BANKLARIN SAXTA MƏNFƏƏT- ZƏRƏR HESABATLARI… – “Bank sektoruna normal nəzarət yoxdur, rəqəmlər həqiqəti əks etdirmir”

0
309

Elman Rüstəmovun Mərkəzi Bankdakı 27 illik hakimiyyətinə son qoyulsa da, baş verən kadr dəyişiklikləri hələ ki, bank sektoruna ciddi təsir göstərmir. Əslində, Mərkəzi Bankın funksiyaları tam olmasa da, xeyli dərəcədə bu sektorda nizam-intizam yaradılmasına təsir etmək imkanlarına malikdir. Lakin iqtisadiyyatımızda uzun illərdir davam edən inhisarçılıq, məmur oliqarxiyası, saxtakarlıq və s. bu kimi tendensiyalar bank sistemində də öz mənfi izlərini qoymaqda davam edir…

Məsələn, bankların açıqladıqları cari ilin yarım illik hesabatlarından da bunu aydın şəkildə görmək mümkündür. Vətəndaşların banklara münasibətinin bu hesabatlardan xeyli dərəcədə asılı olduğunu nəzərə alsaq, açıqlanan göstəricilərin şəffaf, dəqiq və əhatəli olması olduqca vacibdir. Ancaq təəssüf ki, bir çox banklar bu hesabatları qeyri-şəffaf formada təqdim etməklə, saxtakarlıq edərək həm dövləti, həm də cəmiyyəti aldatmağa çalışırlar.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 1 dövlət və 25 kommersiya bankı olmaqla, ümumilkdə 26 bank fəaliyyət göstərir. İndiyədək onlardan 25-i 2022-ci ilin ikinci rübü üçün maliyyə hesabatlarını ictimaiyyətə təqdim edib. Bankların açıqladığı maliyyə göstəricilərinə əsasən, cari ilin ikinci rübünü 23 bank mənfəətlə, 2 bank isə zərərlə başa vurub. Ən böyük mənfəət əldə edən banklar – “Azərbaycan Beynəlxalq Bank”ı (118,4 milyon manat), “Kapital Bank” (127 milyon manat), “Bank Respublika” (38,8 milyon manat), “Bank of Baku” (18,5 milyon manat), “Xalq Bank” (11,8 milyon manat) və “AFB Bank” (8,7 milyon manat) olub.

Ən kiçik mənfəəti isə “Premium Bank” (78 min manat) və “Gunay Bank” (88 min manat) açıqlayıb.

25 bankın açıqladığı maliyyə hesabatına görə cəmi iki bank – Bank “BTB” (5,3 milyon manat) və Pakistan Milli Bankı (271 min manat) cari yarım ili zərərlə başa vurub. Xüsusən də Bank “BTB”-nin açıqladığı zərər daha çox diqqət cəlb edir.

Sual olunur ki, bütün yerli banklar xalis mənfəətlə işlədiyi halda, niyə təkcə Bank “BTB” xalis zərər açıqlayıb?

Xatırladaq ki, Bank “BTB” 2022-ci ilin birinci rübünü də zərərlə başa vurub. Həmin vaxt bankın xalis zərəri 3 milyon 295 min manat göstərilib. Onu da qeyd edək ki, mətbuatda gedən xəbərlərə görə, Bank “BTB” Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur. Açıqlanan hesabatlardan belə nəticəyə gəlmək olar ki, iki bankı çıxmaq şərti ilə digər banklarda hər şey qaydasındadır. Ancaq bir şərtlə ki, maliyyə hesablamaları tam şəffaf formada aparılır və bu gösəticilər tam reallığı əks etdirirsə…

Bu mövzuyla bağlı bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov “AzPolitika.info”-ya şərhində bildirdi ki, bankların açıqladıqları hesabatların bir qismi obyektivlikdən uzaqdır: “Bankların açıqladığı göstəricilərin nə dərəcədə reallığı əks etdirdiyi məlum deyil. Məsələn, 2019-cu ilin hesabatına görə, guya “Ata Bank” həmin ili xalis mənfəətlə başa vurmuşdu. Ancaq 2020-ci ilin aprel ayında bu bank müflis elan olundu. Daha sonra isə məlum oldu ki , bank xeyli müddət əvvəl artıq müflisləşibmiş. Bu baxımdan bankların hesabatlarına əminlik yoxdur”.

Ekspert qeyd edib ki, əksər hallarda bankların açıqladıqları hesabatlara etibar etmək olmaz: “Analoji hadisə müxtəlif vaxtlarda digər banklarda da təkrarlanıb. Bank mənfəətlə işlədiyini bildirsə də, sonradan məlum olub ki, vəziyyəti olduqca pisdir. Məlumdur ki, bəzi banklar mənfəət vergisindən yayınmaq üçün bilərəkdən zərərlə işlədiklərini açıqlayırlar. Ümumiyyətlə, bank sektoruna normal nəzarət yoxdur. Ona görə də real vəziyyəti təsəvvür etmək mümkün deyil. Ancaq bəzi bankların açıqladıqları hesabatların qeyri-dəqiq oduğu bir faktdır”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə “AzPolitika.info”-ya şərhində bildirib ki, bankların açıqladıqları hesabatları müqayisə etmək üçün alternativ bir mənbə yoxdur: “Mərkəzi Bankın təsdiqindən sonra bu hesabatların açıqlandığını nəzərə alsaq, məcburən həmin göstəriciləri əsas götürməliyik. Çünki bizdə müstəqil audit hesabatları aparılmır. Bir çox ölkələdə belə bir prakitika var ki, banklar müştərilərinə güvən yaratmaq üçün öz hesabatlarıyla bərabər, müstəqil audit şirkətlərinin hesabatlarını da yayımlayırlar. Ancaq təssüf ki, bizdə belə bir praktika yoxdur”.

Ekspert qeyd edib ki, bankların açıqladıqları hesabatara əsasən, cari ildə istehlak kreditlərinin həcmi xeyli artıb: “Hesabatlardan belə nəticəyə gələ bilərik ki, istehlak kreditləri bankların əsas gəlir mənbəyinə çevrilib. Ona görə də hesab edirəm ki, zərərlə işlədiyini açıqlayan bankların istehlak krediti partnyorları zəifdir və ya ola bilər ki, bu bankların əvvəlki illərdən yaranan borcları olub”.

“Ümumilkdə bankların böyük əksəriyyətinin xalis mənfəəftlə işləməsi ondan xəbər verir ki, Azərbaycanda bank sektorunda hələki müsbət bir vəziyyət var. Ancaq bu vəziyyəti yaradan səbəblər bir qədər düşündürücüdür. Çünki istehlak kreditləri hesabına böyüyən bank sektoru iqtisadiyyata böyük töfhələr vermir. Əsasən istehsal sahələri, biznes kreditləri artmalıdır ki, yeni iş yerləri və fürsətlər yaransın. Ancaq təəssüf ki, biz bu baxımdan bank sektorunda cidd bir artım görmürük”, -deyə iqtisadçı bildirib.(AzPolitika.info)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin