Bağlanan banklardakı əmanətlərin taleyi – ekspert “batmayacaq” deyir…

0
731

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-i tarixli qərarına əsasən müvəqqəti inzibatçı təyin olunmuş 4 bankdan ikisinin – “AtaBank” ASC-nin və “AmrahBank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib. Mərkəzi Bankdan verilən məlumatda qeyd edilir ki, bu bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb, xüsusən “AtaBank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. 

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olub ki, onlar ciddi maliyyə itkilərinə yol verib, öz kapitallarını tam itiriblər və müflis vəziyyətə düşüblər. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılıblar və bankları əlavə kapitallaşdırmaq təklif olunub, lakin onlar bu imkandan istifadə etməyiblər.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ölkənin bank sisteminin bütövlükdə dayanıqlı olduğunu bəyan edib, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirib. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir. Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank – “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Onu da xatırladaq ki, 1 oktyabr 2019-cu ilə olan son məlumata görə, “AtaBank”da 286,3 milyon manat, 1 yanvar 2020-ci ilə olan məlumata görə isə “AmrahBank”da 175,2 milyon manat əmanət var.

Bu iki bankda əmanəti olan vətəndaşlar isə narahatdırlar. Onların əmanətlərinin batıb-batmayacağı ehtimalı iqtisadçıları da düşündürür.

Pərviz Heydərov: Müxtəlif dövlət strukturlarının cəlb etdiyi ...

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, heç bir bankda sığortalanmış əmanətlər bata bilməz: “Azərbaycan şəraitində batan əmanətlər yalnız sığortalanmayan əmanətlərdir. Dövlət tərəfindən sığortalanan əmanətlərin batması üzrə məndə elə bir fakt yoxdur. Digər tərəfdən, dövlət həm də bankdakı sığortalanmayan əmanətlərə cavabdehlik daşımadığını bildirir. Bu, artıq vətəndaşın işidir ki, o banka olan  inamına, o bankın kiminsə himayəsində olması ilə bağlı informasiyaya görə aparıb dövlətin təminat vermədiyi əmanət yerləşdirir. Həmin bank çökəndə isə dövlətdən narazılıq etməyə başlayır ki, əmanətim batdı. “Texnika Bank”da və “Bank Standart”da da sığortalanmayan əmanətlər batdı. Onların geri qayıtması çətin və uzunmüddətli prosesdir. O bank nə zaman əmlakını satacaq, tam təhvil-təslim məsələsi olacaq və nə zaman qaytaracaq. Sahibkarların bu banklarda olan hesablarındakı vəsaitlər də hesab edirəm ki, batmayacaq. Çünki onlar öncədən bankın vəziyyətinin pis olduğunu bilirdilər və vəsaitlərini çəkiblər. “AtaBank” birdən-birə bu vəziyyətə düşməyib, bankın vəziyyəti çoxdan pis idi. Uzun müddət idi ki, əmanətləri verə bilmirdi”.

Əmanətlərin Sığortalanması Fondunda vəsaitin olub-olmamasına gəlincə, P.Heydərov vurğuladı ki, bu fonda üzv olan banklar oraya üzvlük haqqı keçirirlər: “Əmanətlərin Sığortalanması Fondunun əlində həm də dövlət tərəfindən verilən ilkin vəsait var. Bundan başqa, fond həmin pulu nağd şəkildə saxlamır, qiymətli kağızlar formasında dövriyyəyə buraxmaqla gəlir əldə edir. Əmanətlərin Sığortalanması Fondunda pul tapmayanda, birdən-birə 5-6 bankda problem yarananda, fonda Mərkəzi Bankdan kredit verilir, dövlətdən pul ayrılır. Yəni borc vəsaitlər götürür. Azərbaycanda bank sektorunda demək olar ki, əksər banklar Əmanətlərin Sığortalanması Fonduna üzvdür. Sığortalanmayan əmanətlərin geri alınması ilə bağlı kimisə tənqid etməyə ehtiyac yoxdur”.

İqtisadçı indiki məqamda bank sektorunda bu cür  psixoloji basqı yaratmağın doğru olmadığını etiraf etdi: “30 bankdan 2-nin lisenziyası alındı. Anlamadığım bir məqam da o oldu ki, bir gün öncə 4 banka inzibatçı təyin etdilər, bir gün sonra isə onların ikisini bağladılar. Bir günün içində onlar nə araşdırıb tapdılar, onu anlamadım. Əgər bağlanmalı idisə, inzibatçını niyə təyin edirdilər. İndiki şəraitdə iqtisadiyyat tam çökmüş vəziyyətdədir, dövlət vətəndaşlara, iqtisadi subyektlərə maliyyə dəstəyi göstərir. Belə bir şərait necə ola bilər ki, Mərkəzi Bank qılıncını sıyırıb ortaya düşə bilər? Bank sektorunu sağlamlaşdırmağın yolu bankların lisenziyasını əlindən almaq, onları sıradan çıxartmaq deyil. Banklara real dəstək lazımdır, dövlət tərəfindən. Mərkəzi Bank tərəfindən dəstək olmalıdır. Düzdür, keçən il cənab Prezident müdaxilə etdi, problemli kreditləri həll etdi və bu da bankları bir növ süni nəfəs aparatından ayırdı. Bəs Mərkəzi Bank niyə bu sektora dəstək göstərmir? Bu iqtisadi aktivliyin sıfır dərəcədə olduğu belə bir vaxtda, Mərkəzi Bank sektorda islahatlara başlayıb. Bu da qəribə bir haldır. Digər tərəfdən, 30 bankdan ikisinin lisenziyası alındı, ikisinin vəziyyəti qeyri-müəyyəndir. Açıq danışaq ki, qalan banklar arasında da 3-4 bankı çıxmaq şərtilə qalanlarının vəziyyəti oxşardır, yəni elə də yaxşı deyil. O zaman qılıncı əlimizə alıb hamısını edam etsək, sektor vəziyyətdən çıxacaqmı?”

Mərkəzi Bankdan da bildirilib ki, “AtaBank” ASC və “AmrahBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən fond tərəfindən tam ödəniləcək. Fondun vəsaiti çatmasa mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaqdır. Bu kredit fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil ediləcək.

Onu da xatırladaq ki, bağlanan banklardan “AtaBank”ın sabiq vergilər naziri Fazil Məmmədova bağlı olduğu deyilir. “AmrahBank”ın isə Xətai rayonunun prokuroru Yunis İldırımzadəyə məxsus olduğu haqda söyləntilər var. O cümlədən  bu bankların başqa kiçik səhmdarları da var.

Nərgiz LİFTİYEVA,
Musavat.com 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin