Azərbaycanda siqaret qadağası, nəhayət, tətbiq olunacaqmı?

0
783

Fazil Mustafa: “Qanun layihəsi müzakirəyə çıxarılırsa, qəbul olunma ehtimalı böyükdür”
Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunması məsələsi yenidən gündəmə gəlib. Belə ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin son variantı qəbul olunarsa, Bakıda bir çox yerlərdə siqaret çəkilməsi mümkün olmayacaq.
Layihənin 10-cu (“Tütün çəkilməsinə icazə verilməyən yerlər”) maddəsinə görə, təhsil və tərbiyə müəssisələri, onların əraziləri, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla); mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla); idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar; restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) ticarət, məişət obyektlərində siqaret çəkmək mümkün olmayacaq. Bütün bunlardan başqa siqaretin qadağan olunduğu yerlərə sosial xidmət müəssisələri, yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir); teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri, yerüstü qapalı və yeraltı piyada keçidləri də daxildir. Eyni zamanda bir sıra bu kimi yerlərdə də siqaretin çəkilməsi qadağan olunacaq.
Maddədə o da göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “Tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir. Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir.
Layihə uzun müddət müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq. Onu da qeyd edək ki, bir sıra xarici ölkələrdə də siqareti harda gəldi çəkmək mümkün deyil. Elə qardaş Türkiyədə siqaretlə bağlı sərt qadağalar mövcuddur. Belə ki, Türkiyədə uşaqların istifadə etdiyi bütün açıq sahələr, piyada yolları, idman sahələrində siqaret çəkilməsinə icazə verilmir. Eyni zamanda aeroportlar, avtobus terminalı, qatar vağzalı, alış-veriş mərkəzi, kinozal, teatr, tibb mərkəzləri və digər ictimai yerlərin giriş qapısına beş metrə qədər siqaret çəkilməyinə yasaq qoyulub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkədə siqaret çəkilməsinə qarşı sərt mübarizə aparır. Bununla bağlı bir neçə maraqlı faktlar da var. Misal üçün, Ərdoğan bu ilin fevral ayında 13-cü İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak etmək üçün Pakistanın paytaxtı İslamabada gedərkən onu çoxlu sayda mətbuat mənsubu təqib edib. Ərdoğanın təyyarəsində yer alan jurnalistlər arasında Star Tv “Ana Xəbər” proqramının aparıcısı Nazlı Çelik də olub. Nazlı Çeliyin üzərində siqaret paketi olduğunu görən Ərdoğan ilk öncə ondan paketi özünə verməsini xahiş edib. Prezident daha sonra aparıcıdan siqareti tərgitməsini istəyib. Nazlı Çelik yazılı formada siqaretini tərk etdiyinə dair Ərdoğana söz verib.
Azərbaycanda necə, Milli Məclis siqaretlə bağlı qadağanı özündə əks etdirən qanunu qəbul edəcəkmi? Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, qanun layihəsi müzakirəyə çıxarılırsa, qəbul olunma ehtimalı da böyükdür: “Sadəcə olaraq, bu qanuna əməl etmək lazımdır. Azərbaycan cəmiyyətində o qədər üzgörəlik var ki, insanlar bəzən öz faydalarına olan məsələdə belə doğru qərar verməkdə çətinlik çəkirlər. Nəticədə isə müəyyən dərəcədə ümumi işin faydasına olan məsələləri diqqətdən kənarda saxlayırlar. Əsas problemli məsələ budur. Qanun layihəsi birbaşa insan orqanizmini zəhərləyən, pis vərdişlə bağlıdır. Ən azı insanlar özlərini zəhərləsələr də başqalarına zərər yetirməsinlər deyə, belə bir qanun layihəsi qəbul olunur. Ümid edirəm ki, insanlar bunu anlayışla qarşılayıb, qanunun müddəalarına əməl olunmasına çalışacaqlar”.
Qanun mexanizminin işləməsi üçün hansı tədbirlərin görülməli olduğu barədə deputat aşağıdakıları bildirdi: “İşləmə mexanizmi belədir ki, buna nəzarət edən orqanlar cəriməni olduğu kimi tətbiq etsələr, problem olmayacaq. Məcburuq ki, hər protokol tərtib edənə 25 faiz məsələsini nəzərdə tutaq. Yəni protokol tərtib edən şəxsə də cərimənin 25 faizi çatsın. Belə olarsa, yəqin ki, bu işdə çox böyük aktivlik olacaq. Bu qanunun qəbul olunması heç də insanların hüquqlarının pozulması demək deyil. Çünki burada başqa vətəndaşların səhhətinin qorunması, ictimai tələblə bağlı məsələ var. Ona görə də bu addım atılmalıdır. Özün siqaret, qəlyan çəkirsənsə, bu sənin öz işindir. Ancaq bununla başqasına zərər vurursansa, bu artıq sənin işin deyil. Bu, cəmiyyətin, ictimaiyyətin maraqlandığı məsələdir və onun mənafeyinə vurulan zərbədir. Belə halın qarşısını almaq üçün də ictimaiyyət ümumiləşdirilmiş qanun qəbul edir”.
Əli RAİS

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin