Bakıda Dünya Kuboku başlayıb

0
450

Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı başlayıb.

RealMedia.az xəbər verir ki, bu gün açılış mərasimi keçirilib. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış nitqi ilə çıxış etdikdən sonra ölkəmizin himni səsləndirilib və bununla da yarış açıq elan edilib.

Turnirdə otuz ölkədən 200-dən artıq atlet iştirak edəcək. Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Builki yarışa marağın səbəbi isə kubokun Tokio Olimpiadasına təsnifat xarakterli olmasıdır.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışlarda bu gün təsnifat, sabah isə final mərhələləri keçiriləcək.

Qeyd edək ki, 2019-cu və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli səkkiz Dünya Kuboku yarışları keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin