Azərbaycanda da Qazaxıstan hadisələri TƏKRARLANA BİLƏRMİ? – “30 ildir eyni çağırışları eşidirik”

0
318

Qazaxıstanda əhali bahalaşmaya etiraz olaraq küçələrə çıxıb. İki günlük etirazların nəticəsində Nazirlər Kabineti və ardınca da parlament tam tərkibdə istefa verib. Maraqlı məqam ondan ibarətdir ki, sosial tələblərlə başlayan aksiya nümayişçilərin tələbləri yerinə yetirildiyi halda iğtişaşlara keçid alıb, siyasi mahiyyət daşımağa başlayıb. Ekspertlər hesab edir ki, bu, yalnızca sosial aksiya deyil, planlaşdırılmış ssenaridir…

Bahalaşma Azərbaycanda da gedir və unun qiymətinin artması fonunda bəzi müxalif dairələr Qazaxıstan nümunəsini sosial şəbəkələrdə müzakirə edir, Azərbaycanla paralellər aparılır. Sosial şəbəkələrdə ictimai rəyin testi aparılır, ölkədə qarışıqlıq yaratmaq, xalqı hakimiyyətin üstünə qaldırmağın məşqləri gedir. Müxalifətin Əli Kərimli qanadı isə Almatı etirazlarını həvəslə sosial şəbəkələrdə paylaşıb, çağırışlar edir.

Bəs hökumət Qazaxıstan nümunəsindən ehtiyat edirmi? Bizdə də bu cür etirazlar gözlənilirmi? Hökumət fors-major vəziyyətə hazırdırmı? müxalifət bu haqda nə düşünür, xalqın indiki anda küçələrə çıxmasını istəyirmi?

RealMedia.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, dünyada ərzağın qiymətlərində artım prosesi gedir: “Taxıl, un ixracatçısı olan ölkələr qiymətləri artırıblar. Yəni qlobal bir proses müşahidə olunur. Ona görə də qiymətlərdə dəyişikliklər demək olar bütün dünyada müşahidə edilir. Azərbaycanda hökumət süni qiymət artımının qarşısının alınması üçün addımlar atır, nəzarət tədbirlərinin gücləndirildiyi barədə artıq rəsmi məlumat yayılıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanvarın 5-də bəyan edib ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar xidmət nəzarət tədbirlərini daha da gücləndirib. Bu istiqamətdə Dövlət Xidməti tərəfindən preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edildiyi bildirilir. Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti artıq bəyan edib ki, monitorinqlər zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək”.

A.Hüseynov qeyd etdi ki, Azərbaycanda küçə etirazları üçün zəmin yoxdur. Xalqı etiraza səsləyən kiçik radikal qrupların hərəkəti isə əvvəla qanun pozuntusudur, ikincisi isə onların sabitlikdə dünyaya örnək olan Azərbaycanda sabitliyi pozmaq niyyətinin təzahürüdür: “Belə antimilli qruplar on illərdir ölkə və xalq üçün zərərli vərdişlərindən əl çəkmirlər. Pusquda dayanıb hansısa ölkədə mitinqlərin, inqilabların olmasını gözləyirlər. Elə ki, hansısa ölkədə belə hadisələr baş verdi, Azərbaycandakı həmin qruplar da həvəslənib havaya girirlər, ağıllarına gələn ən absurd fikirləri, çağırışları səsləndirməkdən çəkinmirlər. Azərbaycan xalqı heç zaman onları ciddiyə almayıb və çağırışlarına məhəl qoymayıb. Bundan sonra da belə olacaq”.

Real Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, Qazaxıstandakı hadisələr yalnız qiymət artımı ilə bağlı deyil: “Bu hadisələrin arxasında alt qatlarda gedən ciddi proseslər də var. Dünəndən bəri heç birimizin tanımadığı hansısa müxalifət liderləri Rusiya telekanallarında peyda olmağa başladılar və Nazarbayevlə Prezident Tokayevə qarşı kəskin danışdılar. Bunun özü çox şeydən xəbər verir. İlk dəfə idi ki, Rusiya kanalında Nazarbayevlə Tokayevi hədəf alan çıxışların şahidi olduq. Yəni bu fakt onu göstərir ki, hadisələrdə başqa amillər də rol oynayır. Əhalisinin 40 faizi rus və rus dilli əhali olan Qazaxıstanda çox ciddi qarşıdurmalar, hadisələr baş versə, Rusiya orada bir neçə ”Donbas” yarada bilər. Qazaxıstanda dövlət tərəfindən tənzimlənən qiymətlərin qaldırılmasına etirazların şahidi olduq. Azərbaycanda isə ərzaq qiymətləri dövlət tərəfindən tənzimlənmir. Bizim hökumətin səhvi ondan ibarətdir ki, qiymət artımına qarşı əlində olan çox effektiv iqtisadi alətlərdən istifadə etmək istəmir. Ən azından Qazaxıstanda baş verən hadisələrdən nəticə çıxarmaları yaxşı olar. Azərbaycanda da bu cür hadisələrin, qarışıqlıqların olmasında maraqlı xarici və daxili qüvvələrin olduğu şübhəsizdir. Hökumət bu amili də nəzərə alıb çox ciddi iqtisadi tədbirlər görməlidir. Azərbaycanda ərzaq məhsullarının artmasına hökumət birbaşa müdaxilə edə bilməz, amma bir sıra iqtisadi addımların atılması, inhisarçılığın aradan qaldırılması, vergi güzəştlərinin tətbiqi yolu ilə qiymətlərin tənzimlənməsi, artımının qarşısının alınması mümkündür.

O ki qaldı Azərbaycanda bəzi müxalifət qruplarının xalqı qiymət artımına qarşı etiraza qalxmağa çağırışlar etməsinə, Azərbaycanda 30 ildir eyni çağırışları eşidirik, lakin heç bir ciddi nəticələrin olmadığını görürük. Çox təəssüf ki, Azərbaycanda bir qisim adam var, dünyanın harasında olur-olsun 50-60 nəfər bir yerə yığışıb mitinq eləyəndə bunu böyük bir azadlıq mücadiləsi kimi qəbul eləyərək çağırışlar edirlər. Həmin qruplar o ölkələrdə baş verənlərin alt qatında əslində nələrin dayandığını analiz edə bilmirlər. Azərbaycanda əhali qiymətlərdən narazıdır. Qiymət artımı isə davam edir. İnsanlar öz aralarında, evlərində, qohum-dostlar arasında buna ciddi narazılıqları ifadə edilir. Bundan hökumətin də xəbəri var və yaxşı olar ki, fürsətcil qrupların əlinə fürsət düşməməsi üçün çox ciddi iqtisadi addımlar atsın. Biz illərdir deyirik ki, Azərbaycanda hökumət parlamentdən çıxmalıdır. Parlamentdən çıxan hökumət Milli Məclis və Prezident qarşısında real hesabatlı olmalıdır. Azərbaycanda çox ciddi iqtisadi, konstitusion islahatlara ehtiyac var. Bunlar edilməlidir ki, Azərbaycanda küçə etirazları riskləri aradan qalxsın”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin