Bakıda İLGİNC CİNAYƏT – Ev sahibi oğruya yemək təklif etdi, oğru da evin zibillərini atdı

0
509

Yasamal rayonu ərazisində yaşayan Yelena İvanovanın yaşadığı mənzilə girərək bıçaqla zor tətbiq etməklə əmlakını ələ keçirməyə cəhd edən şəxsin məhkəməsi keçirilib. Məhkəmədə hadisənin maraqlı təfərrüatları məlum olub. Ev sahibi oğurluğa gələn şəxsə yemək təklif edib. Oğurluğa gələn şəxs də ev sahibinin zibillərini atıb.

RealMedia.az xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinərək həbs edilən Bakı şəhər sakini, əvvələr məhkum olunmuş 30 yaşlı Namiq Bayramov əməlini etiraf edib. Amma deyib ki, qadının evinə girməkdə məqsədi oğurluq etmək yox, hava yağışlı olduğu üçün orada gecələmək olub.

İki uşaq atası olan Namiq Bayramov ailəsindən ayrıldıqdan sonra ya qohumlarıgildə, ya da küçədə gecələyib. Hadisə günü yaxınlıqdakı istixananın həyətində yatan Namiq deyib ki, yağış yağdığı üçün əvəldən məhəllə sakini kimi tanıdığı, Yelena İvanovanın evinə girməyi planlaşdırıb.

O deyib ki, mənzilin işıqlarının yanmadığını görüb və düşünüb ki, Yelena İvanova evdə yoxdur. Eyvanın dəmir barmaqlığının kilidini bıçaqla açan Namiq evə girib. Evin qonaq otağında Yelena İvanova ilə qaşılaşıb. 60 yaşlı qadın Namiqi görən zaman işıqları yandırıb və qışqıraraq kömək çağırıb. Evdən qaçmaq istəyən qadının qolundan tutaraq qonaq otağına gətirən Namiq ondan sakit olmasını tələb edib.

Namiq ifadəsində göstərib ki, qadının əlinə bilmədən xəsarət yetirib. Onu bıçaqlamaq niyəti olmayıb.

“Ona qarşı zor tətbiq etmək niyyətim yox idi. Gecəni orada qalmaq istəyirdim. Ondan şikayət etməməsini xahiş etdim. Hətta mənə yemək də təklif etdi. Nardarana getmək üçün ondan 10 manat pul istədim. Mənə 5 manatının olduğunu dedi. Pulu verdi və mən evdən çıxdım. Evdən çıxandan mənə zibilləri də verdi ki, binanın həyətindəki zibil qutularına atım”- deyə Namiq ifadəsində göstərib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Yelena İvanova yox, onun qızı hadisə barədə şikayətçi olub. O. anasının dedikləri biləndə “102” xidmətinə məlumat verib.

Məhkəmədə dindirilən Yelena İvanova şikayətçi olmadığını deyib. Bildirib ki, əvvəlcə Namiqin onu öldürəcəyindən qorxub. Amma Azərbaycan dilini yaxşı başa düşmədiyi üçün Namiqin nə tələb etdiyini aydınlaşdıra bilməyib. Sonda Namiqin “sakit ol, məndən şikayət etmə” sözlərini başa düşdüyünü deyən Yelena İvanova bildirib ki, ona şikayət etməyəcəyi ilə bağlı söz verib.

Onun dediklərindən məlum olub ki, Namiq onun evində 5 saata yaxın qalıb və ondan şikayətçi olmayacağına inandıqdan sonra oranı tərk edib.

Namiqə yemək təklif etməsinə gəlincə, Yelena İvanovna söyləyib ki, əvvəlcə ondan qorxduğu üçün sakitləşdirmək məqsədilə belə bir təklif edib.

“Yemək yemək istəmədi. Məndən xahiş edirdi ki, şikayətçi olmayım. Mən də razılaşdım. Getmək üçün məndən taksi pulu istədi. Mən də 5 manat verdim. Çıxanda da evin zibillərini ona verdim ki, həyətdəki zibil qutularına atsın”- deyə yaşlı qadın ifadəsinə əlavə edib.

Məhkəmədə təqsirləndirilən şəxsin həyat yoldaşının ifadəsindən məlum olub ki, iki uşaq atası olan Namiq valideyni vəfat etdikdən sonra həyətyanı sahəni və evi sataraq şəxsi ehtiyaclarına xərcləyib. Sonra isə kirayələrdə yaşayıblar. Onun xanımı xəstəxanalardan birində tibb bacısı işləyib. Namiq oraya gedib arvadı ilə mübahisə etdiyi üçün onu işdən çıxarıblar. Son olaraq isə Namiq evin kirayə haqqı üçün arvadından aldığı pulu da xərcləyib. Bundan sonra aravdı onu tərk edərək anasının evinə gedib.

Məhəllə sakinlərinin ifadələrindən isə məlum olub ki, Namiq “patron” ləqəbi ilə də tanınıb və özünü “oğru” kimi təqdim edib. Onun narkotik aludəçisi olduğu da şahidlərin ifadəsindən məlum olub.

Namiqin telefonuna keçirilən baxış zamanı onun bu cinayəti əvvəldən planlaşdırdığı, Yelena İvanovanın evini uzun müddətdir müşahidə etdiyi aydın olub.

Onun tanışlarına və pul borclu olduğu şəxslərə yazdığı mesajlarla müəyyən edilib ki, Namiq Yelena İvanovanın qızıl və pulunun olduğunu bilirmiş və evə oğurluq üçün girib.

Həmin mesajlardan “bir ev var, oraya oğurluğa girib pul və qızıl götürəcək, kalan pulu olacaqdır”, “Allaha and olsun ki, hamsının borcunu qaytaracam, tutuzduracam. Hələ müşahidə edirəm. Pis günün ömrü az olar”, “Aslan, getməliyəm temaya. Ayığam “brat”. Mənə pivə və ya patı nəsə ver. Mütləq eləməliyəm bugün” onun əməlini sübut edən faktlar kimi qiymətləndirilib.

Qeyd edək ki, Namiq Bayramov Cinayət Məcəlləsinin 181.2.3-cü və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrum edilib.

İlkin Muradov

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin