2018-ci ilin prezident seçkilərinə namizəd kimi qatılmaq istəyini bəyan etmiş tanınmış bəstəkar, sabiq deputat Hüseyn Abdullayev bu istiqamətdə daha bir addım atıb.
Hazırda Almaniyada yaşayan və aktiv sosial şəbəkə istifadəçisi olan, öz fikirlərini də daha çox buradan tərəfdarlarına çatdıran Hüseyn Abdullayevin yeni saytı fəaliyyətə başlayıb.
www.huseynabdullayev.de adıyla fəaliyyət göstərən saytda Hüseyn Abdullayevin özü haqda ətraflı məlumat, bəstələdiyi musiqilər, müxtəlif vaxtlarda yazdığı yazılar, etdiyi çıxışlar və fotoları yer alıb.
Xatırladaq ki, Hüseyn Abdullayev 1967-ci il may ayının 25-də Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində ziyalı ailəsində doğulub. İbtidai və orta təhsilini 38 saylı Culfa Şəhər Dəmir Yolu məktəbində alıb. Eyni zamanda Culfa şəhər Musiqi Məktəbində təhsil alıb və hərbi xidmətindən sonra həmin məktəbdə musiqi müəllimi və konsertmeystr vəzifəsində çalışıb.
1987-ci ildən daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və xarici ölkələrlə geniş iqtisadi əlaqələri quraraq, bir çox uğurlu lahiyələrə imza atıb. Onun “Tural” kooperativinin nəzdində yaratdığı şirkətlər qrupu ölkə daxilində bir çoxları üçün nümunə olub. Hüseyn Abdullayev özü isə müstəqil Azərbaycan Respublikasının ilk azad sahibkarlarından biri kimi tanınıb.
1988-1991-ci illərdə ağır blokada şəraitində yaşayan Naxçıvan MR-ə kömək məqsədiylə yaradılmış “Naxçıvan MR-in İnkişaf və Müdafə Fondu” xətti ilə həyata keçirilən bütün tədbirlərin əsas sponsorlarından biri məhz Hüseyn Abdullayev olub.
1990-cı ildən etibarən biznes əhatə dairəsini daha da böyütmək məqsədi ilə Hüseyn Abdullayev Bakıya köçüb.
2000-ci ildənsə aktiv siyasətlə məşğul olmağa başlayıb. Onun rəhbərliyi altında fəaliyyət göstərən “Oğuz Eli Cəmiyyəti” imkansız tələbələrə, ziyalılara, şair və yazıçılara, eləcə də alimlərə təqaüdlərin verilməsini, milli kimliyimizlə bağlı elmi əsərlərin nəşr edilməsini, bir çox mədəni-kütləvi tədbirlərin və konfransların həyata keçirilməsini təmin edib.
İxtisasca hüquqşünas olan və heç bir siyasi partiyanı təmsil etməyən Hüseyn Abdullayev 2005-ci ilin parlament seçkilərində namizədliyini irəli sürüb və paytaxt Bakının ən böyük rayonlarından biri olan Nizami rayonu 25 saylı seçki dairəsindən deputat seçilib.
2007-ci ilin mart ayında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı, onun hökumət qarşısında qaldırdığı sorğuların və toxunduğu problemlərin nədən həll edilmədiyinə etiraz əlaməti olaraq, baş nazirin və bütünlükdə Nazirlər Kabinetinin hesabatını tənqid edərək, hesabata qarşı çıxıb. Parlamentdə düşən dava-dalaş zamanı, toxunulmazlıq statusu daşımasına baxmayaraq, həbs edilib, həbsindən sonra isə Milli Məclisin fövqəladə iclası çağırılaraq, deputat mandatı ləğv edilib.
Avropa Şurası Parlament Assambleyasının təzyiqi ilə Hüseyn Abdullayev həbsdən azad olunub. Həbsdən çıxdıqdan bir müddət sonra isə Azərbaycanı tərk edərək, siyasi mühacirətə gedib. İnterpol vasitəsi ilə axtarışa verilsə də, barəsindəki dəlil-sübut yetərli olmadığından, axtarışa xitam verilib.
Hal-hazırda Hüseyn Abdullayev Almaniya Federativ Respublikasında siyasi mühacir statusu ilə yaşayır.