Çox hörmətli Zakir müəllim!
Məlum edirəm ki, rəhbərlik etdiyim Sonolay.org saytında barəsində tənqidi yazılar dərc olunan Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın yaxın qohumları – qardaşları və oğulları tərəfindən hədələnirəm. 12 fevral 2017-ci il tarixdə məni telefon zəngləri ilə hədələyən Şahin və Fəxrəddin adlı qardaşların barəsində hüquq mühafizə orqanlarına verdiyim məlumat əsasında təhdidçilər barəsində lazımi ölçü götürülmədiyindən, 26 mart 2017-ci il tarixdə də oxşar və daha kəskin təpki ilə üzləşmişəm.
Belə ki, X. Rüstəmovanın korrupsiya qanunsuzluqlarına yol verdiyinin təsdiqi kimi çıxış edən nəhəng haram kapitalını üzə çıxarmaq məqsədilə Beyləqan rayonunun mərkəzində 86000 manata təmirsiz, amma nəhəng ölçülü obyekt aldığım məlumatı araşdırarkən 26.03.2017-ci il tarixdə həmin obyektin ünvanına getmiş və fotoqeydlər aparmışam. Beyləqandakı evimə dönəndən sonra kimsə mənim həyət qapımı bərkdən döyərək uca səslə bir-iki ağız çağırmış, lakin ev yiyəsi çıxanadək gözləməyərək getmişdir. Sonradan həmkarım Anar Zeynalovla birgə avtomobillə rayon mərkəzinə gedərkən, qara rəngli “Mersedes” işıq və səs siqnallarının müşayiəti ilə bizim qarşımıza keçərək maşınımızı saxlatdırmışdır. “Mersedes”dəki iki nəfərin birinin Yasin Əliyev, digərinin isə şərti cəzaya məhkum edilmiş keçmiş hərbçi Seymur adlı şəxs olduğu, mənim yaşadığım evə də məhz ikincinin basqın etdiyi aydınlaşmışdır. Yasin Əliyev mənə fotoşəklini çəkdiyim obyektin məhz ona məxsus olduğunu deyib və çəkilişin qanunsuz aparıldığını bildirmiş, hədələmişdir. Mən ona özünün və anasının biznesmen deyil, vəzifəli şəxslər olduqlarını xatırlatdım və xəbərdarlıq etdim ki, jurnalist kimi peşə fəaliyyətimə mane olmasınlar. Bizim sözlü mübahisəmizin əlbəyaxa davaya çevrilməsinə, ələlxüsus da əl-qol atmağa daha meylli görünən Seymurun xata çıxarmasına həmkarım Anar Zeynalovun səyləri mane olmuşdur. Beləliklə, bir daha əmin oldum ki, obyektin X. Rüstəmovaya aid olduğu xəbəri doğrudur.
Cənab baş prokuror!
Bütün müşahidə olunanlar göstərir ki, Rüstəmovanın və qohumlarının, eləcə də onların reketçi əlaltılarının məcrasından çıxan əməlləri indi cilovlanmasa, sonra gec olacaq. Odur ki, Sizdən X. Rüstəmova və qohumları, eləcə də reket əlaltıları barədə cinayət təqibinin başlanılmasına göstəriş verməyinizi xahiş edirəm. Müraciətimdə göstərdiklərimə sübut kimi xidmət edəcək audio və foto materialları təqdim etməyə hazıram.
Hörmətlə,
Sonolay.org saytının baş redaktoru, Ramin Məhəmmədoğlu