saylı tam orta məktəbin ərazisində Füzuli şəhər 24 saylı köçkün məktəbi üçün yüngül konstruksiyalı quraşdırma işləri aparan zaman həmin sözügedən 15 kvadrat-metrlik obyekti də inşa edir. Soruşana da deyiblər ki, qarovulxanadır. Tikinti – quraşdırma işləri başa çatandan sonra qarovulxana sökülməyib. Əksinə, bəzədilib, içəri divarlarına rəflər –piştaxtalar düzülərək qapısı bağlanıb. Əməkdaşlarımız Elbrus Əliyevin məktəbin ərazisindən zəbt edərək üstündə tikdiyi obyekti videolentə alıblar. Qapının üstünə yazılmış “kirayəyə verilir” sözləri diqqəti çəkir. Haqlı bir sual doğur: Əgər tikdiyin qarovulxanadırsa, kirayəyə niyə verirsən? Bu azmış kimi üstəlik, tikilinin ətrafında daha 10 kvadrat-metr ərazi dəmir barmaqlıqlarla hasara alınaraq “qarovulxana”nın hesabına əlavə olunub. Ötəri, vizual müşahidədən də bəlli olur ki, obyekt qanunsuz inşa olunub, Elbrus Əliyev onu fürsətdən istifadə edərək, tamah məqsədilə yaradıb, indi də icarəyə vermək üçün iaşə obyekti kimi işlədəcək adam axtarır.

Araşdırma apararkən ilk növbədə onu öyrəndik ki, Beyləqan rayonunda nə yerli, nə də köçkün məktəblərin heç birində qarovulçu üçün əlahiddə birotaqlı tikili yoxdur. Sonra 1 saylı məktəbin direktoru Gülbəniz Cəfərova ilə görüşüb məsələyə aydınlıq gətirməsini xahiş etdik. Gülbəniz müəllimə də bildirdi ki, obyekt Füzuli məktəbi inşa olunan vaxt tikilib və onun qarovulxana məqsədilə tikildiyi deyilib.

Görək, bu məsələyə aidiyyati qurumlar – Beyləqan RTŞ, Beyləqan RİH, TN, rayon prokurorluğu necə yanaşacaq.

P.S. Qeyd edək ki, Elburus Əliyev  həm də Beyləqan rayonunda  ev tikib satmaqla, makerliklə məşğuldur. O sovet dövründən qalma müəsissələrin ərazilərini ələ keçirərək, həmin ərazidə fərdi evlər tikib satır. Hətta bir müddət öncə Beyləqanda qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları əraziyə də gələrək onların yaşadıqları həyət soxularaq onların setka çəpərlərini, əl damlarını və qapılarını sökərək qaçqınlardan həmin ərazini tərk etmələrini bildimişlər. Lakin köçkünlərin bir qisminin etdiyi şikayətlərdən dolayı, bu qanunsuz hərəkətlərindən əl çəkiblər.

RealMedia.az olaraq tərəflərin mövqeyini dinləməyə hazırıq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin